Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub etmiş və onu 10 noyabr Bəyanatını imzalamağa məcbur etmişdir. Razılaşmaya görə, Rusiya sülhməramlı kontingentinin Qarabağa daxil olması erməni silahlı birləşmələrinin oradan çıxması ilə paralel sürətdə həyata keçirilməli idi. Buna baxmayaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində hələ də erməni silahlı birləşmələri mövcuddur. Azərbaycan bu silahlıların Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu vurğulayır. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi yazır ki, Ermənistan bu iddianı rədd edib, mövcud silahlı birləşmələri yerli ermənilərdən təşkil olunan “Qarabağ müdafiə ordusu” adlandırır.
Tarixi ekskurs
Ermənistanın bütün iddialarına rəğmən, faktlar Azərbaycanın haqlı olduğunu sübut edir. Qarabağda ermənilərdən ibarət qanunsuz hərbi birləşmələr 1988-ci ilin payızında formalaşmağa başladı. Xankəndidə və ətraf kəndlərdə silahlı dəstələr formalaşdıqdan sonra Xankəndidə bu dəstə rəhbərlərini özündə birləşdirən qərargah yaradıldı. 1991-ci ilin sonuna Qarabağda ümumi sayı 1000 nəfərdən ibarət 10 hərbi dəstə formalaşdı. Aydın məsələdir ki, Azərbaycanda daxili siyasi böhran şəraitində belə, 1000 nəfərdən ibarət silahlı birləşmə heç bir halda Ermənistandan birbaşa dəstək almadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. 1992-ci ilin 26 mart tarixində ayrı-ayrılıqda formalaşan hərbi dəstələrin maddi-texniki təminatını təşkil etmək üçün qondarma qurumun nəzdində müdafiə komitəsi yaradıldı. Şuşanın işğalından bir gün sonra – 9 may tarixində separatçı qurum “Qarabağ müdafiə ordusunun” yaradıldığını elan etdi. Gerçəklikdə isə yerli Qarabağ erməniləri I Qarabağ müharibəsində Ermənistan ordusunun kiçik bir hissəsini təşkil edirdi.
“Müdafiə ordusunun” başında Samvel Babayan, general Xristofor İvanyan, polkovnik Anatoli Zineviç, polkovnik Ter-Tadevosyan, mayor Ohanyan, Serj Sarkisyan (separatçı qurumun “dövlət müdafiə komitəsinin” rəhbəri, daha sonra Ermənistanın baş naziri və prezidenti), Vazgen Sarkisyan (1992-95-cü illərdə Ermənistanın müdafiə naziri, 1998-99-cu illərdə Ermənistanın baş naziri), Monte Melkonyan (Xocavənddə silahlı dəstə rəhbəri) və Robert Koçaryan (1992-ci ildə separatçı qurumun qondarma müdafiə naziri, daha sonra Ermənistan baş naziri və prezidenti) dayanırdı. 2007-2015-ci illərdə separatçı qurumun qondarma müdafiə naziri olmuş Movses Akopyan 2016-cı ildə Ermənistan müdafiə nazirinin müavini, daha sonra isə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin edilmişdir. Müşahidə etdiyimiz kimi qanunsuz hərbi birləşmənin yaradıcıları və rəhbərləri Ermənistanın siyasi-hərbi elitasının tərkib hissəsi olmuşlar.
Bunu R.Koçaryanın 2003-cü il prezident seçkilərində iştirakında daha aydın görmək olar. 2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Koçaryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığı iddiası ilə çıxış etmişdi. Konstitusiyaya görə Ermənistan prezidenti olmaq istəyən şəxs 10 il daimi bu ölkədə yaşamalı idi. O zaman Ermənistanın Kassasiya (Ali) Məhkəməsi 1989-cu il qərarına istinad edərək Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərmiş və R.Koçaryanın bu tələbi ödədiyini göstərən qərar vermişdi. Bu Qarabağda mövcud qanunsuz hərbi birləşmənin Ermənistanın daxili qanunvericiliyinə görə Ermənistanın tərkib hissəsi olduğunu və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını isbatlayan ən vacib hüquqi sübutdur.
