Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib
YENİLƏNİB
12:34
Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində kollektorda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir.
Bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Pərviz Aslanov deyib.

O bildirib ki, gecə saatlarında da bu qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
“FHN-in müvafiq qüvvələri 97 sakini təhlükəsiz əraziyə təxliyə edib. Hazırda da nazirliyin qüvvələri tərəfindən ərazidən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir”,- deyə o vurğulayıb.
***
11:46
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gedib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib.