BLOQ

Kainatın naməlum 95 faizi neçə kəşf ediləcək?

Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) alimləri yeni məlumatlar əldə etməyi hədəfləyir

Kainatın naməlum 95 faizi neçə kəşf ediləcək?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) alimləri İsveçrədə inşa ediləcək “Future Circular Collider (FCC)” adlı yeni nəhəng hissəcik sürətləndiricisi ilə kainatın naməlum 95 faizi haqqında yeni məlumatlar əldə etməyi hədəfləyir.

    Xarici media xəbər verir ki, nüvə fizikləri kainatın necə işlədiyi barədə daha dolğun təsəvvür yaradacaq yeni hissəciklərin kəşfi üçün CERN-də dünyanın ən böyük “super toqquşdurucusu”nun qurulmasını təklif edib.

    Təklif qəbul olunarsa, tikintinin dəyəri 17 milyard funt-sterlinqə çatacaq. “Future Circular Collider”in CERN-dəki Böyük Adron Kollayderindən (LHC) üç dəfə böyük və çox daha təkmil olacağı bildirilir. Yeni kollayderi “gözəl maşın” kimi xarakterizə edən CERN-in baş direktoru Fabiola Gianotti diqqətə çatdırıb: “Bu, bəşəriyyətə kainat haqqında bildiklərimizlə bağlı irəliyə doğru böyük addımlar atmağa imkan verəcək bir vasitədir. Müəyyən suallara cavab verməkdən ötrü daha güclü bir vasitəyə ehtiyac var. Bu qaranlıq hissəciklərin kəşfi kainatın necə işlədiyinə dair yeni, daha əhatəli bir nəzəriyyəni ortaya çıxaracaq”.

    91 kilometr uzunluğunda FCC-nin ilk hissəsi 2040-cı ildə istifadəyə veriləcək

    FCC iki mərhələdə qurulacaq. Birinci mərhələ 2040-cı illərin ortalarında istifadəyə veriləcək və elektronlar bir-biri ilə toqquşacaq. İkinci mərhələ 2070-ci illərdə başlayacaq, mövcud olanlardan daha güclü və hələ icad edilməmiş qabaqcıl maqnitlər tələb olunacaq, sözügedən sürətləndiricidə elektronlar yerinə daha ağır protonlardan istifadə edilərək yeni hissəciklər axtarılacaq. FCC 91 kilometr uzunluğunda olacaq ki, bu da hazırkı kollayderin uzunluğundan təxminən üç dəfə çoxdur, lakin 200 metr dərinlikdə tikiləcək. LHC-dən daha dərin tikilmə səbəbi yüksək enerji nəticəsində yaranan güclü radiasiyanın səthə çatmasının qarşısını almaqdır.

    Kainatın 95 faizi haqqında məlumat hələ mövcud deyil

    Alimlərin fikrincə, 2008-ci ildə istifadəyə verilən və 3,75 milyard funt-sterlinqə başa gələn LHC hələ də kainatın 95 faizi haqqında məlumatları aşkarlaya bilmir.

    Böyük Adron Kollayderi tərəfindən kəşf edilən “Higgs Bozon”

    Hazırda ən böyük kollayder olan LHC İsveçrə-Fransa sərhədində, Cenevrə yaxınlığında yerləşən 27 kilometr uzunluğunda dairəvi yeraltı tuneldən ibarətdir. Böyük Adron Kollayderində aparılan təcrübələr zamanı 2013-cü ilin mart ayında kainatın əmələ gəlməsinin ən böyük sirlərindən biri hesab edilən atomaltı hissəcik “Hiqqs Bozonu” kəşf edilmişdi. 2018-ci ilin oktyabrında aparılan təcrübədə iki yeni baryon aşkarlanıb və daha bir hissəcik haqqında ipucu əldə olunub.