BLOQ

Kimsən sən?

Adam heç kim olduğunu dərk edəndə aydınlanır, durulur, sadələşir

Kimsən sən?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Həqiqi bilik öz içinə enməkdir. Oxuduqca, öyrəndikcə, düşündükcə öz içinə, ordan da lap dibinə enirsən. Ən dibdə isə yalnız bir həqiqət var:

    "Sən heç kimsən".

    Adam heç kim olduğunu dərk edəndə aydınlanır, durulur, sadələşir. Tərif ən çox daxili boşluğu olan adamların xoşuna gəlir. Başqasının tərifi gedib o boşluğu doldurur, bir anlıq xoşbəxt olursan. Bu o deməkdir ki, sənin xoşbəxtliyin başqasından asılıdır. O adamların xoşbəxt olması mümkün deyil ki, onun təsəvvüründə həyat tamamilə gözəl bir yerdir. Guya hamı xoşbəxtdir, bircə onda alınmır. Amma sən həyatın məşəqqətlərlə dolu bir yer olduğunu dərk edəndə ordakı ani xoşbəxtliklərin qədrini bilirsən, o ani xoşbəxtliyi qənimət, qazanc, naliyyət hesab edirsən.

    Daxilən özünü təsdiq etməmiş, içində boşluq gəzdirən adamların xoşbəxtliyi başqalarından asılı olduğu üçün başqalarının tənqidi ilə də darmadağın olurlar. Çünki öz varlığını başqalarının tərifi üzərində bərqərar edib deyə tənqid birbaşa onun mövcudluğuna təsir göstərir. Təsəvvür edin, adam yalandan ibarət bünövrə üzərində özünə bir kimlik düzəldir, sən də gedib onun kimliyini dümsükləyirsən. Dəli olar da... Belə adamları tərifləyəndə dostu olursan, tənqid edəndə düşməni.

    Yazıçının isə yeganə davası özü ilə olmalıdır. Çünki yazdığın əsərdə xəyanətkar obraz da özünsən, satqın da, yalançı da, ləyaqətli, şərəfli, dürüst də özünsən. Xəyanətkar, satqın, yalançı, həm də ləyaqətli, dürüst adamın hissləri səndə olmasa obrazları yaratmaq mümkün deyil. İçdəki o duyğuların davasına isə yaradıcılıq deyilir.

    Ədəbiyyat həyatı səhv yaşamaqdır. Ancaq bir şərtlə ki, o səhvlər yaradıcılığa çevrilsin. Ədəbiyyat yeganə sahədir ki, bütün məğlubiyyətləri orda qələbəyə çevirmək mümkündür. Həyatdır, ola bilər ki, sən özünü insanların gözündə heç nə təsdiq edə bilməzsən. Nə oğul, nə ata, nə dost, nə də peşənin sahibi kimi. Amma niyə belə oldu sualı ilə dövrü, mühiti, insanı, özünü ifadə edən bir əsər yazarsan, adını da qoyarsan, məsələn, "Mən necə təkləndim?". Əsər bütün dünyada tirajlanar, hamı özündə səndən nəsə görər. Tarixdə o qədər belə yazıçılar olub.

    Kənddə heç kimin yanında hörməti olmayan bir nəfər var idi. Nə arvad sayırdı, nə ata, nə ana, nə qonum-qonşu, qohum-əqraba. Müharibə başladı, döyüşlərə getdi, qayıdanda bütün kənd onu ayaq üstə alqışladı. Demək, içində bir potensial varmış. Demək, bacardığı bir iş varmış. Ancaq onu üzə çıxarmaq, özünü təsdiq etmək üçün şərait yoxmuş. Müharibə ona meydan verdi ki, özünü təsdiq eləsin.

    Azərbaycanda isə ədəbiyyatın meydanı yoxdur. Ona görə də o meydanı özün yaratmalısan, müharibəni də özün başlamalısan, silahları da özün istehsal etməlisən, sülhü də özün yaratmalısan, həqiqi qəhrəmanlara heykəli də özün qoymalısan. Heç kimdən asılı olmayan mövcudluğu isə yalnız öz daxili müharibələrindəki həqiqətin qələbəsi ilə əbədi yaşada bilərsən.