BLOQ

Hüseyn Cavidin verdiyi dərs

İsveçdə bir nadanın Quran yandırması xəbəri H.Cavidin “Şeyx Sənan” dramındakı məlum epizodu xatırladır

Hüseyn Cavidin verdiyi dərs
  • Oxuma müddəti:

    3 dəqiqə

  • İsveçdə bir nadanın Quran yandırması xəbəri H.Cavidin “Şeyx Sənan” dramındakı məlum epizodu xatırlatdı. Həmin epizod Quran yandırılmasına edilən cəhdlə bağlıdır.
    Bədii ədəbiyyatda Quran yandırılmasına cəhd əhvalatı bunun tarixdə ənənəvi nümunələrinin olduğunu da ortaya qoyur.
    Əsərdə keşiş şeyxdən tələb edir ki, sevgilisi Xumarın naminə islamdan üz döndərməsinin nümayişi olaraq boynundan xaç assın. Sənan xaçı boynundan asır, amma, baxın, bu zaman iztirab keçirən dostlarına, eləcə də bunu ondan tələb edənə necə bir dərs verir:
    İbn Məryəm asıldı darə, fəqət
    Onu təkrarə varmıdır hacət?
    Bumu İsanın ərşə me’racı?
    Bən nəyim şimdi? Canlı dar ağacı...
    …İştə bir parçacıq gümüşdür bu,
    Bunu asmaqla bir yüzük taxmaq
    Bəncə birdir, bir... anladınmı bunağ!
    Keşiş ona istehza etməsinə dözməyəcəyini bildirəndə Şeyx Sənan Məsihi, əksinə, uca tutduğunu car çəkir:
    Xayır, onsuz da həzrəti-Isa
    Bizcə ən möhtərəm, böyük sima...
    Pərtlik keçirən keşiş bu dəfə təkid edir Şeyx Sənan Quranı yandırsın. Sənan bunun nə mənası olduğunu soruşur. Keşiş deyir bəhanəni bir kənara qoysun, dediyini etsin. Sənan Quranı keşişə verir ki, müqəddəs kitabın yandırılmasını istəyirsə, özü yandırsın.
    Dostları pəjmürdədirlər: “Şeyx, Qur’an yaqılmaz!”.
    Sənan isə yenə hikmət saçır:
    “Hökmi-Qur’an ilələbəd ucalır,
    Yaqılan həp kağız, mürəkkəbdir”.
    Ardınca da havanı bulud alır, göy guruldayır… H.Cavid təbiətin də etirazına beləcə yer verir. Keşiş isə inadından əl çəkmir:
    Onu atəşdə yaqmayınca, inan,
    Sana əsla olunmaz itminan.
    Quranı uca tutan Sənan öz məntiqi ilə, əslində isə Quran məntiqi ilə həm ənənəvi müsəlmanların, həm də əsərdəki keşişin timsalında xristian özülçüsünün başına ağıl qoymaq istəyir:
    Hökmi-Qur’anı tutmuyan məğrur,
    Onu atəşdə yaqmış ədd olunur.
    Bir də bihudə etdiyin israr,
    Bunda İsa və Məryəmin adı var.
    Yəni Quran hökmünü zehnində, əməlində rəhbər tutmayan təkəbbürlü insan onu elə yandırmış sayılır. Bu ifadə, bir yandan, mahiyyətcə keşişi islama dəvət təsiri bağışlayır, digər yandan, beyni dini təhriflərlə dolu müsəlmanların ünvanına qınaq kimi də səslənir. Və Sənan keşişə xatırladır ki, Quran yandırılcaqsa, şanı uca Məsih İsa ilə Məryəmin adları keçən Quran səhifələri də yanacaq. Yəni sən özün öz inancını oda atmış olursan…
    Bu ilahi məntiq qarşı tərəfi tərksilah edir.
    İndi İsveçdə baş verən o xoşagəlməz hərəkətin fonunda H.Cavidin verdiyi bu dərs hər mənada, hamı üçün ibrətamizdir.
    Şərqşünas-alim
    Nəriman Qasımoğlu