44 günlük müharibəyə qədər Ermənistan Qarabağa “könüllü” əsaslarda və püşk atma yolu ilə həqiqi hərbi xidmətçilər və müqavilə əsasında xidmət edən müddətdən artıq hərbi qulluqçular göndərirdi. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun hesablamalarına görə 2004-2005-ci illərdə Qarabağda 44 ədəd Qrad sistemi daxil olmaqla 291-322 aralığında artilleriya qurğusu var idi. Böyük Britaniyanın Müdafiə Akademiyasının (BBMA) 2008-ci il hesabatına əsasən, Qarabağda 18-20 min nəfərə qədər silahlı şəxsi heyət, 177-dən 316-a qədər tank, 256-dan 324-ə qədər döyüş maşını, 26-ya qədər BM-21 atəş sistemi daxil olmaqla 291-dən 322-yə qədər artilleriya və minaatan, 2 ədəd Su-25 təyyarəsi və 4 ədəd Mi-24 helikopteri var idi. Sonradan Ermənistan Qarabağa S-300 zenit raket kompleksləri, “Skad” operativ-taktiki raketləri, “Toçka-U” və “Smerç” raketlərini verdi. Qarabağ heç bir ölkə tərəfindən tanınmadığına görə “Müdafiə Ordusu” bu silahları Rusiya və ya başqa bir dövlətdən müqavilə əsasında əldə edə bilməzdi.
BBMA-nın hesabatına əsasən, 53 minlik Ermənistan ordusunun “bir neçə batalyonu birbaşa Azərbaycanın işğal olunmuş ərazilərindəki Qarabağ zonasında yerləşdirilib”. Hesabata görə 18-20 minlik “Qarabağ ordusunun” 8500 nəfəri yerli sakinlərdən, qalan 10 mini isə Ermənistandan gələn hərbçilərdən təşkil olunub. Qarabağda 18 yaşına çatmış bütün kişilər 2 il müddətində məcburi hərbi xidmət keçsələr də, bu yerli əhalidən təşkil olunan 18-20 minlik hərbi birləşmə saxlamaq üçün kifayət deyil, beləki bunun üçün yerli əhalinin 25% və ya 20% hissəsi 18 yaşdan 50 yaşa qədər fasiləsiz hərbi xidmətdə olmalı idilər ki, bu da mümkün deyil!
Paşınyan dövründə etiraflar
“Müdafiə Ordusunun” Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu göstərən digər arqument – 25 ildə Ermənistan liderlərinin Qarabağa hərbi təlimlərdə iştirak məqsədilə mütəmadi səfərlərdir. 44 günlük müharibə ərəfəsində Ermənistan Qarabağdakı hərbi şəxsi heyətin sayını 18,5 mindən 21,4 minə qədər artırmışdı. Bu 21,4 min hərbçidən 13 mini Ermənistandan dislokasiya olunmuşdur, 8500 nəfəri isə yerli əhalidən səfərbər edilmişdi. Müharibənin ilk 3 həftəsində yerli əhalinin 60%-i Qarabağı tərk etmişdi. 44 gün ərzində Ermənistan Qarabağa 50 minə yaxın hərbçi göndərdi. 50 minin 10-15 mini Ermənistan ordusunun siravi ordusu, qalanları isə könüllü və səfərbər olunmuşlar idi. Paşinyanın Qarabağa oğlunu hərbi xidmət üçün göndərməsi, 44 günlük müharibə zamanı həyat yoldaşı Anna Akopyanın iştirakı ilə qadınlardan ibarət batalyon yaratması və onu qeyri-rəsmi müşavir kimi Qarabağa göndərməsi ilkin tezisi isbatlayan əlavə dəlillərdir. Qeyd edək ki, müharibə zamanı Anna Akopyan və general Movses Akopyan arasında bunker-qərargahda mübahisə yaşanmışdır. Mübahisə M.Akopyanın bir gün sonra vəzifədən uzaqlaşdırılması ilə nəticələnmişdir. Əvəzində general-polkovnik M.Akopyan Paşinyanı qeyri-effektiv idaəetmədə səbəbindən ordunu məğlubiyyətə aparmaqda ittiham etdi. Müşahidə etdiyimiz kimi, hər iki istiqamət üzrə qarşılıqlı ittihamlar Qarabağda hərbi əməliyyatlara ümumi rəhbərlik zəncirinin baş qərargah rəisi Onik Qasparyana və baş nazir N.Paşinyana uzandığını sübut edir. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını bir daha təsdiqləyir.
