Çin - Yeni Dünya Sərpayısı Rusiyada...
Çin lideri Ukraynadakı müharibəyə son qoymaq üçün Moskvadadır, "əziz dostu" Putinin yanında...
Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Moskva səfəri Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarıldıqdan sonra onun təbliğat siyasətinin qələbəsi kimi qiymətləndirilir.
Beynəlxalq müşahidəçilər tərəfindən Vladimir Putinin Çin Prezidenti Si Cinpin ilə sammiti Rusiya qüvvələrinə “vaxt udma taktikası” kimi qələmə verilir və yeni döyüşlərə hazırlığa imkan kimi tənqid edilib. Putinin Kremldə Si Cinpinlə danışıqlar zamanı ayaqlarını tez-tez tərpətməsi də hər iki başçının o qədər də rahat olmadığını göstərirdi.
ABŞ-ın Dövlət katibi Antoni Blinken sülhə xidmət edən bu kimi danışıqlara şübhə ilə yanaşdığını bildirib: "Dünya Rusiyanın öz şərtləri ilə müharibəni dondurmaq üçün hər hansı taktiki addımına aldanmamalıdır, hətta onu Çin və ya digər ölkələr dəstəkləsə belə".
Cənab Blinken Çinə qarşı ABŞ hökumətinin mənfi münasibətini gizlətməyib: “Birləşmiş Ştatlar “ədalətli və davamlı sülhü” təmin edə biləcək istənilən danışıqları alqışlayır, lakin Çinin Ukraynanın “suverenliyini və ərazi bütövlüyünü” bərpa etmək marağına şübhə ilə yanaşır. Rusiya qüvvələrinin Ukrayna ərazisindən çıxarılmasını ehtiva etməyən atəşkəs çağırışı Rusiyanın fəthinin ratifikasiyasına faktiki dəstək olardı".
Böyük Britaniyadan olan ekspert bildirib ki, Si Cinpin Rusiya ilə Qərb arasında “vicdanlı ortaq” kimi qəbul olunmur və buna Ukrayna Prezidenti Volodimir Zelenski də inanmayacaq.
Lakin Prezident Cinpinin Vladimir Putini "əziz dostum" adlandırması və bu səfərin "səmərəli olacağını və Çin-Rusiya münasibətlərinin sağlam və sabit inkişafına yeni təkan verəcəyini" bildirməklə, bütün dünyaya bu iki nəhəng dövlətin bundan sonra da siyasi və iqtisadi müstəvidə birgə çıxış edəcəklərini proqnozlaşdırıb.
Çin və Rusiya həmçinin cənab Sinin səfərini “ölkələr arasında olan məhdudiyyətsiz dostluğ”un daha da dərinləşdirmək səylərinin bir hissəsi kimi qeyd ediblər.
Belə münasibətlər fonunda rəsmi Pekin tərəfləri atəşkəsə çağırdı, lakin Vaşinqton bu ideyanı qəti şəkildə rədd etdi, çünki indiki vəziyyətdə bu Kremlin döyüş meydanında əldə etdiyi nailiyyətlərin effektiv ratifikasiyası kimi qəbul olunacaq.
Çin Asiyanın ən böyük enerji əjdahası kimi, iqtisadiyyatı üçün Rusiyaya neft və qaz mənbəyi kimi baxır və bundan əlavə və ya bundan artıq olaraq, hər iki ölkə qlobal beynəlxalq məsələlərdə Amerikanın hökmranlığını qəbul etməyərək tərəfdaş kimi çıxış edirlər.
Bundan əlavə, Çinin vasitəçiliyi ilə uzun müddət düşmən sayılan İran ilə Səudiyyə Ərəbistanı arasında bu yaxınlarda yaradılan sülh, Qərbdən fərqli olaraq, Pekinin sülh məsələlərində daha müdrük və effektiv, əsrlərlə yoxlanılmış metodikaya arxalanması bu məsələlərdə də böyük rol oynayacağına inamı artırır. Lakin Qərb müşahidəçilərinin fikirləri məhz Rusiya və Ukrayna məsələsinə gəldikdə haçalanır.
Londondakı Şərq və Afrika Tədqiqatları Məktəbinin (SOAS) Çin İnstitutunun direktoru, professor Stiv Tsangın fikirincə:
“Si, yəqin ki, Səudiyyə Ərəbistanı ilə İran arasında sövdələşmənin əldə edilməsində uğura arxalana biləcəyini və bununla da Kiyevi Moskva üçün sərfəli razılaşmaya razı sala biləcəyini düşünür. Çin hökuməti tərəfindən fevralın 24-də, Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə dərc edilmiş Pekinin “Mövqe sənəti” müharibəyə Moskvanın mövqeyinə yaxın baxışını ortaya qoyur. Bu səbəbdən mən onun Ukrayna hökumətinin və xalqının hisslərini həqiqətən başa düşdüyünə şübhə edirəm”.
Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Lord Piter Riketts Ukraynadakı müharibənin Çin üçün "çox əlverişli" olduğunu söyləyib.
O, "Sky News" telekanalına verdiyi müsahibəsində deyib: "Düşünmürəm ki, Çin müharibəyə son qoymaq üçün xüsusi bir şey etmək niyyətindədir. Bu müharibə Rusiyanı Çin qarşısında zəif və asılı edir. Eyni zamanda Çinə Rusiyanın külli miqdarda neft və qazına çox sərfəli qiymətə sahib çıxmağa imkan verir. Və sonda, Rusiya-Ukrayna müharibəsi Amerikanı Çinlə qarşıdurmadan yayındırır, çünki Vaşinqton bütün diqqətini və potensialını Avropaya və Ukraynanın dəstəklənkməsinə cəlb edir. Odur ki, mən hesab edirəm, bu vəziyyət, bu status-kvo Si Cinpinə yaxşı xidmət edir".
Beləliklə, bu olayda hər tərəfin öz marağı var – Avropa içində ucuz fəhlə qüvvəsi və resurslarla bol Ukraynanı nəzarətdə saxlayır, ABŞ ümumiyyətlə bütün Avropa bazarlarına nəzarəti əlinə alır, Çin isə Rusiya enerji daşıyıcılarına və bazarına sahib çıxır. Arada Rusiya və Ukrayna qalır… Bəs bu ölkələr nə qazanır?.. Ölkələri bilmirəm, amma Vladimir Putin və Volodimir Zelenski, ən azı, vəzifələrində qalırlar…