BLOQ

Xoşagəlməz hadisələrin başvermə səbəbləri

Çünki hər kəs yerində deyil

Xoşagəlməz hadisələrin başvermə səbəbləri
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Bilirsiniz bütün bu xoşagəlməz hadisələr niyə baş verir?

    Ona görə ki, hər kəs yerində deyil.

    Baxıram Ali Baş Komandana, adi idman stilli formasında gecə-gündüz xalqının, camaatının arasındadır. Özü də muhafizəsindən çox kənarda.

    Yadımdadır, biz 777 saylı hərbi hissə olaraq Gəncədə yerləşirdik. İstər mərhum Əbülfəz Elçibəyin vaxtında, istərsə də Heydər Əliyevin vaxtında.

    Gəncədə bir az qarışıqlıq olan kimi, göyə bir daraq avtomat atılan kimi bir tərəfi Qazax, o biri tərəfi Mingəçevir, Kürdəmir, Yevlax, düz Ağsuya kimi, qorxudan bütün icra başçıları bizim hərbi hissəyə qaçırdılar; öz ailələri ilə birlikdə. Qorxudan hamısının ayaqları əsirdi.

    General R.Əkbərov onlara və ailələrinə beşmərtəbəli əsgər kazarmasının 4-cü mərtəbəsini vermişdi. Əsgər yeməyi yeyirdilər, əsgər hamamına, əsgər tualetinə gedirdilər. Qorxudan…

    Hərbi hissədə bir ədəd şəhər telefonu var idi, o da qərargah rəisinin otağında idi. Başçılıq etdikləri rayonlarda ümumi vəziyyəti öyrənmək ücün Qərargahın dəhlizində növbəyə dururdular, hətta telefonla danışanda da əlləri əsirdi. Onlardan bəziləri hətta bu gunə kimi işləyirlər…

    Bütün bunlar hamısı faktdır. Bunu bütün 777 saylı hərbi hissənin əsgər və zabitləri öz gözləri ilə görublər, yaşayıblar.

    Başqa icra başçıları da görmüşəm. Məsələn, Mikayil Gözəlov, Tərtərin icra başçısı, mərhum Sərdar Həmidov, Füzulinin icra başçısı, şəhid atası Nofəl Qasımov, İbad Huseynovun böyük qardaşı Eyvaz müəllim Hüseynov.

    Bu icra başçıları gecə-gündüz səngərdə əsgər və zabitlərin içərisində idilər. Bütün təminatları verirdilər. Gecələr bizimlə səngərdə qalırdılar, səhərə yaxın çxırdılar ki, şəhər camaatını da yola versinlər. Min cür problem var idi. Şəxsən Nofəl Qasımovun ermənilərlə üzbəüz döyüşdüyünün şahidi olmuşuq. Hücumda 3 gunə 35 km irəliləyəndə də bizimlə idi.

    Mərhum Sərdar Həmidovla tanışlığımız isə tam başqa cür oldu. Tərtərin Qapanlı kəndində ağır döyüş gedirdi. Ermənilər kanalı keçib baş tərəfdən bir neçə ev yandırmışdılar və bunu etməkdə davam edirdilər. Qəfil yanıma əlində avtomat qara panamalı bir kişi uzandı: “Bacıoglu, vəziyyət nətərdi”, - deyə soruşdu. Elə bildim kənd “alkaş”larındandır. Dedim, get arxadan patron gətir. Durdu getdi və bir əsgərlə patron gətirdilər. Başladılar döyüşməyə. Erməni də minamyot mərmisini yagış kimi üstümüzə yagdırıdı. Ya qismət, kim ölə, kim qala…

    Eyvaz muəllim Hüseynov indi də gecə-gündüz əsgərlərin arasındadır. Bu da faktdır.

    Siz elə bilirsiniz adlarını sadaladığım bu icra başçılarının təmtaraqlı kabinetləri yox idi, kabinetin arxasında istirahət otaqları yox idi? Hamısı var idi, hamısında da şəxsən olmuşuq.

    Gədəbəy hadisələrini diqqətlə izləyirəm. Günah hamısı icra başçısında və polis rəisindədir, başqa heç kimdə. İcra başçısı dəbdəbəli kostyum geyinib gecə-gündüz kabinetdə oturmamalıdır. Camaatın, xalqın arasına çıxmalı, bazar və dükanlara baxmalı, qiymətlərlə maraqlanmalı, xalqın arasında olmalıdır. Hər gün bir kəndə, qəsəbəyə getməli, vəziyyəti yerində qiymətləndirməli, qərarlar qəbul etməlidir. Əgər icra başçısı vaxtaşırı Söyüdlü kəndində olsaydı, kənd camaatı ilə görüşsəydi və məsələni vaxtında qiymətləndirsəydi, biz həm xaricdə, həm də Xankəndində yaşayan erməni vətəndaşlarımızın yanında biabir olmazdıq. Hər gün erməni mətbuatı bu olaydan danışır, video və fotoşəkillər paylaşırlar. Adam xəcalət cəkir.

    O ki qaldı polis rəisinə, sıravi polisi onlar təlimatlandırırlar: “Vurun, döyün, həbs edin, gözyaşardıcı qazlardan istifadə edin”. Mən sıravi polislərdə heç bir günah görmurəm. Əgər mənim əsgərim mənim verdiyim təlimatı və əmri yerinə yetirməsə, onun ağzını cıraram. Amma gərək təlimatı da ağıllı adam versin, “tupoy”lar yox.