Katoliklər Pasxa bayramını qeyd edirlər
Papa Fransisk meydana toplaşanları salamlayıb
Martın 31-də katoliklərin və protestantların Pasxa bayramı qeyd olunur.
Xristian aləminin ən ali bayramı – Pasxa bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında katoliklərin ruhani lideri Papa Fransisk “Papamobile” adlı avtomobili ilə meydana toplaşanları salamlayıb. Roma Katolik Kilsəsinin rəhbəri ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və Pasxa təbrikini çatdırıb.
Papa Fransisk bu Pasxa bayramının da müharibə ilə qarşılandığını, bütün dünyada, xüsusilə Yaxın Şərqdə və Ukraynada sülhün bərqərar olmasının vacibliyini vurğulayıb, hər kəsi bu xalqlarla həmrəylik nümayiş etdirməyə çağırıb. Pontifik sülhə daha çox ehtiyac duyulduğunu, sülhün hər kəs üçün zəruri və prioritet məsuliyyət olduğunu deyib.
Roma Papası müxtəlif qitələrdə terror, zorakılıq və qarşıdurma kimi hadisələrə son qoyulması barədə arzusunu ifadə edib. O, zəlzələ və digər təbii fəlakətlərdən zərər çəkənlər üçün dua etdiyini bildirib.
Təxminən 350-dən çox kardinal, yepiskop və keşişin iştirak etdiyi mərasimi dünyanın hər yerindən gələn 30 minədək insan meydandan izləyib.