BLOQ

İlhamla seçilən Əliyev

Bir şeyi anlamıram, yerli və xarici bəyimlər və bəylər - sizin gözləntiləriniz nə idi?

İlhamla seçilən Əliyev
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycanda prezident seçkiləri qabağı və ondan sonrakı şəxsi söhbətlərimdə hakimiyyətin legitimlik üçün liberal namizədə ehtiyacı olduğunu iddia edən yerli və xarici həmkarlarım, müxtəlif çaplı siyasətçilər məni təəccübləndirməkdə davam edirlər.

    Düzünü desəm, hakimiyyətin legitimliyi üçün nə məcburi liberal, nə əsgər kimi sağa-sola baxan, nə də kompas kimi şimal, cənub, qərb, şərqə yönələn və ya başqa bir namizəd lazımdır. Əslində, hakimiyyətin legitimliyi üçün iki əsas amil olmalıdır:

    1. Seçiləcək Prezidentin yüksək reytinqi, üstəgəl xalq tərəfindən kütləvi dəstək;

    2. Qanunvericiliyə tam uyğunluluq və bütün zəruri prosedurlara formal riayət edilməsi.

    Əgər İlham Əliyevin real reytinqi 70%-i keçibsə və parlament partiyaları namizədlər siyahısında təmsil olunubsa, deməli, legitimliklə bağlı heç bir problem yoxdur.

    Bundan əlavə, Prezident Əliyev son Prezidentlik dövründə 30 ildə Qarabağ müharibəsi, torpaqlarımızın itkisi və bir milyon qaçqının fəlakəti ilə sarsılmış millətin başını qaldırdı və xəyali ümidlərini doğrultdu – müharibədən Azərbaycan Xalqını qələbə ilə çıxartdı, torpaqları azad etdi və artıq qaçqınların taleyi də həll olunmaqdadır.

    Bir şeyi anlamıram, yerli və xarici bəyimlər və bəylər - sizin gözləntiləriniz nə idi? Bu hünəri müşaiyət edən Azərbaycan Xalqı İlham Əliyevi kənara qoyub Zahid Oruc və ya Razi Nurullayevi seçməli idi? Mənim məlumatıma görə, digər namizədlərin əlacı olsaydı, heç vaxt İlham Əliyevə qarşı bu cür hörmətsizlik etməz və Prezidentlik uğrunda yarışa çıxmazdılar… Nə etsinlər? Xalq deyir, sür dərəyə, onlar da sürücülük vəsiqəsini alıb əmrə tabe olurlar.

    Digər namizədlərdən söz düşübsə, deməliyəm - artıq ilk dəfə deyil ki, Prezidentlik yarışına qatılan hörmətli Zahid Oruc və Qüdrət Həsənquliyev bu dəfə reytinqlərini cidii şəkildə itirdilər. Belə ki, adı çəkilən hər bir namizəd faiz nisbəti ilə 2018-ci il seçkilərlə müqayisədə cidi siyasi fəlakət yaşayaraq, müvafiq olaraq 30% və 40% seçici səsi itirdilər və onları artıq ciddi opponent hesab etmək mümkün olmayacaq. Lakin namizəd Razi Nurullayev ile vəziyyət daha ciddidir. Adı çəkilən bu bitərəf namizəd 2018-ci ildəki seçkilərdən fərqli olaraq yüksək performans göstərərək, hətta İlham Əliyevi seçici artımı nöqteyi-nəzərindən qabaqlayaraq, 0,74 faizdən 9% yüksələrək 0,80 faizə yüksəldi. Xatırlatmaq istəyirəm ki, İlham Əliyev eyni göstəricilər üzrə 2018-ci il seçkiləri ilə müqayisədə 86 faizdən cəmi 7 faiz yüksələrək 92 faizə qalxdı. Bildiyimiz kimi, rəqəmlər çox sərt amildir və düşünürəm ki, növbəti seçkilərdə Razi Nurrullayev yeni performansı ilə, cüzi də olsa, Prezident Əliyevə ciddi narahatlıq yarada bilər.

    Sözsüz ki, bu rəqəmlər dəqiq olsa belə, bir zarafatdır. İlham Əliyev Prezident oldu. Və mən, ailəmiz adından və bütün ANS və VMF ailəsi adından Prezidentimiz və Ali Baş Komandamızı təbrik edirəm! Allah Sizə Azərbaycan naminə yeni uğurlara imza atmaq üçün möhkəm cansağlığı, ailə səadəti və ən əsası, uğurlar bəxş etsin!