BLOQ

II Beynəlxalq "Rəsulzadə qiraətləri"nə start verildi

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür

II Beynəlxalq "Rəsulzadə qiraətləri"nə start verildi
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, “Azərbaycançılıq” milli ideologiyasının yaradıcısı, “Azərbaycan” adlanan ilk müstəqil, milli, demokratik respublikanın ilk dövlət başçısı, azərbaycanlıların öz dövrü üçün ən kütləvi, mütəşəkkil və aparıcı siyasi təşkilatı, Cənubi Qafqazın nüfuzlu siyasi partiyalarından biri – Müsavat” partiyasının lideri, bütün Türk dünyasının görkəmli mütəfəkkiri, ictimai, siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür.
    Rəsulzadənin həyat və mübarizə yolu, zəngin yazılı irsi ilə az-çox tanış olan hər bir azərbaycanlı vətənpərvər, qədirbilən və minnətdar olmağı bacaran düşüncə adamı bu tarixi gündə Məhəmməd Əmin xatirəsini anır. Rəsulzadənin öz Vətəninə və Dövlətçiliyinə, Xalqına və Millətinə xidmətləri qarşısında bu Vətən və Dövlətdə, bu Xalqın və Millətin az da olsa borcunu qaytarması məqsədilə 3 il əvvəl yaradılan “Rəsulzadə ev muzeyi” İctimai Qrupu olaraq, təbii ki, biz də bu ildönümünü öz məqsəd və niyyətlərimiz dairəsində qeyd edirik. Bilavasitə əsas məqsədimiz – M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı fəaliyyətimizdə hələ ki, görünən irəliləyiş olmasa da, bütün obyektiv və subyektiv amillər nəzərə alınmaqla “prosesin içindəyik”. Daha real və həlli qat-qat asan olan digər bir niyyətimiz – Rəsulzadənin 1919-1920-ci illər Bakıda yaşadığı Vorontsovskaya 15 ( indiki İslam Səfərli 15) ünvanda yerləşən binaya Məhəmməd Əmin bəyin barelyefli Xatirə lövhəsini vurmaq sorğularımıza da hələ ki, müraciət etdiyimiz ünvanlardan hər hansı cavab gəlməsə də, bu niyyətimizdə də israrlıyıq və ümid edirik ki, Mədəniyyət Nazirliyinin rəhbərliyində baş verən mütəmadi dəyişikliklərin gedişində hər halda bu xahişimizə müsbət cavab-icazə veriləcək. Yeni nazirin daha işgüzar və qərarlı olacağına inanmaq istərdik.
    İctimai Qrupumuzun artıq bilavasitə özümüzlə bağlı olan fəaliyyəti – ilk növbədə İQ tərkibində “Rəsulzadə İrsi Araşdırma Mərkəzi”nin nümunəsində davam edir. Bu sahədə ən gözəçarpan nailiyyətimiz – 2022-ci ilin 30-31 yanvar tarixində, Rəsulzadənin anadan olmasının 138-ci ildönümü ərəfəsində “I Beynəlxalq Rəsulzadə Qiraətləri” məqalələr toplusunun nəşri və bu kitabın Milli Azərbaycan Tarixi Muzeyindəki təqdimat mərasimi yəqin ki, elmi və media ictimaiyyətinin yadındadır. “Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” ümumi başlığı altında 11 ölkədən 40 müəllifin 4 dildə elmi və publisistik məqalələrini, bir sıra arxiv və digər tarixi sənədlərin elmi-informatik təsnifatı verilməklə nəşrini özündə birləşdirən bu toplu (672 səh.) artıq Azərbaycanın sərhədlərini aşaraq xarici alimlərin, eləcə də bir sıra ölkələrin kitabxana və arxivlərinin kataloqlarına daxil olmuş və böyük maraq doğurmuşdur.
