XƏBƏRLƏR / Siyasət

Qazaxıstan və Ermənistan arasında 16 sənəd imzalanıb

Ermənistanın Baş naziri Paşinyan Qazaxıstan Prezidenti Tokayevin dəvəti ilə Astanada səfərdədir YENİLƏNİB

Qazaxıstan və Ermənistan arasında 16 sənəd imzalanıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:20

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Astanada keçirilən danışıqlarının yekunları üzrə iki ölkə arasında 16 sənəd imzalanıb.

    Bu barədə Akordanın məlumatında bildirilib.

    Qeyd olunub ki, Tokayev və Paşinyan birgə bəyanat qəbul ediblər, həmçinin onların iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvləri bir sıra hökumətlərarası və idarələrarası sənədləri mübadilə ediblər. Bunların arasında bir sıra sazişlər də var: Qazaxıstan-Ermənistan Biznes Şurasının yaradılması haqqında; məxfi məlumatların ötürülməsi, istifadəsi, qorunması və saxlanması haqqında; 2026-2030-cu illər üçün ticari-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi.

    Həmçinin, atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında; elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında və s. memorandumlar da imzalanıb.

    ***

    13:10

    Qazaxıstan və Ermənistan strateji tərəfdaşlıq haqqında tarixi sənəd imzalayacaqlar.

    Qazaxıstan mediasının məlumatına görə, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqları zamanı bildirib.

    "Ermənistan Qazaxıstanın Cənubi Qafqazdakı əsas siyasi, ticarət və iqtisadi tərəfdaşlarından biridir. Qazaxıstan xalqı erməni xalqına, onun qədim tarixinə, zəngin mədəniyyətinə və adət-ənənələrinə yüksək qiymət verir. Ölkəniz qazaxlar üçün ən populyar turizm məkanlarından birinə çevrilib. Bu il ölkələrimiz arasında yaxınlaşmaya töhfə verən əhəmiyyətli tədbirlər keçirilib. Ermənistanda ilk dəfə Qazaxıstan Mədəniyyəti Günləri keçirilib və İrəvanda böyük qazax şairi və maarifçisi Abay Qunanbayulinin şərəfinə park açılıb.

    Bu vacib təşəbbüsləri dəstəklədiyinə görə Baş nazirə minnətdarıq. Bunu qazax xalqına diqqətimizin xüsusi ifadəsi kimi qəbul edirik. Bu təşəbbüslər Qazaxıstan və Ermənistan arasında sarsılmaz dostluğun və qarşılıqlı hörmətin bariz nümunəsidir. İki ölkə arasında bütün səviyyələrdə açıq və etibarlı siyasi dialoq inkişaf edib. Regional və beynəlxalq strukturlar çərçivəsində sıx və effektiv əlaqələr qurulub.

    Ticarət, iqtisadiyyat, mədəniyyət, humanitar məsələlər, elm və təhsil sahələrində əməkdaşlığımız durmadan inkişaf edir. Bir sözlə, dövlətlərarası münasibətlərimiz unikal təbiətə malikdir. Əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün qarşımızda böyük imkanlar var. Bu gün ölkələrimiz arasındakı münasibətləri strateji səviyyəyə qaldıran tarixi bir sənəd imzalayacağıq".

    ***

    Paşinyana Qazaxıstanın ən yüksək mükafatı olan "Qızıl Qartal" ordeni verilib.

    @sputnikKZ-nin məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ordeni Ermənistanın Baş nazirinə təqdim edərək, Paşinyanı "əsl milli lider" adlandırıb. Paşinyan cavab olaraq mükafatı erməni xalqına xüsusi hörmət əlaməti kimi qəbul etdiyini qeyd edib.

    ***

    11:17

    Astanada Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

    Tərəflər mətbuat üçün açıqlama ilə çıxış ediblər. Marqlıdır ki, tərəflər çıxışlarını ana dillərində ediblər. VİDEO


    Kasım-Jomart Tokayev:

    "Hörmətli Nikol Vovayeviç, Qazaxıstana xoş gəlmisiniz! Səfəriniz xüsusi əhəmiyyət kəsb edir. Əminik ki, bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına əhəmiyyətli təkan verəcək. Bu, Qazaxıstana ilk səfərinizdir. Qazaxıstan xalqı Ermənistan xalqına, onların tarixinə, adət-ənənələrinə və mədəniyyətinə böyük hörmətlə yanaşır. Səfər zamanı bir sıra mühüm müqavilələr imzalanacaq".

    Nikol Paşinyan:

    "Hörmətli Qazaxıstan Respublikasının Prezidenti, Qazaxıstana rəsmi səfərə dəvətinizə və Astanada səmimi qarşılanmanıza görə sizə təşəkkür etmək istəyirəm. Bu səfər ikitərəfli münasibətlərimizə yeni təkan verəcək. İnanıram ki, münasibətlərimizdə bu yeni dövr ötən il Ermənistan Respublikasına rəsmi səfəriniz ilə başladı. Bundan sonra bir sıra mühüm müqavilələr imzalandı, onlardan bəziləri artıq həyata keçirilib, digərləri isə həyata keçirilməkdədir. Qazaxıstana rəsmi səfərdə olmaq mənim üçün böyük şərəfdir!".