Ermənistanın Baş qərargahının “Müdafiə ordusu”nu idarə etməsi
Qasparyan N.Paşinyan tərəfindən 2020-ci il 8 iyun tarixində baş qərargah rəisi təyin edildi. Təyinatından dörd gün sonra Qasparyan Paşinyana, bir neçə gün sonra isə Ermənistan Təhlükəsizlik Şurasına ölkənin real hərbi potensialı haqqında hesabat verdi. Qasparyana görə Ermənistan mümkün qarşıdurmada qaçılmaz olaraq məğlub olacaqdır. Bu səbəbdən müharibədən istənilən yolla yayınmaq vacibdir. Qasparyana görə müharibədən yayınmaq mümkün olmadıqda rəqibə qısa zamanda böyük itki yaşadıb, onu müharibəni davam etdirmək cəhdlərindən çəkindirmək lazımdır. Müharibənin dördüncü günü Qasparyan Paşinyana cəbhədəki vəziyyət haqqında məruzə edib, 2-3 gün ərzində atəşkəsin əldə edilməsinin zərurətini bildirir. Qasparyana görə əks təqdirdə Ermənistanın resursları qısa zamanda bitəcək və hər yeni gün Ermənistanın danışıqlar masası arxasında mövqeyi daha da zəifləyəcəkdir. Bunların Paşinyana məruzə edildiyini o vaxtkı müdafiə naziri D.Tonoyan da təsdiqləyir. Bütün bunlar 44 günlük müharibənin Ermənistanın dediyi kimi Bakı və Xankəndi arasında deyil, İrəvan və Bakı arasında getdiyini bir daha təsdiqləyir. Əgər “Qarabağ müdafiə ordusu” Ermənistana tabe olmayan, müstəqil maraq, mövqe, baxış və yanaşmaya malik bir subyekt olsa idi, Qasparyan Paşinyana hər vəchlə müharibədən yayınmağı, müharibə başlayandan bir neçə gün sonra isə tez bir zamanda atəşkəs bağlamağı məsləhət görməzdi. Bütün bunlardan başqa vurğulayaq ki, müharibədən sonra Qasparyan 44 gün ərzində ümumi hərbi rəhbərliyi özünün etdiyini və silahlı qüvvələrin uğursuzluqlarına görə məsuliyyət daşıdığını etiraf etmişdir.
Qasparyan başda olmaqla erməni generaliteti hərbi əməliyyatlara rəhbərlik etdiklərini etiraf etsələr də, müharibənin ümumilikdə Paşinyan tərəfindən edildiyini bildirirlər. Qasparyanın müşaviri olan Vladimir Poqosyana görə müharibəyə hazırlıqsızlıq və məğlubiyyət siyasi rəhbərliyin “qeyri-peşəkarlığının, qarşısıalınmaz ambisiyalarının və idarəetmə sistemində xaosun nəticəsi idi”. Poqosyana görə müharibə təkcə ordu deyil. Ordudan savayı iqtisadiyyat, effektiv idarəetmə, kəşfiyyat, əks-kəşfiyyat məsələləri də çox vacibdir. Müşahidə etdiyimiz kimi Poqosyan da, Qasparyan kimi ümumi siyasi rəhbərlik zəncirinin birbaşa Paşinyana getdiyini təsdiqləyir.
Öz növbəsində Paşinyan Qasparyanı Şuşanın itirilməsində günahlandırdı: “Onik Qasparyan Şuşanın itirilməsinə görə cavab verməlidir. Mənim qarşımda yox, məhkəmə qarşısında. Necə oldu ki, Şuşaya kömək etməli olan qrup ora 1,5-2 gün gecikmə ilə çatmış oldu?”.
