Türkiyənin ən gözəl çimərlikləri
Dincəlmək üçün gözəl məkanlardan olan Türk Riverası, Bodrum, İzmir, Çanaqqalada olan çimərliklər xüsusi diqqət cəlb edir və digərilərindən fərqlənir
Egey dənizi, Qara dəniz və Aralıq dənizi ilə əhatə olunan qardaş Türkiyə dünyanın ən gözəl çimərliklərinə sahibdir.
Dincəlmək üçün gözəl məkanlardan olan Türk Riverası, Bodrum, İzmir, Çanaqqalada olan çimərliklər xüsusi diqqət cəlb edir və digərilərindən fərqlənir.
Türk Rivierasının mərkəzində yerləşən Antalyada Aspendosdan Myraya, Sidedən Pergeyə qədər çoxlu sayda tarixi məkanlar var. Türk Riverası uzun sahil xətti, firuzəyi suları və sakit körfəzlərə malikdir. Burada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb.
Antalyadakı Kaputaş çimərliyi öz sehri ilə dünyanın ən gözəl 50 çimərliyindən biri kimi tanınır. Füsunkar çimərliklərindən biri olan Andrea Doria Körfəzi qayalar, makilər və yabanı zeytunlarla əhatə olunub.
Türkiyənin ikinci ən uzun çimərliyi olan Patara çimərliyi də Antalyada yerləşir. Onun uzunluğu 14 kilometrdir. Ziyarətçilər hər il mayın 15-dən sentyabrın 15-dək Patara çimərliyindən növbə ilə istifadə edirlər.
Türkiyənin xoşbəxtlik sahili olan Bodrum Türkiyənin ən məşhur tətil yerlərindəndir. Təmiz dənizi, qızılı qumsalı və heyrətamiz sahil xətti ilə bölgə günəş və dəniz həvəskarları üçün mükəmməl istirahət məkanıdır. Bodrumun mərkəzinə ən yaxın çimərliklərdən biri Gümbet Beach-dir. Bitez və Göltürkbükü çimərlikləri hər zaman insanla dolu olur. Bu çimərliklərdə su idman növləri ilə məşğul olmaq mümkündür.
İzmir dedikdə ağıla ilk gələn şəhərin ən məşhur turizm məkanı Çeşmədir. İlıca və Alaçatı çimərlikləri gözəl dənizi və qızılı qumsalı ilə Çeşmənin ulduzlarıdır. Sakit və səssiz suyu ilə məşhur olan Alaçatı çimərliyi Çeşmənin mərkəzindən təxminən 13 kilometr məsafədə yerləşir. Çeşmənin ən təmiz çimərliklərindən biri olan Alaçatı çimərliyində Egey günəşi altında günəş vannası qəbul etmək mümkündür.
Dənizləri bir qədər sakit olan, lakin yaşıl örtüyü ilə valeh edən Çanaqqalanın Assos sahilləri bölgənin məşhur məkanlarındandır. Assos Sokakağzı çimərliyi və hər iki tərəfdən zeytun ağacları ilə əhatə olunmuş Kadırga Körfəzi gözəl istirahət məkanlarındaır. Ancaq Çanaqqaladan söhbət düşəndə Bozcaada və Gökçeadadan danışmamaq mümkün deyil. Adalardakı Ayazma və Aydıncık çimərliyi gözəl qumu ilə ziyarətçilərin diqqətini cəlb edir.