IV Həştərxan Beynəlxalq Forumu keçirilib
Səfir Rəhman Mustafayev Azərbaycanın “Şimal-Cənub” dəhlizi üzrə prioritetlərini təqdim edib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxan vilayətinə işgüzar səfəri çərçivəsində IV Həştərxan Beynəlxalq Forumunda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: Yeni üfüqlər və imkanlar” adlı forumda iştirak edib.

Diplomat “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: Azərbaycanın uzunmüddətli strateji prioriteti” adlı əsas plenar iclasda təqdimatla çıxış edib.

Səfir Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişaf etdirilməsində Azərbaycanın mərkəzi rolunu vurğulayıb və forum iştirakçılarını Bakının onun həyata keçirilməsində əsas prioritetləri, ölkənin dəmir yolu və yol infrastrukturunun inkişafı, eləcə də bu sahədə Rusiya və İranla əməkdaşlıq barədə məlumatlandırıb.
O, Zəngəzur dəhlizinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün strateji əhəmiyyətini xüsusi qeyd edib.
Diplomat vurğulayıb ki, Azərbaycan tərəfinin gördüyü tədbirlər sayəsində “Şimal-Cənub” dəhlizi boyunca ölkəmizdən keçən tranzit yükdaşımalarında davamlı artım müşahidə olunur. Xüsusilə, 2025-ci ildə tranzit daşımaları 12 faiz artaraq 2,34 milyon tona və 2026-cı ilin ilk 10 ayında daşımalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artımla 2,26 milyon tona çatıb.
Bununla yanaşı, dəmir yolu daşımaları 40 faizdən çox, avtomobillə daşımalar isə 18 faiz artıb.
R. Mustafayev qeyd edib ki, bizim ortaq hədəfimiz nəqliyyat infrastrukturunun əlaqələndirilmiş inkişafını təmin etmək, habelə beynəlxalq daşımaların davamlı artımı üçün etibarlı və səmərəli şərait yaratmaqdır. O, həmçinin bildirib ki, infrastrukturun daha da modernləşdirilməsi, fiziki və inzibati maneələrin aradan qaldırılması və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun səmərəliliyini və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Forum çərçivəsində səfir R. Mustafayev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüş keçirib. Görüş əsnasında Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı ilə bağlı cari və gələcək məsələlər müzakirə olunub.
Qubernator Bakı ilə Həştərxan arasında birbaşa uçuşların bərpası qərarına və bu regionla Azərbaycan arasında əməkdaşlıq layihələrinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
2 dəqiqə