Kazino oyunlarına görə dövlət rüsumu müəyyənləşir
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə görə, 340 000 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Lisenziyanın qüvvədə olduğu müddətdə isə hər il əlavə 340 000 manat rüsum alınacaq.
Dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günə qədər ödəniləcək.
Qeyd edək ki, Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək.
Bununla bağlı “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.
Sənədə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.
Beləliiklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyunları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.
Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.
21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.