Müharibənin məhz Ermənistan tərəfindən aparılmasına və “Qarabağ müdafiə ordusu”nun Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olmasına dair ən böyük etiraf sözsüz ki, 10 noyabr razılaşmasını Ermənistanın baş nazirinin imzalamasıdır. Razılaşmanın IV bəndinə əsasən, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Müharibədən sonra Ermənistan 10 noyabr razılaşmasına uyğun olaraq Qarabağdan bütün ordu hissələrinin çıxarıldığı bildirdi. Buna baxmayaraq, Ermənistanın o vaxtkı müdafiə naziri Arşak Karapetyanın 2021-ci ildə Qarabağa inspeksiya məqsədilə qanunsuz səfər etdi. Qarabağdakı qanunsuz hərbi birləşmələrin Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olması hamıya aydın olsa da, rəsmi İrəvan davamlı olaraq Qarabağdan bütün ordu hissələrini çıxartdığını, “Müdafiə ordusunun” isə müstəqil qurum olduğunu qeyd edirdi.
2021-ci ilin fevralında qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” V.Balasanyan Qarabağın hərbi birləşmələrinin tərksilah olunduğunu və dağıdılacağına dair söhbətlərin əsassız olduğunu və hazırda qondarma qurum tərəfindən müqavilə əsaslı peşəkar ordu yaratmaq üzrə işin aparıldığını bildirdi. Balasanyana görə Ermənistandan könüllü olanlar, Qarabağda qalıb, Qarabağın “vətəndaşlığını” qəbul edib, müqavilə əsasında xidmət göstərə bilərlər. Lakin, erməni hərbi eksperti K.Vrtanesyan haqlı olaraq tək müqavilə əsaslı hərbçilər sayəsində müharibəyə qədərki ordunu bərpa etməyin qeyri-mümkün olduğunu qeyd edirdi. Ona görə “Müdafiə Ordusu” işarəsi, müxtəlif titullar və vəzifələr qorunub saxlanıla bilər, lakin onun altında (Ermənistandan gələn çağırışçılar olmadan) ordu olmayacaq. Ən yaxşı halda, bu daxili qoşunlar və ya sərhəd qoşunlarına bənzər bir struktur olacaqdır”.
2022-ci ilin iyununda polkovnik Saak Saakyan Qarabağda daha Ermənistan həqiqi hərbi xidmətçilərinin qulluq etməyəcəyini bildirdi. S.Saakyana görə Qarabağa axırıncı çağırış 2020-ci ilin yayında aparılmışdır və onlar 1 iyul-30 avqust aralığında öz iki illik hərbi xidmətini bitirib, Ermənistana geri dönəcəklər və bundan sonra Qarabağa daha Ermənistandan hərbi çağırış olmayacaq. Saakyana görə bundan sonra Qarabağda xidmət keçənlər yerli əhalidən seçiləcəklər. Avqustda artıq Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Ermənistandan Qarabağa nə çağırışçıların, nə də müddətdən artıq hərbi xidmətçilərin göndərilməyəcəyini bildirdi. A.Qriqoryana görə, “zərurət yarandıqda Dağlıq Qarabağ müqavilə əsaslı hərbçiləri yerində təşkil edəcəkdir”. Əslində S.Saakyan və A.Qriqoryanın dedikləri 10 noyabr razılaşmasının Ermənistan tərəfindən pozulmasının etirafıdır. Razılaşmaya görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələri çıxarmalı olsa da, müharibədən sonra iki il ərzində öz qoşunlarını Qarabağdan çıxarmamışdır.
Hazırda mövcud olan mexanizm
Ermənistan Qarabağda hərbi mövcudluğunu separatçıları maliyyələşdirməklə təmin etmək istəyir. Ermənistan (xüsusilə Laçın yolunda aksiya şəraitində) artıq Qarabağa hərbçilər göndərmək əvəzinə separatçıları yerli ermənilərdən muzdlu silahlı birləşmə saxlamaq üçün pul ilə təmin edir. Qarabağa daha çağırışçıların göndərilməməsi Ermənistan cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hərbi ekspert Karen Vrtanesyana görə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması və daha ora göndərilməməsi Qarabağdakı silahlı birləşmələr üçün böyük təhlükə daşıyır. Belə ki, istənilən növbəti qarşıdurmada Azərbaycan tərəfindən yaxalanan silahlıları hərbi əsir elan edib, Ermənistana geri qaytarmaq mümkün olmayacaq. Onlar Azərbaycan tərəfindən cinayətkar elan edilib, Ermənistana qaytarılmaq əvəzinə mühakimə olunacaqlar.
