“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınıb
Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur.
Agentlik xəbər verir ki, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur.
Sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınır.
Qeyd edək ki, dekabrın 22-də"Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.
Satıcılar bazarın bağlanmasının mart ayına kimi təxirə salınmasını xahiş edirlər: "Bizə əvvəlcədən xəbərdarlıq etməli idilər, indi bu boyda malla hara gedək?"
Aksiya zamanı satıcılar yolunu bağlamağa cəhd ediblər. Hadisə yerində olan polis əməkdaşları buna müdaxilə ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Turan-a bildirib ki, bir qrup şəxsin avtomobil yolunu bağlama cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hər hansı şəxs saxlanılmayıb.