XƏBƏRLƏR / İctimaiyyət

Kamil Zeynallı azadlığa buraxıldı

Bunu Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib YENILƏNIR

Kamil Zeynallı azadlığa buraxıldı
Kamil Zeynallı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:33

    Kamil Zeynallı azadlığa buraxılıb. O bu gün Bakıya qayıdacaq.

    Bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

    Onun sözlərinə görə, hazırda Kamil Zeynallının vəziyyəti yaxşıdır: “Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi. Ona qarşı çox ağır maddələrlə ittiham irəli sürülmüşdü. Amma Rusiya dövləti humanitarlıq göstərdi. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Buna görə də mən hamıya təşəkkür edirəm. Çox əziyyət çəkildi. Xüsusilə də Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən Polad Bülbüloğluna təşəkkür edirəm. Həqiqətən də çox böyük iş gördülər”.

    13:00

    Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

    News.am xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

    “Həmin şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - deyə o, bildirib. Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.

    ***

    12:56

    Taninmiş fitnes məşqçisi Kamil Zeynallı Ermənistan tərəfindən 4 maddə ilə axtarışa verilib.

    Bu barədə onun vəkili Ələkbər Qarayev söyləyib.

    O bildirib ki, K.Zeynallı Rusiyada Ermənistanın sorğusu əsasında saxlanılıb. “ Prokurorluqda hazırda iş aparılır. Əgər əlavə materiallar göndərilərsə, Kamil Zeynallıya qarşı həbs qətimkan tədbiri tətbiq oluna bilər”, - məlumatda deyilir.

    Qeyd olunur ki, Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135 (insanlığa qarşı cinayətlər), 137 (müharibə cinayətləri), 140 (müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (muzdlu cəlb etmək) və 149-cu (təcavüz) maddələri ilə ittiham olunur.

    Tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, - məlumatda deyilir.

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, vəkillər artıq Kamil Zeynallı ilə görüşüb və onunla daim əlaqə saxlayırlar. Səfirin sözlərinə görə, K.Zeynallı hələ MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələbi ilə bağlı saxlanılıb.

    ***

    Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb.

    Bunu Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

    Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.

    VİDEO

    Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.

    Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.

    Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.