Hüquqi etiraf və birbaşa tabeçilik
“Müdafiə ordusunun” Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi olmasına dair daha bir hüquqi sübut mövcuddur. 44 günlük müharibədən sonra məğlubiyyətin səbəblərinin araşdırılması məqsədilə dövlət qurumları 2000 dən çox cinayət işi açıbdır. Cinayət işləri ilə məşğul olan əsas qurum – Təhqiqatlar Komissiyasıdır. Komissiyaya sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan rəhbərlik edir. 2021-ci ilin sentyabrında yüksəkrütbəli zabitlər də daxil olmaqla 800 nəfərin adı keçən cinayət işləri ilə bağlı məhkəmə qərarları verilmişdir. Həbs olunan əsas iki fiqur isə “Müdafiə ordusunun komandanları” Calal Harutunyan və Mikayel Arzumanyandır.
Ermənistanın dövlət qurumları C.Harutyunyana qarşı iki epizod üzrə cinayət işi açıb: Birinci epizod Harutunyanın 7 oktyabr tarixində həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlıdır. 7 oktyabr tarixində Harutyunyan digər qoşunların çatmasını gözləmədən Hadrut şəhərində yerləşən qoşunlarla əks-hücüm əməliyyatına başlamış, lakin kifayət qədər dəstəyin olmaması səbəbindən mühasirəyə düşmə ehtimalı qarşısında geri çəkilmişdir. Geri çəkilən zaman Harutyunyanın rəhbərlik etdiyi qoşun həm texnika, həm də canlı qüvvə baxımından ağır itki vermişdir.
Cinayət işininin ikinci epizodu mayor G.Gevorgyanın da adının keçdiyi cinayət işi ilə bağlıdır. Gevorgyan ona yaxınlaşan qüvvələrin kim olduğunu aydınlaşdırmaq üçün Harutyunyan ilə əlaqə saxlayıb. Harutyunyan yaxınlaşan hərbçilərin erməni silahlıları olduğunu bildirib. Qısa müddət sonra isə, yaxınlaşan qrupun azərbaycanlı hərbçilər olduğu müəyyən olunub. Vaxt məhdudluğundan hərbçiləri və texnikanı ərazidən çıxarmaq mümkün olmayıb və erməni tərəfi 20-ə yaxın canlı qüvvə və çoxlu texnika itkisi verib. Hər iki ittihamla bağlı Harutunyanın vəkilinin mətbuata açıqlamaları var. Gevorgyan işi ilə bağlı vəkil bildirib ki, Calal Harutunyan əmri “bizimkilər ola bilər, diqqətli olun bizimkilərə atəş açmayın” formasında verib. Bu baxımdan Harutunyana qarşı heç bir ittiham irəli sürülə bilməz. İkinci məsələ ilə bağlı isə vəkil bildirib ki, C.Harutyunyan əks hücumu ən yüksək səviyyədə məruzə edib, razılaşdırdıqdan sonra həyata keçirdib. Müsahibələrin birində Harutyunyanın vəkili hətta əməliyyatın şəxsən baş nazir N.Paşinyan tərəfindən təsdiqləndiyini bildirdi.
