Fransalı aktyor Jerar Depardye cinsi zorakılıq ittihamı ilə mühakimə olunacaq. Paris prokurorluğu belə bəyan edib.
BBC-nin verdiyi məlumata görə, 75 yaşlı aktyor Paris polis bölməsinə çağırılıb.
O, 2014 və 2021-ci illərdə onunla film çəkilişlərində işləmiş qadınlar tərəfindən irəli sürülən ayrı-ayrı iddialar əsasında dindirilib.
Depardye ittihamları rədd edib.
Qısa müddət sonra prokurorlar onun məhkəmə qarşısına çıxacağını bildiriblər: “O, 2021-ci ilin sentyabrında “Les volets verts” (“Yaşıl jalüzlər”) filminin çəkilişləri zamanı iki qurbana qarşı törədilən cinsi təcavüzə görə 2024-cü ilin oktyabrında mühakimə olunacaq”.
Ümumiyyətlə, Depardye 10-dan çox qadın tərəfindən cinsi təcavüzdə də ittiham olunub.
O, qanun pozuntusunu rədd edir və hər hansı münasibətlərinin razılıq əsasında olduğunu iddia edir.
Keçən il dərc etdiyi açıq məktubda o, “Heç vaxt, heç vaxt bir qadını təhqir etməmişəm” demişdi.
Qeyd edək ki, "Oskar" mükafatına namizəd olan Depardye 200-dən çox film çəkmiş Fransa və beynəlxalq kinosunun görkəmli nümayəndəsidir.