XƏBƏRLƏR / İctimaiyyət

İtkin düşmüş şəxslər məsələsinin həlli ilə bağlı konfrans

YENİLƏNİB

İtkin düşmüş şəxslər məsələsinin həlli ilə bağlı konfrans
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 11:30

    Xarici İşlər Nazirliyinin tövsiyəsi əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti 2025-ci ilin aprel ayında Bosniya və Herseqovinaya səfər edib. Bu səfərin məqsədi Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu ilə itkin düşmüş şəxslər sahəsində ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən etmək və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində beynəlxalq təcrübəni öyrənmək olub. Bu təcrübə axtarış, qazıntı və ekshumasiya işləri üçün faydalı hesab olunur.

    Bu barədə Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təqdim olunan Dövlət Komissiyasının fəaliyyətinə dair təqdimatda bildirilib.

    Qeyd edilib ki, bu prosesin nəticəsi olaraq, 2025-ci il oktyabrın 5-də Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Eyni zamanda, diqqətə çatdırılıb ki, itkin düşmüş şəxslərlə bağlı təcrübə və ekspertiza mübadiləsini təşviq etmək məqsədilə Ukraynanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması planlaşdırılır. Bu məsələ ilə bağlı ilkin müzakirələr ötən il dekabrın 10-da Kiyevdə, Beynəlxalq İnsan Hüquqları Konfransında iştirak zamanı aparılıb.

    ***

    10:48

    İyunun 30-da Bakıda, Gülüstan Sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

    Konfransa Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluq edir.


    Azərbaycan Respublikası silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslər və ümumilikdə müharibə qurbanları ilə bağlı humanitar problemlə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlandığı 1988-ci ildən etibarən üzləşib. Vətəndaşlarımız və dövlət qurumlarımız uzun müddətdir ki, bu ağır təzahürün mənəvi-psixoloji nəticələrinin aradan qaldırılması üçün gərgin əmək sərf edirlər.

    Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

    Onun sözlərinə görə, intensiv hərbi əməliyyatların getdiyi I Qarabağ müharibəsi zamanı və 1994-cü ildən 2020-ci ilə qədər davam etmiş işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəraitdə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin qeyri-müəyyən qalmasına səbəb olub. "Bütün çətinliklərə baxmayaraq, müharibə qurbanları, o cümlədən əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızla bağlı məsələlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, sonradan isə Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Bu il iyunun 30-na olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4004-ü I Qarabağ müharibəsində, 6-sı isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüblər. 4010 nəfərdən 3228-i hərbçi, 782-si mülki şəxslərdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 288-i qadın, 319-u qocadır", - deyə rəis müavini bildirib.