İzmirdə IV Türkiyə-Azərbaycan Enerji Forumu işə başlayıb
Azərbaycan tədbirdə energetika naziri Pərviz Şahbazov və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev tərəfindən təmsil olunur

Bu gündən Türkiyənin İzmir şəhərində IV Türkiyə-Azərbaycan Enerji Forumu və 14-cü Türkiyə Külək Enerjisi Konqresi (TÜREK) işə başlayıb.
İki ölkənin müvafiq qurumlarının əməkdaşlığı ilə birgə təşkil olunan tədbirlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, qlobal miqyasda yüksəkvəzifəli diplomatlar və sahə üzrə dövlət rəsmiləri də daxil olmaqla üç mindən artıq nümayəndə iştirak edir.
Azərbaycan tədbirdə energetika naziri Pərviz Şahbazov və COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev tərəfindən təmsil olunur.
Tədbirin ilk günü IV Türkiyə-Azərbaycan Enerji Forumunun rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən nazir Pərviz Şahbazov Azərbaycan ilə Türkiyənin artıq uzun illərdir yalnız enerji deyil, demək olar ki, bütün sahələrdə əməkdaşlıq edərək bölgədə sülhün təminində əsas rol oynadığını bildirib. Nazir forumun gələcək əməkdaşlıqlar və mövcud əlaqələrin daha da inkişafında təkanverici rol oynayacağını bildirib.
Muxtar Babayev çıxışında Azərbaycan və Türkiyə prezidentlərinin müdrikliyi, uzaqgörənliyi və iqtisadi potensialı düzgün prioritetləşdirilməsi nəticəsində, iki ölkə arasında enerji sektorunda uğurlu əməkdaşlığın regional və qlobal enerji təhlükəsizliyində önəmli rol oynadığını bildirib.
İqlim dəyişikliyinin yaratdığı risklər və enerji keçidinin yol açdığı imkanlar nəzərə alınaraq Türkiyə ilə Azərbaycanın enerji və iqlim sahəsində tərəfdaşlığı genişləndirdiyini qeyd edən Muxtar Babayev Türkiyənin son dövrlərdə iqlim siyasəti sahəsində mühüm addım atdığını vurğulayıb: “Qəbul olunmuş yeni İqlim Qanunu Türkiyənin uzunmüddətli karbon neytrallığı hədəfinə fundamental əsas yaratdı. Bu qanun Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə iradəsini və qətiyyətini göstərən tarixi bir qərardır. Türkiyənin müəyyən etdiyi milli iqlim hədəfləri də onun qlobal proseslərdə məsuliyyətli tərəfdaş olduğunu sübut edir”.
O bildirib ki, Azərbaycan və Türkiyə hər zaman qlobal enerji sistemində məsuliyyətli tərəfdaş olub və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Hazırda isə hər iki ölkə bərpaolunan enerji sahəsində əhəmiyyətli layihələr həyata keçirir.
Ötən il ölkəmizdə keçirilən COP29 barədə danışan Muxtar Babayev bu, qlobal tədbirdə qəbul edilən qərar və öhdəliklərin bütün dünyaya iddialı enerji planlarını həyata keçirməkdə dəstək olacağını bildirib. O, COP29-un Azərbaycanın beynəlxalq ictimaiyyətin ortaq çağırışlar üzərində liderlik səylərinin sonu olmadığını, gələn ilin may ayında Bakının XIII Dünya Şəhərlər Forumuna ev sahibliyi edəcəyini deyib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxışında Türkiyə ilə Azərbaycan arasındakı bağın tarix boyu sarsılmadan daima davam etdiyini, bu əlaqələrin “Bir millət, iki dövlət” prinsipi ilə daha da qüvvətləndiyini bildirib.
Nazir bildirib ki, iki ölkənin həyata keçirdiyi birgə layihələr ortaq baxışın ən bariz nümunələridir: "Bu əlaqələr sadəcə ölkələrimiz deyil, bölgənin rifahı baxımından da mühüm əhəmiyyət daşıyır".