Yolu necə gəldiyimizi yadıma sala bilmirəm. Bir də gördüm ki, filmə baxırıq. O qədər diqqətlə ekrana baxırdı ki, arada dönüb nəsə demək istəyəndə, udqunub boğazımda qalan səsləri udmalı olurdum. Əslində, bu filmi, o da, mən də əzbər bilirdik. Neçənci dəfə baxırdıq, bilmirəm…Amma bu diqqəti yayındıra bilməzdim. Gözümün ucu ilə baxırdım ona. Bu qədər illər keçdi, gəl ki, adam heç dəyişməyib.
Saçları elə qapqaradır, qəddi az da olsa, əyilməyib. Yenə də şax oturub. Əlini də arada üzünə əvvəlki kimi aparır, filmin gərgin epizodlarında tez-tez nəfəs alır. Həyəcanlanır…
İstəyirəm ki, əlimi kürəyinə vurub “Qaqaş, həyəcanlanma da, kinodur”, deyim, stress keçirməsini istəmirəm.
Yenə niyəsə tərpənmirəm. Yerində hər dəfə qurcuxanda, ətri pərdə-pərdə yayılır. Burnumla beynim birləşir. Bu hansı parfümdür: “Aramis”, yoxsa… Tapa bilmirəm və bir az da özüm-özümə cırnayıram. Hər ikimiz cavanlıqdan ətir vurmurduq, çimirdik ətirdə. Axırıncı davamız da ətir üstündə olmuşdu.
Yay idi. O vaxt kondisionerimiz yox idi. Daha doğrusu, bir dənə idi, o da qonaq otağında. Mən hava isinən kimi yerimi balkonda salırdım. Səhər gün təzə çıxmışdı. Bu gün, deyəsən çox isti olacaqdı. Amma hələ səhər mehi var idi. Mən gün çıxmamış durar, idmana başlardım deyə, artıq yerimdə qurcalanırdım.
Bir də eşitdim ki, boğuq səslə həyətdən mənim adımı çağırır. “Əstəğfirullah”, dedim səhərin gözü açılmamış bu haradan çıxdı?, deyə fikirləşdim. Yerimdən hövlnak qalxıb nədir?, nə var?, dedim. Qapını aç, gəlirəm. Öz-özümə dedim ki, bu, yenə nəsə edib, Naxış xalanın qorxusundan, evə gedə bilmir. “Mama”mı verəcək qabağa.
Gülmək məni tutsa da, səsimi içimə salıb dəhlizə keçdim, otağın qapısını bağladım, çöl qapısını açdım. Açmağımla özünü içəri təpdi. Rusca “Ətirin varmı?”, soruşdu. Yox, yoxumdur, demək istəyirdim ki, “gətir”, dedi. Yuxulu olsam da, yadıma saldım ki, axırıncı ətrimin dibində bir az qalıb. Dayan, dedim, içəri keçdim, əlimdə ətir qayıtdım. “Elə bu?” deyib fısıldatdı öz üstünə. “Daha yoxundur?”. Yalan danışmaq istəyirdim, amma elə baxırdı ki, “Varımdır, amma açmamışam”, dedim. “GƏTİR-GƏTİR”. Əlim əsə-əsə o vaxt dəbdə olan bizim dildə ayıb adı (“Lancome Sikkim”) olan təzə ətir qutumu gətirdim. İlahi… Bundan sonra olanları indi də yadıma salanda, şok keçirdirəm. Bir flakon ətri vurdu. Vurdu nədir ee, çimdi. Axırıncı püskürtmələri cins şalvarının diz hissəsinə vuranda, məni ağlamaq tutdu. İndi evdəkilər oyanar deyə, həm səsimi çıxarda bilmirəm, həm də gözləyirəm ki, anamdan kömək istəyəcək. Di gəl ki gülə-gülə boş flakonu qaytarıb “Spasibo” dedi və yel kimi qapını açıb pilləkənləri cüt-cüt qalxdı. Baxa-baxa qaldım əlimdə boş flakon.
Kefim elə pozulmuşdu ki… Sonra anam başa saldı ki, qaqaş “diskoteka”dan gəlirmiş, üstünə də siqaret iyi hopub. Atası da siqaret çəkən deyildi, anası da çox ciddi…Nə isə, heyf mənim ayıblı adı (“Lancome Sikkim”) olan “importnı” ətrimə oldu…
Amma indiki ətir iyi çox da parfümə bənzəmir. Amma möhtəşəm iydir nə iyidirsə…
Onun gözü ekranda mənim gözüm onda …Film bitdi. “Hara gedirik?”, soruşur. Gəl, çıxaq bayıra. Mən də birinci dəfədir ki, gəlirəm, deyirəm. “Mənə bax, sən əvvəllər burada çox olmusan, necə də olmasa, qaynata yurdudur”, deyib zarafata keçirəm, irəliləyirik. Üzünə baxıram, yolu qət etdikcə, “Gülər, nə yaxşı məni buraya çağırdın”, deyir dodağının altında… Bir demir, beş demir, hey deyir.
Gözlərimi açıram, qaranlıqda əlimlə telefonumu axtarıb tapıram. Namaza az qalıb… Elə bil boşluqdayam Məcburən ayağa qalxıram. Daha doğrusu, Baron Münhauzen kimi özümü xəyalən saçımdan tutur, yataqdan qaldırıram. Namaza heç vaxt fikirli getmək istəmirəm, olmaz. Mətbəxə keçib böyük bir parç su içirəm. Oturub içirəm, çünki ayaq üstdə həm günahdır, həm ziyan. Ziyanı həkimlər deyir, günahı da Peyğəmbər (s.ə.s.).
Zatən, İslamı qayda ilə yaşasan, xəstələnməzsən. Sağlam ölərsən. Zarafat edirəm, heç kim sırasız ölməsin. Heç bir ana-ata, övlad qəbrinə getməsin, istəmirəm, heç istəmirəm. Yuxudan ayıldığım üçün peşmanam. Ona sualım çox idi. Birinci soruşacaqdım ki, sənin xəbərin çıxan kimi televizorda səni görüb çox pis oldum. Məni ən çox heyrətləndirən sənin öz ölümünü çəkməyin oldu. Bir yazı yazdım:! Qu quşunun ölümü”. “Niyə”, soruşsaydı, deyəcəkdim ki, qu quşu ölməmişdən öncə çox gözəl oxuyur. Özü üçün oxuyur. “Səhər” qəzeti idi, ya da “Şərq”. İndi yadımda deyil. Amma ayıldım, heç bir şey soruşa bilmədim. Bir də o mənə “Yaxşı ki, məni çağırdın”, dedi.
Mən onu necə çağıra bilərdim…Nəsə, namaza gecikirəm. Namazdan sonra dua və zikr üçün divanda oturdum. Elə keçənlərimizə “Fatihə” göndərmək istəyirdim ki, yadıma düşdü. Laçın gününün konsertinə baxanda fikirləşdim ki, ay Çingiz, səsin batana kimi Laçından çıxan hərbçiləri geri qaytarmağa çalışırdın. Can, ay qardaş. Kaş ki, indi Laçın dağlarından yayılan bu çal-çağırı eşidəydin.
Nə sənin yerin görünürdü…?!
Məqalə Çingiz Mustafayef Fondunun təşkil etdiyi yazı müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.
Gülər Mikayılqızı