BLOQ

Məhəmməd Əmin Rəsulzadə ukraynalı alimin gözü ilə

“II Beynəlxalq Rəsulzadə Qiraətləri”: Yaroslav Pilipçuk

Məhəmməd Əmin Rəsulzadə ukraynalı alimin gözü ilə
Məhəmməd Əmin Rəsulzadə
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Azərbaycan tarixçilərinin yaxından tanıdığı və uzun illər əməkdaşlıq etdiyi Ukraynalı alim, tarix elmləri doktoru, professor Yaroslav Pilipçukun “II ...Qiraətlər”dəki məqaləsi ilk baxışda topludakı digər tədqiqatlardan istər mövzu seçimi, istərsə də qoyulan məsələlərə yanaşması ilə xeyli fərqlənir. Məqalədən alınan ümumi təəssürat belədir ki, Müəllif qarşısına tarixən heç bir demokratik inkişaf ənənəsi olmayan bir xalqın 23 ay ərzində demokratik cəmiyyət qurmağa cəhd etməsi və müəyyən nailiyyətlərin fonunda birdən-birə bu prosesin zorakılıq yolu ilə qırılmasının fəsadlarını izləmək məqsədi qoyub. Belə ki, bu zaman milli və demokratik inkişaf yolu seçmiş bir dövləti əvəz etmiş siyasi hakimiyyətin bu yolu hər hansı şəkildə davam etditib-etdirməyəcəyi sualı ortaya çıxır. Əslində Cümhuriyyətin irsinin heç də birdən-birə yox olmadığı və bunun mümkünsüzlüyü kimi həqiqət qarşısında çox ağır reallıqla üzləşmiş Azərbaycanın acı taleyini təsvir edən Müəllif məqaləsinə də çox dəqiq, "danışan"bir başlıq verib: “ Azərbaycan 1920-ci illərdə: müsavatçı, kommunist və ya imperiya hakimiyyəti altında. Hadisələrə tarixi və ideoloji baxış” . “Müsavatçı” hökuməti əvəz etmiş yeni “kommunist” hakimiyyətin mahiyyətini siyasi, ictimai, iqtisadi və mədəni tədbirlər fonunda apaşdırmağa çalışan Ukraynalı alim dövrün ən mühüm hadisələrini ard-arda nəzərdən keçirir.
    Yaroslav Pilipçuk
    “Nərimanovdan Bağırova qədər. Azərbaycan XX əsrin 20-ci illərində” yarım başlığı altında Y.Pilipçuk İnqilab Komitəsinin sədri kimi yeni dövlət quruculuğuna başlayan N.Nərimanovun bu yolda nə dərəcədə şanslı olduğu, reallıqlarla hesablaşdığı, qarşısındakı çox ciddi maneələrin xarakterini nə dərəcədə düzgün anladığı kimi suallara cavab axtarır. Qeyd edilməlidir ki, məqalədə həmin dövrün mütəxəssisləri üçün hər hansı yeni sənədlər, faktlar gətirmir. Bu halda ukraynalı alimin məlum hadisələrə və faktlara məhz yanaşma və baxış bucağı maraq doğurur. Belə ki, 1920-1930-cu illər arasındakı onillik Azərbaycan cəmiyyətinin “yeni quruluşa” qarşı ən müxtəlif səviyyələrdə müqaviməti kimi səciyyələndirilir. Rəsmi dövlət səviyyəsində bu müqavimət erməni əsilli kommunistlərin Azərbaycanın siyasi-inzibati elitasında üstünlük təşkil etməsinə etirazla izah olunur. Rus məmurlarının hakim mövqeyi də Azərbaycan cəmiyyətini hədsiz qıcıqlandıran səbəb sayılır. Müəllif nəzərdən keçirdiyi bütün hadisələr, faktlar, təyinatlar, idarəçilik, iqtisadiyyat və s. sahələrdə mövcud vəziyyətdən çıxış edərək belə bir nəticəyə gəlir ki, 1920-ci ildə Azərbaycanda bolşeviklər tərəfindən qurulan rejim bütün şüarlarına baxmayaraq mahiyyət etibarı ilə işğalçı və repressiv siyasətə əsaslanırdı. Azərbaycan SSR-in başında real hakimiyyətə malik olan bütün rəhbərlər azərbaycanlı deyildilər, Mərkəz ruslara və ermənilərə arxalanırdı. Nərimanov və Bağırov kimi həmin onilliyin iki azərbaycanlı rəhbərinin obrazlarını və idarəçilik metodlarını nəzərdən keçirən tarixçi 20-ci illərdə Azərbaycanın əsas müxalifəti kimi milli maraqlardan çıxış edən kommunist xadimlərini, ilk növbədə Nərimanov qrupunu görür. Bu qüvvələrin Sovet hakimiyyətinin ilk illərində Azərbaycan müsəlman cəmiyyəti timsalında arxalana biləcəyi bir ictimai qüvvə olduğunu bildirir, lakin onların hər hansı real uğur qazanacağını şübhə altına alır, bunun səbəblərini yenə də bolşevik mərkəzin imperialist və işğalçı siyasəti, ən müxtəlif vasitələr və üsullardan istifadə etməsi ilə əlaqələndirir.

