XƏBƏRLƏR / Siyasət

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı YENİLƏNİB

“Birgə Müdafiə Sazişi” avqustun 7-də Məkkədə imzalanıb

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:10

    Türkiyənin xarici işlər naziri Fidan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan komitənin ilk iclasından sonra mühüm açıqlamalar verib.

    İstanbulda keçirilən zirvə görüşünün ardından danışan Fidan, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında 7 avqust 2026-cı ildə Məkkədə atılan tarixi addımdan sonra alyansın institusional strukturunun formalaşmağa başladığını bildirib. O, üç ölkənin Xarici İşlər Nazirlərinin, Milli Müdafiə Nazirlərinin və Baş Qərargah rəislərinin qatıldığı ilk iclasda alyansın rəsmi adının "Məkkə Müdafiə Alyansı" olması barədə razılığa gəlindiyini bildirib.

    Razılaşma "regional mülkiyyət" anlayışının məhsuludur.

    Hakan Fidan bildirib ki, Məkkə Müdafiə Alyansı genişlənmək üçün yaradılıb.

    Türkiyə XİN rəhbərinin sözlərinə görə, Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil, rəsmi Ankaranın NATO-dakı öhdəliklərinə xələl gətirmir, eləcə də digər ittifaq və razılaşmalardakı öhdəliklərini dəyişmir.

    ***

    15:07

    İstanbulda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçirilir.

    Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin iştirak etdiyi görüşdə beynəlxalq təhlükəsizlik, müdafiə imkanlarının inkişaf etdirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması, müdafiə sənayesində birgə istehsal, tədqiqat və inkişaf əməkdaşlığının genişləndirilməsi, terrorla mübarizədə birgə səylərin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

    İclas zamanı komitənin müəyyən edəcəyi birgə fəaliyyət istiqamətləri üzrə işləri əlaqələndirəcək katibliyin və digər mexanizmlərin çərçivəsinin müəyyənləşdirilməsi, qarşıdakı dövrdə atılacaq addımlar üzrə yol xəritəsinin hazırlanması gözlənilir.

    Məkkə Birgə Müdafiə Sazişinin regionda təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə, məsələlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması ilə baxılmasına və qarşıdurma əvəzinə əmin-amanlıq və rifahın prioritet seçilməsinə yönəldiyi vurğulanır.

    Xatırladaq ki, ölkələr arasındakı “Birgə Müdafiə Sazişi” avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən Məkkədə imzalanıb.

    Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regionda və beynəlxalq aləmdə artan qeyri-sabitlik fonunda ortaq məsuliyyət və regional sahiblənmə anlayışı ilə imzalanan sənəd regional və qlobal miqyasda təhlükəsizlik, sülh, sabitlik və rifahın təşviq edilməsini, həmçinin birgə çəkindirmə imkanlarının artırılmasını hədəfləyir.