XƏBƏRLƏR / Diplomatiya

İsrail səfiri mətbuat konfansı keçirib

Corc Dikin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır

İsrail səfiri mətbuat konfansı keçirib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan tolerantlıq və multikulturalizm modeli ilə haqlı olaraq qürur duyur. 2019-cu ildə Prezident İlham Əliyevin məni ilk dəfə qəbul etdiyi zaman bir yəhudinin Bakının küçələrində Parisdən daha təhlükəsiz şəkildə gəzə biləcəyini dedi. Prezident o zaman da haqlı idi, bu gün isə daha da haqlıdır.

    Bu sözləri İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında söyləyib.

    O qeyd edib ki, Azərbaycanda sovet dövründən qalmış antisemitizm qalıqlarını aradan qaldırıb. Nüfuzlu beynəlxalq təşkilat olan “Impact-se” Azərbaycanın bu sahədə nümunə olduğunu qeyd edib.

    “Azərbaycan Holokost qurbanlarının beynəlxalq anım gününü dövlət və dini qurumların nümayəndələrinin iştirakı ilə yad edir. Eyni zamanda, Azərbaycan öz tələbələrini İsraildə təhsil almağa təşviq edir. Bütün bunlar iki ölkənin dostluq əlaqələrinin nümunəsidir”.

    ***
    2023-cü ildə Azərbaycanın Tel-Əvivdə səfirlik açması 30 illik dostluq və münasibətlərdən sonra mühüm bir dönüş nöqtəsi, çox böyük uğur oldu. Bu addım ölkələrimiz arasında dostluğun daha geniş perspektivlərini açdı - suvarma, kənd təsərrüfatı, kibertəhlükəsizlik və texnologiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bunlar əsas sahələrdir.

    "Həmçinin təhsil, tibb və digər sahələrdə də əməkdaşlığımız genişlənir. Bu sahələrdə İsrailin unikal təcrübəsi var. Sorğular göstərir ki, İsrail Azərbaycanda ən çox qəbul edilən, sevilən və müsbət qarşılanan ölkələrdən biridir. Son altı ildə apardığımız bütün sorğular eyni nəticəni göstərib", - deyə səfir vurğulayıb.

    ***

    Son altı il ərzində Azərbaycanla İsrail arasında mühüm və tarixi hadisələr baş verib. İki xalq arasında münasibətlər daha da dərinləşib və yeni mərhələyə qədəm qoyub.

    “Şuşanı ziyarət edən ilk israilli səfir olmaq mənim üçün xüsusi fəxrdir. İsrail daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Çünki biz dostluğun yalnız asan günlərdə deyil, çətin zamanlarda da sınandığına inanırıq. Azərbaycan xalqının göstərdiyi bu humanist münasibəti heç vaxt unutmayacağam”, - deyə səfir bildirib.

    O qeyd edib ki, İsrail-Azərbaycan münasibətləri son illər ərzində daha uca zirvələrə yüksəlib.

    “Enerji və təhlükəsizlik sahələrindəki əməkdaşlıq əlaqələrimizin əsas sütunları olaraq qalır və inanıram ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək. 2025-ci il üçün qarşıya qoyduğumuz əsas hədəflərdən biri 50 min israilli turistin Azərbaycana səfər etməsini təmin etməkdir”, - deyə diplomat vurğulayıb.