Başqa bir cinayət işi 30 oktyabr-9 noyabr 2020-ci il tarixlərində qondarma rejimin ordusuna rəhbərlik edən Mikayel Arzumanyana qarşı açılmışdır. Arzumanyan bir neçə istiqamətdə tabeliyində olan qüvvələrdən səmərəli istifadə etməyərək, Şuşanın və ətraf ərazilərin itirilməsinə səbəb olduğu üçün vəzifə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur. İddiaya görə, o 30 oktyabr-9 noyabr tarixlərində Şuşanın müdafiəsi zamanı Şuşa-Turşsu istiqamətində mövqeləri boş saxlamış, tabeliyində olan 350-dən çox əsgəri bu istiqamətdə müdafiənin təşkilinə cəlb etməmişdir. Bundan sonra 5 noyabr tarixində Azərbaycan hərbçilərinin Şuşa şəhərinə daxil olduğu vaxtda vəziyyətin nəzarət altında olduğunu bildirmiş, əslində isə tabeliyində olan qoşunların səmərəli fəaliyyətini təmin edə bilməmişdir. Nəticədə, Azərbaycan ordusu Şuşa-Turşsu arası istiqamətlərdə irəliləmiş, daha sonra Şuşa və ətraf ərazilərə nəzarəti ələ keçirmişdir. Şuşanın müdafiəsindən əlavə o, 15-20 oktyabr tarixlərində əmrində olan döyüşə hazır 650-dən çox hərbçini döyüşə cəlb etməmişdir. Bütün bunların əsasında Arzumanyana qarşı vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi maddəsi ilə cinayət işi açılmışdır.
C.Harutunyan və Arzumanyan müharibənin drijorları hesab olunurdu. Faktiki olaraq orduya rəhbərlik edən bu şəxslərin Hadrut və Şuşa kimi stratejik və simvolik ərazilərin itirilməsində adlarının hallandırılması sözsüz ki, ən çox Paşinyana və onun komandasına sərf edir. Belə ki, hər iki bölgə ermənilər üçün vacib hesab olunur və onların itirilməsinin məhz Qarabağda olan və oradakı orduya nəzarət edən şəxslərin adı ilə bağlanması rəsmi İrəvan və Paşinyan üzərindən satqın damğasını götürür.
Bu məsələlərlə bağlı bir epizoddan başqa Paşinyanın adının hardasa hallanmasını müşahidə etmək mümkün deyil. Təkcə 2016-2019-cu illərdə Sünikdə birinci instansiya məhkəməsinin hakimi olmuş, hazırda C.Harutunyanın vəkili kimi çıxış edən Arsen Sardaryanın ifadələrindən belə çıxır ki, Harutyunyan uğursuz əks-hücum əməliyyatını özbaşına yox, Paşinyanla razılaşdırılmış və təsdiqlənmiş əsasda edib. Sardaryanın bəyanatı, “Müdafiə ordusunun” müstəqil subyekt olması haqqında Ermənistan yalanını bir daha ifşa edir və qərar qəbuletmə zəncirinin birbaşa N.Paşinyana qədər uzandığını aydın şəkildə təsvir edir.
Bu zəncir daha aydın separatçı rejimin separatçıların lideri olan Araik Arutyunyanın general-leytenant M.Arzumanyanın işi ilə əlaqədar Ermənistana dindirilməyə çağrılması göstərir. Bu bir daha A.Arutyunyan və digər separatçıların müstəqil bir subyekt olmadığını, siyasi və hüquqi cəhətdən Ermənistana tabe şəxslər olduğunu isbatlayır. Cinayət işlərini açmaqla, C.Harutyunyan və Arzumanyanın Ermənistan vətəndaşları olduğunu qabartmaqla, separatçı qurumun qondarma prezidentini dindirilməyə çağırmaqla rəsmi İrəvan separatçı qurumun siyasi-hüquqi cəhətdən Ermənistanın tərkib hissəsi olduğunu etiraf etmiş oldu. Açılan cinayət işləri ona dəlalət edir ki, Haruntyunyan/Arzumanyan Ermənistan vətəndaşı və h/qulluqçularıdır. Bu isə Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin vacib sübutudur.
Beləliklə, 2003-cü il Ermənistan Kassasiya məhkəməsi daxil olmaqla, məqalədə diqqətə çatdırılan bütün dəlil/arqumentlər və Harutyunyan/Arzumanyan cinayət işləri Qarabağda aparılan əməliyyatların İrəvan tərəfindən qərarlaşdırılıb, təsdiqləndiyini isbatlayır. Nəticə etibarı ilə bir daha sübut olundu ki, rəsmi İrəvan iddia etdiyinin əksinə uzun illərdir bu işğalın arxasında dayanan ən əsas fiqurdur.