MÜSAHİBƏ

İşğaldan azad edilən ərazilər nə vaxt qazlaşdırılacaq?

“Azəriqaz” İstehsalat Birliyinin ANS Press-ə EKSKLÜZİV açıqlaması

İşğaldan azad edilən ərazilər nə vaxt qazlaşdırılacaq?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyevin ANS Press-ə müsahibəsi

    - İşğaldan azad edilən ərazilərin qazlaşdırma prosesi nə vəziyyətdədir?

    - Bir neçə aydır İşğaldan azad edilmiş ərazilərin qazlaşdırma prosesi konkret istiqamətdə inkişaf edir. Hələlik ilkin olaraq Qaz İxrac İdarəsi əsas daşıyıcı boru xətlərinin, yəni yüksək təzyiqli magistral xətlərin çəkilişi ilə məşğuldur. Bu magistral xətlər rayonların, şəhərlərin baş planına uyğun olaraq çəkilir. Bu proses bitdikdən sonra həmin o magistral xətlərdən orta təzyiqli stansiyalar qurulacaq. Bu stansiyalar vasitəsilə şəhərlər, kəndlərin qazlaşdırılması prosesini, daşıyıcı küçə xətlərinin çəkilməsi prosesini həyata keçirəcəyik. Üçüncü mərhələdə artıq binalar, evlər qazlaşdırılacaq. Hələlik Tərtər rayonunun Talış kəndi tam qazlaşdırılıb. O cümlədən, Laçın rayonuna da qaz verilib. Hələlik 150 abonentimiz var. Gələn il bu rəqəm üç-dörd dəfə artacaq. 

    - Öz yurdlarına qayıtmış şəxslər kommunal xərcləri ödəyirlər?

    - Məşğulluğun hələ istənilən səviyyədə olmaması, buna görə gəlirin olmaması səbəbindən "Azəriqaz" konkret olaraq qərar verməyib. Qərar vermək səlahiyyəti bizdə deyil, bizim işimiz qaydalar əsasında qurulur. Hansı qaydalar, tapşırqlar veriləcəksə, o qaydalar əsasında da işləyəcəyik. Hələlik ödəniş məsələsi açıq qalıb.

    - İndi əsas istiqamətlər kimi hara götürülür? Çünki yaxın vaxtlarda artıq Şuşaya qayıdış başlamalıdır.

    - Əsas istiqamət kimi Ağdam-Füzuli götürülür. Qaz İxrac İdarəsi yüksək səviyyədə magistral xətlər çəkir. Şuşa da gündəmdədir. Ancaq şəhər, qəsəbə, ya kəndin baş planı təsdiqlənməlidir ki, qaz xətlərinin heç nəyə mane olmadığı bilinsin. 

    Bütün dünyanın diqqət mərkəzində olan Şuşada daxili küçə xətləri hələ çəkilməyib. Bu proses artıq layihələndirilir. Çox qısa vaxt ərzində daxili xətlərin çəkilməsi reallaşdırılacaq. Amma ümumilikdə Şuşanın qazlaşdırılmasından hələ ki, söhbət getmir. Ağdam istiqamətində magistral xətt var, lakin Şuşada hələlik qaz yoxdur. Laçının qazlaşdırılması isə Horadiz-Laçın kəmərinin üzərindəndir. 

    - Kəlbəcər və Suqovuşan istiqamətində vəziyyət nə yerdədir?

    - Kəlbəcərə magistral və daşıyıcı qaz kəmərlərinin çəkilişi 2024-cü ilə planlaşdırılıb. İlk növbədə Kəlbəcər rayonuna magistral qaz kəməri çəkilməldir. Paralel olaraq, "Azəriqaz" daşıyıcı qaz xətlərinin çəkilişini təmin edəcək. 

    Suqovuşanda isə daşıyıcı qaz kəmərinin tikintisi başa çatıb. Suqovuşanın daxilində Qarabağ tikinti, bərpa və idarəetmə xidməti tərəfindən paylayıcı şəbəkə çəkilir. Hələ ki, yekunlaşdırmayıblar. Yekunlaşdıran kimi, çəkdikləri xətləri "Azəriqaz"ın magistral qaz kəməri ilə birləşdirdikdən sonra əraziyə təbii qazın verilməsi təmin olunacaq. Biz hər an hazırıq! Bizim öhdəliyimiz yaşayış olan ərazilərin girişinə qədər  xətlərin çatdırılmasından ibarətdir.