    “Beynəlxalq Rəsulzadə qiraətləri” elmi konfransının təşkili və onun materiallarının nəşrə hazırlanması prosesi üçün ən azı 2 il vaxt tələb olunduğu təcrübəsindən çıxış edərək, bu sıradan ikinci beynəlxalq konfransı da əvvəllər nəzərdə tutulduğu kimi hər il deyil, iki ildən bir keçirmək qərara alınmışdı (2020-2021-ci illər Kovid pandemiyası nəticəsində 2022-ci il üçün nəzərdə tutulan beynəlxalq konfransın özü təxirə salınsa da, müəlliflərlə əlaqələr saxlanmış və toplanan materiallar 2022-ci ildə nəşr edilmişdi). Birinci kitabın nəşrindən dərhal sonra İQ-un Təşkilat Komitəsi və “Rəsulzadə İrsi Araşdırma Mərkəzi” “II Beynəlxalq Rəsulzadə Qiraətləri” konfransının hazırlığına başlamış, ilk növbədə ayrı-ayrı xarici müəlliflərlə əlaqələr yaradılmış, bir sıra digər işlər görülmüşdür.
    Bu gün – Rəsulzadənin anadan olmasının 139-cu ildönümü ərəfəsində - “Rəsulzadə ev muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsi 2024-cü il 30-31 yanvar tarixlərində Bakıda “II Beynəlxalq Rəsulzadə Qiraətləri” elmi konfransının keçiriləcəyi və bu elmi toplantıya təqdim və qəbul olunmuş məruzə və məqalələrin Konfrans ərəfəsində artıq toplu şəklində nəşr olunacağı haqda rəsmi anons verir.
    Konfransın ümumi məzmunu ənənəvi olaraq qalır: “Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində”. Lakin bu ümumi başlıq altında konfrans iştirakçılarına bir sıra yeni elmi istiqamətlərdə araşdırma mövzuları təqdim olunur. Beynəlxalq Konfrans və göndəriləcək məqalələrə, sənəd və yazılara qoyulan tələblər ilə daha ətraflı şərhlər hissəsindəki linklərdə tanış ola bilərsiniz.
    Qarşıdakı “II Beynəlxalq Rəsulzadə Qiraətləri” xüsusilə əlamətdardır, belə ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik – Yubiley təntənələri ilə bir vaxta düşür.
    “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu olaraq biz, bu yubileyi layiqincə qeyd etmək üçün ilk növbədə öz üzvlərimiz – yalnız elmi ictimaiyyət deyil, Qrupumuza daxil olan ədəbiyyat, mədəniyyət, mətbuat, teatr və kino xadimləri, media, diaspora, gənclər təşkilatları ilə birlikdə tədbirlər planı hazırlayırıq. Eləcə də bu yubileyin keçirilməsində maraqlı olan və iştirakını artıq təklif edən ali təhsil müəssisələri, mədəniyyət ocaqları, muzeylər və d. təşkilatlar və ayrı-ayrı şəxslərlə əməkdaşlıq haqda danışıqlar aparırıq.
    Xarici səfərlərimiz, eləcə də əcnəbi həmkarlarımızla ünsiyyət zamanı M.Ə.Rəsulzadənin 140 illik yubileyinin həmçinin ölkəmizdən xaricdə, xüsusilə Türk Dövlətləri Təşkilatı xətti ilə bu təşkilata üzv türk məmləkətlərində, bir sıra Qərb və Şərq ölkələrində, qonşu dövlətlərdə də qeyd edilməsinə dair artıq danışıqlarımız başlayıb və qarşıdakı bir ildə bu sahədə fəaliyyətimizi yəqin ki, daha intensiv davam etdirəcəyik.
    Dostlar, 3 il əvvəl “Rəsulzadə ev muzeyi” İctimai Qrupumuzun yaradıldığı haqda ilk Bəyanatı “Borcumuzu qaytaraq” başlığı ilə təqdim etmişdik. Bu illər ərzində Rəsulzadə adını daim gündəmdə saxlamaqla, Rəsulzadə araşdırmalarını sistemli şəkildə, yeni elmi səviyyəyə qaldırmaqla, üzvlərimizin bu sahədə elmi-maarifçi-təbliğatı fəaliyyətini genişləndirməklə biz artıq qrup halından çıxaraq Rəsulzadənin “Azərbaycançılıq” həyat amalının və zəngin yazılı irsinin əsas qayələrini – Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərlərini uca tutan bir Hərəkata çevrilmişik. Bu dəyərlərin Cəmiyyətimizin həyatına daxil olması hər birimizdən asılıdır və qarşıdakı yubiley hər kəsin bu işə öz töhfəsini vermək imkanı yaradır.
    Fəal olaq. Hər birinizdən dəstək, təkliflər, əməli işlər gözləyirik.