BLOQ

Kim kimin nəyidir?

Biri boşansa, o da acığa onun bacısını boşayacaq

Kim kimin nəyidir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rayonumuzda bir arvad bütün qohum əqrəbasını bir-biri ilə evləndirib. Oğlan əmisi qızını alıb. O biri qardaşının qızı da o biri əmisi oğluna ərə gedib. Qardaş oğluna qaynı qızın alıb. Öz qızını da qaynının oğluna verib. Aləm bir-birinə qarışıb. Adamlar bir-birinə hörülüb. Bir yerə yığılanda bilmirsən, kim kimin arvadıdır, kim kimin gəlinidir, kim kimin qızıdır... Kim kimin nəyidir, ayırd edəndə adamın beyni qarışır, dili dolaşır. Biri boşansa, o da acığa onun bacısını boşayacaq. O da acığa o birisinin bacısını boşayacaq. Beləcə bütün nəsil dağılacaq. Ona görə də heç kim boşana bilmir. Bütün ailələr elə bil bir-birinin əsiridir.

    Azərbaycanda hökumət belə yaşayır. Bir məmur oğluna o biri məmurun qızın alıb. Qızını da başqa bir məmurun oğluna verib və hər iki tərəfdən dayaqlarını möhkəmlədib. Başqa bir məmurun arvadı o biri məmurun əmisi qızıdır. Əmisi qızının oğlu da başqa bir məmurun qardaşı qızını alıb. Başqa bir qohumluqla da bir ucunu aparıb o birisinə calayıb. Beləcə yeznə, qayın, quda, baldız, ər, arvad bir-birlərinə hörülə-hörülə bir sistem yaradıblar və böyük bir diş ağrısına çevriliblər. Ona görə də bir-birlərini qoruyurlar. Heç birini də sevgi birləşdirmir. Heç biri ailə deyil, bir-birlərini qorumaq üçün maraq qruplarıdır. Birini işdən çıxarsan, o birisi düşmən olur. Bunu tutmaq istəyirsən, baxırsan ki, arvad tərəfdən qohum çıxır. Birini tərpədəndə bütün sistem qarışır.

    Bu millətin işi Allaha qalıb.