Türkiyədə nə var, nə yox?
Antalyada daimi yaşayan ruslar, possovet insanları orta məktəblərə hədiyyə və rüşvət ənənəsi gətirmişdilər
İndi Türkiyədə vəziyyət necədi?
Əvvəla, hər şey çox bahadır. Hər şey. Ən adi şeylər belə. Məsələn, yaxşı pendirin kilosu 200 lirədən (11,80 AZN) başlayır. Ətin ən ucuzu 300 lirədir (17,70 AZN).
15 ədəd yumurta 100 lirədir (5,90 AZN). 1 Azərbaycan manatı 18 Türk lirəsidir. 18 lirəyə Türkiyədə 2 çörək ala bilərsən. O da bizim zavod çörəyinin dadında olsa dərd yarı.
18 lirəyə avtobusla tək gediş gedə bilərsən. Taksiyə minənləri hələ demirəm. Çox azalıblar. Taksi sürücüləri yerlilər kimi desəm, "sinək avlıyorlar". Yəni, müştəri o qədər azdır ki, bütün günü “milçək qovurlar”. Məsələn, Antalyada taksiyə oturan kimi taksometr yerindən tərpənmədən 40 lirə yazır (2,40 AZN). Aerorporta taksi ilə getmək üçün ən azı 1000 lirənlə (59 AZN) vidalaşmalısan. Ehtiyac olmadıqca taksiyə heç əcnəbilər də oturmur.
Bahalığın bu səviyyəyə çatması insanları bir birinin evinə gedib gəlməkdən soyudub. Türklər qonaq getməyi, qonaq qarşılamağı sevən xalqdır. Ancaq bahalanmadan sonra qonaqlıqlar da azalıb. Qonaq qabağına çıxmaq üçün ən azı 800 lirəlik (48 AZN) ərzaq almaq lazımdır.
Ancaq nə hikmətdirsə, qızıl dükanları ağzına kimi doludur. Pulu olan da, olmayan da qızıl alır. Qızılın qramı 1800 lirəni (106 AZN) keçdi. Amma tələbat azalmadı. Türkiyədə qızıl tarixən ən səmərəli yatırım hesab olunub. Nəyin də olmasa, qızılın olmalıdır. "Qara gün" üçün. Buna görə də insanlar pullarını qəpik-qəpik toplayıb mütləq qızıl alırlar.
Bunlar günlük həyatın boz tərəfləridir. Ancaq şəxsən mənim ürəyimi açan hadisələr də baş verir. Məsələn, Müəllimlər günü. Hər il noyabrın 24-də Türkiyədə müəllimlər günü qeyd olunur. Türkiyədə 81 şəhər var. Hamısı haqqında danışmaq çətindir. Amma Antalyada daimi yaşayan ruslar, possovet insanları orta məktəblərə hədiyyə və rüşvət ənənəsi gətirmişdilər. O dərəcədə ki, yerli müəllimlər bunun bir qayda olduğuna inanmağa başlamışdılar. Gözləri yolda qalırdı. Hədiyyə gətirməyənə gizli-gizli kin tutanlar olurdu.. Nəhayət bu il Təhsil Nazirliyi bu məsələyə ciddi şəkildə əncam çəkdi. Müəllimlərin hədiyyə və pul alması qadağan olundu. Bu il bütün məktəblərin "Whatsapp" qruplarına bayramdan iki gün əvvəl xəbərdarlıq gəldi: "Əziz valideynlər, Müəllmlər günü məktəbimizdə bir dəstə çiçəkdən başqa heç nə gəbul olunmayacaq".
Mən də bir valideyn kimi müəlliməmizə bir dəstə çiçək apardım. Onu belə qəbul etmədi. Ona gələn bütün çicək buketlərini valideynlərin özünə hədiyyə etdi. Və hamımıza bunu dedi: “Mənim üçün ən qiymətli hədiyyəniz uşaqlarınıza verdiyiniz yaxşi tərbiyədir. Uşaqlarınıza çox vaxt ayırın!”.