    1920-ci illər Azərbaycanın siyasi mənzərəsini gizli şəraitə keçmiş milli qüvvələrin fəaliyyəti olmadan təsəvvür etməyin qeyri-mümkünlüyü vurğulayan Y.Pilipçuk məqaləsinin ikinci yarısını bu mövzuya həsr edir. Sovet hakimiyyətinin ilk illərində Müsavat partiyasının müxtəlif üsullarla gizli, yarı-gizli şəkildə öz mübarizəsini davam etdirdiyini göstərir. Bolşeviklərin demək olar ki, 1932-ci ilə qədər Azərbaycanın idarəçiliyini etnik azərbaycanlılara etibar etməmələrinin bir səbəbini də ölkənin milli qüvvələrinin siyasi müqavimətində görür. Ölkə daxili müxalifətin, xüsusilə “Müsavat”ın və bir sıra digər, daha az məlum müxalif dəstələrin fəaliyyətini nəzərdən keçirməklə kifayətlənməyən müəllif həmçinin xaricdə təşkilatlanmağa başlamış siyasi mühacirətin tarixinə də müraciət edir. Paris Sülh konfransında Azərbaycan Nümayəndə Heyətinin fəaliyyətindən başlayaraq İstanbulda, daha sonra Polşada azərbaycanlı mühacirlərin, ilk növbədə Rəsulzadənin həyata keçirdiyi tədbirləri, yaşadıqları ölkələrin siyasi-hərbi elitaları ilə münasibətləri və əlaqələrindən söz açır.

    Beləliklə, Cümhuriyyətdən sonrakı Azərbaycanın – müstəqilliyini itirmiş, amma hələ sovetləşməmiş bir cəmiyyətinin durumunu bir neçə bucaqdan araşdıran müəllif 1930-ların ilk illərinə də ötəri nəzər salır. Ölkədəki təlatümlü və gərgin vəziyyətin tədricən stabilləşdiyini göstərir və bunu da bütün SSRİ miqyasında ümumi siyasi rejimin oturuşması ilə izah edir. Müəllifə görə bu yeni rejim heç də yalnız Sovet dövləti üçün səciyyəvi deyildi. “30-cu illər bütün Azərbaycan xalqının həyatında, ölkənin özündə və siyasi mühacirətinin daxilində artıq yeni mərhələnin başladığından xəbər verirdi. Bu zaman üçün Azərbaycanda və bütün Sovet İttifaqında “Stalin diktaturası” deyilən rejim artıq tam surətdə möhkəmləndi. Avropada isə bu vaxt tədricən diktator rejimləri - İkinci dünya müharibəsinin müjdəçiləri - güc toplamağa başlayırdı...”.

    Y.Pilipçukun “Rəsulzadə və müasirləri” kontekstində təqdim edilən bu məqaləsi Azərbaycan tarixinin ən mürəkkəb və ziddiyyətli, ən maraqlı və zənnimcə, ən az araşdırılmış dövrünə - 1920-ci illərə - ideologiyalar və siyasi hakimiyyətlər arasında çırpınmağa məruz qalmış ölkənin və cəmiyyətin taleyinə həsr olunub. Azərbaycan tarixşünaslığında tarixi hadisələrin sadalanması arxasında ayrı-ayrı problemləri deyil, məhz ümumi panoram formatında dövrün xarakterini açıqlayan tədqiqatlar təəssüf ki, hələ çox azdır. “Rəsulzadə qiraətlərinə” cəlb olunan xarici tədqiqatçıların yazıları bu baxımdan Azərbaycan tarixşünaslığına yeni çalarlar və baxışlar gətirir.