XƏBƏRLƏR / Neft və Qaz

“Italiana Petroli”nin 99,82% artıq SOCAR-ın mülkiyyəti oldu

Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib

“Italiana Petroli”nin 99,82% artıq SOCAR-ın mülkiyyəti oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa Komissiyası SOCAR-ın İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82% səhmlərinin “API Holding”dən alınmasını təsdiqləyib.

    Avropa Komissiyası xəbər verir ki, sövdələşmə əsasən xam neftin və emal olunmuş yanacaq məhsullarının tədarükü ilə bağlıdır.

    “Təqdim edilmiş əməliyyat rəqabət mühitinə dair hər hansı narahatlıq doğurmur, çünki nəzərdə tutulan sövdələşmə nəticəsində şirkətlərin bazardakı mövqeləri məhdud olaraq qalır. Bildirilmiş əməliyyat sadələşdirilmiş birləşmə araşdırması proseduru çərçivəsində nəzərdən keçirilib”, - məlumatda bildirilib.

    Qeyd edək ki, ötən ilin sentyabrında I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82% səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb.

    “Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.

    Xatırladaq ki, “Italiana Petroli” 1933-cü ildən mobillik və downstream (paylama və satış) sahəsində fəaliyyət göstərir. 1 600 işçisi, 4 500 IP markalı yanacaqdoldurma məntəqəsi şəbəkəsi, iki neftayırma zavodunda təxminən 10 milyon ton emal gücü və bütün ölkə üzrə yayılmış logistika sistemi ilə şirkət bazarda ilk özəl oyunçudur.