BLOQ

İspan olsun, ərəb olsun - Türk olmasın!

İranlı üslubunda bir müşahidə və azərbaycanlı ruhunda bir etiraz...

İspan olsun, ərəb olsun - Türk olmasın!
  • Oxuma müddəti:

    6 dəqiqə

  • İran tarixinin yeni səhifəsini yazdı, yenə bir güllə ilə iki hədəfi vurdu — bu dəfə nişangahda pul nişanları idi. Belə ki, Ağayi Parlament səhər yuxudan oyanıb pullarını sayanda gördü ki, dörd sıfır artıq çoxdur. Və qərara gəldi ki, onları silsin. Həm də çox sadəcə, məktəb uşaqları kimi — bir pozanla.

    Deyirlər, bu qərarla “Tümən” adlı qədim və milli kimliyə malik pul vahidi tarixə qovuşur, yerini “Rial” adlı daha “dövlətcənab” qonşusuna verir. Amma məsələ burada bitmir: çünki İran xalqı hələ də bazarda, taksidə, toyda, yasda, bankda – hər yerdə pul vahidini "tümən" deyə səsləyir. Hətta əgər pul kisəsində rial varsa belə, dodağında tümən yaşayır.

    Ola bilsin ki, İran Parlamenti qarşısında ağıllı olmaq asandır, amma adətlərin qarşısında bunu etmək mümkünsüzdür. Deyəsən, elə bu tarixi qərarları ilə də İranın hökuməti bu mümkünsüzlüyü sınamaq istəyir.

    Təsəvvür edin: bir xalq əsrlərlə bir adla yaşayır, həyat planlarını onunla yazır, onunla çörək alır, amma sabahdan o ad “qanunla qadağan” edilir. Əgər İranda pulun belə taleyi varsa, gör indi o pulla alına biləcəklərin aqibəti necə olacaq?..
    Bu ikiliyin – “Rial-Tümən duet"inin – kökü sadəcə iqtisadiyyatda deyil, milli yaddaşın dərin qatlarındadır. Hər şey ikiləşib: küçələrin qoşa adları, millətin ikili kimliyi, hətta uşaqlara verilən adların iki dildə tələffüzü. Hər şey sanki bir səssiz mübarizənin izlərini daşıyır: bir tərəfdə Azərbaycan, türk kökləri, soy və yaddaş, o biri tərəfdə total farslaşma siyasəti.

    Ərdəbil vilayətinin “Şərqi Azərbaycan” adı ilə “vidalaşması” da eyni siyasətin nəticəsidir. Dünənə qədər azəri vilayətinin adı xəritədə Azərbaycanla qoşa çəkilirdisə, artıq o xəritədə yuxarıda adı çəkilən parlamentin iti qələminin küt hərəkəti ilə “iranlaşdırılıb” və Ərdəbil vilayəti adlandırılıb. Əgər bir gün “Təbriz” adını da “Mehrşəhr” kimi bir şeylə əvəz etsələr, təəccüblənməyin — çünki burada hər dəyişiklik “millətin adından”, yəni parlament qərarı ilə edilir. 

    Bunu oxuyanlar deyə bilər: “Axı, bu, sadəcə pul islahatıdır!”.

    Bəli, amma tarix dəfələrlə sübut edib ki, puldan başlayan islahatlar xalqlara xeyir gətirməyib. Roma sikkələri əridiləndə imperiya da əridi. Osmanlının qızıl lirəsi dəyərdən düşəndə "altın" orada da yıxıldı. İndi də tümənin başına gələnlər rialın başağrısına çevrilərək millətin cibində azadlıq dəyərinə çevriləcək.

    Bu hələ harasıdır, həmin parlament iclasında bəzi deputatlar Dubaydakı bizneslərini asanlaşdırmaq üçün daha da irəli gedərək İran pulunun adını hətta “fars dirhəmı” olmasını təklif ediblər. Amma yenə də iqtisadiyyat siyasətə uduzdu və məclisə xələt verən rial oldu. Amma bu da yeni suallar doğurdu - tümən Azərbaycan hökmdarlarının dövriyyəyə saldığı puldur, rial ispanların, dirhəm isə ərəblərin… Bəs farsların pul vahidi tarixən olmayıb?

    Qərarı qəbul edənlər də çox gözəl bilirlər ki, sıfırların aradan qaldırılması və tümənin ləğv edilməsi birbaşa inflyasiyanı azaltmayacaq və ya İranın əsas iqtisadi problemlərini həll etməyəcək. Parlamentin bu qərarı 2018-ci ildə ABŞ sanksiyalarının bərpasından sonra rialın dəyərinin 90%-dən çox azalması, habelə geniş yayılmış iqtisadi çətinliklər, o cümlədən fiskal balanssızlıqlar, monetar qeyri-sabitlik və mərkəzi bankın məhdud müstəqilliyi ilə 40%-ə yaxın inflyasiya fonunda həyata keçirilir. Bu qərar, sadəcə, bir iqtisadi marafetdir, daha çox bu siyasi antitürk qərarıdır. Hamı çox gözəl bilir ki, artan likvidlikdən tutmuş sistem səmərəsizliyinə qədər inflyasiyanın əsas səbəblərini həll etmədən sıfırların aradan qaldırılması rialın dəyərini bərpa etməyəcək.

    Əslində, bu “pul çevrilməsi” adlı hadisə çoxdan başlayan bir prosesin rəsmi möhürüdür. Əsrlərlə bu torpaqları idarə edən, dövlət quran, elm və mədəniyyətin sütunlarını qaldıran azərbaycanlı hökmdarların adı bir-bir silinir. Onların yerinə tarixsizlikdən gələn sözlər yazılır.

    Pəhləvilər bu işi “modernləşmə” adlandırdılar, halbuki bu, sadəcə, “kimliyə qəsd” idi. Onlar türkün sarayını farslaşdırdılar, indi də türk tümənini ispan rialına çevrilməklə milli yaddaşın üstündən xətt çəkirlər kağızda... Xalqın dilində isə xətt çəkmək üçün üsul, şükür Allaha ki, yoxdur.

    Əgər tarixdə azərbaycanlı hökmdarlar – Səfəvilər və Qacarlar– dövlət qurmaqla, mədəniyyət yaratmaqla, hələ 1825-ci ildə şahənşah Fəth Əli Şah tərəfindən pul vahidi olaraq "Tümən" yaradaraq dövriyyəyə buraxmaqla yadda qalıblarsa, bugünkülər sadəcə “ad dəyişməklə” tarixdə qalmalı olacaqlar. Çünki hər tümən əskinasında, hər Ərdəbil daşında, hər Təbriz küçəsində bir azərbaycanlının var-dövləti var!