XƏBƏRLƏR / Təbiət

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Bu zaman onun Yerə qədər məsafəsi 357 min 195 km olacaq

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

    Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 min 195 km olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.

    Təzə Ay zamanı Ay Yer ilə Günəş arasında yerləşir və onun işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq edir və zəif dərin səma obyektlərinin – qalaktikaların, ulduz topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait yaradır.

    Ayın orbiti tam dairə deyil, ellips formasındadır. Buna görə Ayın Yerə qədər məsafəsi daim dəyişir. Perigey nöqtəsində Ay Yerə ən yaxın, apogey nöqtəsində isə ən uzaq mövqedə olur. Super Təzə Ay hadisəsi məhz Ayın perigey yaxınlığında Təzə Ay fazasına düşməsi nəticəsində baş verir. Bu hadisə zamanı Ay Yerə bir qədər yaxın yerləşsə də, görünmədiyi üçün bunu vizual olaraq müşahidə etmək mümkün deyil. Lakin Ayın və Günəşin cazibə qüvvələrinin birgə təsiri nəticəsində okeanlarda daha güclü qabarma-çəkilmə hadisələri baş verə bilər.