Jurnalist Şahin Rzayev azadlığa buraxılıb
Bakı Apellyasiya Məhkəməsi onun inzibati həbs cəzasını cərimə ilə əvəzləyib
Yanvarın 15-də inzibati qaydada həbs olunmuş jurnalist Şahin Rzayev azadlığa buraxılıb.
Bu barədə "Turan"a jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi onun inzibati həbs cəzasını cərimə ilə əvəzləyib: "Məhkəmə hesab edib ki, ilk dəfədir inzibati xəta törədirəm və həbsi 50 manatla əvəzlədi".
Ş.Rzayev əlavə edib ki, heç bir inzibati xəta törətməmişdi və xuliqanlıq etməmişdi.
Rzayev böyük iş təcrübəsi olan jurnalistdir. O, Cənubi Qafqazda sülhün əldə edilməsinə yönəlmiş çoxsaylı regional vətəndaş cəmiyyəti layihələrində iştirakı ilə tanınır. Son illərdə o, JAMnews regional internet nəşrinin siyasi icmalçısıdır.