BLOQ

Sanksiyalarla bağlı Qərbin ikili yanaşması

Qırğızıstan və Ermənistan nümunəsində

Sanksiyalarla bağlı Qərbin ikili yanaşması
  • Oxuma müddəti:

    20 dəqiqə

  • CSSC-in araşdırması

    Giriş

    Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra aktuallaşan əsas məsələlərdən biri də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində müəyyən edilmiş məhsulların üçüncü ölkələr vasitəsi ilə Rusiyaya yenidən (re-export) ixracıdır. Bu məhsullara əsasən elektornika, texniki avadanlıq, nəqliyyat vəsaitələri və onların hissələri kimi Rusiya tərəfindən hərbi sənayedə istifadə edilə bilən ikili təyinatlı məhsullar aiddir. Bu məhsulların Rusiyaya yenidən ixracında aktivliyi isə əsasən Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan, Rusiya ilə sıx ticarət əlaqələrinə malik və Rusiyanın siyasi təsir imkanları çox olan ölkələr göstərir. Qərb mətbuatında bu haqda tez-tez yazılsa da, bır sıra Qərb blokuna aid ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmi nümayəndələri tərəfindən bu haqda danışılsa da və yenidən ixracda iştirak edən ölkələrin müəyyən şirkətlərinə qarşı sanksiyalar tətbiq edilsə də bu məsələ ilə bağlı ölkələrə qarşı açıq-aydın ayrıseçkilik edilir. Bunu biz Ermənistan və Qırğızıstan nümunəsində aydın şəkildə görə bilərik. Məqalənin də əsas məqsədi bu ölkələrin Rusiyaya yendiən ixracda hansı səviyyədə iştirak etdiyini və bununla bağlı Qərbin bu ölkələrə münasibətini müəyyən etməkdir. Bunun üçün ilk növbədə hər iki ölkənin yenidən ixracda iştirakı imkanlarını və onlara qarşı tətbiq edilən sanksiyaları nəzərdən keçirək.

    Qırğızıstan şirkətlərinə qarşı sanksiyalar və təzyiqlər

    20 iyulda ABŞ-ın Maliyyə Nazirliyi 120-dən çox yeni şirkəti sanksiyalar siyahısına daxil edib. Sanksiyaların əsas məqsədi Rusiyanın müdafiə sənayesinin istehsal imkanlarını azaltmaq üçün Rusiyanın müxtəlif xammallara və məhsullara çıxışını və bu istiqamətdə maliyyələşmə imkanlarını məhdudlaşdırmaqdır. Sanksiyalara məruz qalan şirkətlərin əksəriyyəti rus şirkətləri olsa da siyahıda 4 Qırğız şirkəti də vardır. Siyahıya daxil olan Qırğız şirkətlərinə “RM Design and Development LLC”, “Progress Leader LLC”, “GTME Technologies CJSC“ və “Cargoline LLC” şirkətləri aiddir. ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına əsasən Qırğızıstanın “RM Design and Development” şirkəti 2022-ci ildə yaradılıb və Rusiyaya yarımkeçiricilər, inteqral sxemlərin ixracı ilə məşğul olub və buna görə də sanksiyaya məruz qalıb. Qırğızıstanda yerləşən “Progress Leader” şirkəti də 2022-ci ildə yaradılıb, Rusiya vətəndaşına aiddir və bu şirkət vasitəsilə həmin rus vətəndaşının Rusiyada sahibi olduğu və elektron və optik avadanlıqların ixracı ilə məşğul olan “Siaisi” şirkətinə elektronika ixracı həyata keçirilmişdir. Sanksiyaya məruz qalmış digər şirkət, “GTME Technologies” də 2022-ci ildə Qırğızıstanda yaradılmışdır və Rusiyaya tantal kondensatorları və elektron inteqral sxemlər ixrac etmişdir. “Cargoline” şirkəti də həmçinin 2022-ci ildə yaradılmışdır və milyonlarla dollar dəyərində olan və xaricdə istehsal edilmiş aviasiya avadanlıqlarını Rusiyaya ixrac etmişdir. Cargoline-nin məhsulları satdığı rus şirkətlərinə birbaşa sanksiyalara məruz qalmış aviasiya şirkətləri də aiddir. Onu da qeyd etmək lazımdır ki, daha əvvəl mayın 19-da Qırğızıstanın digər “Tro.Ya” adlı şirkətinə qarşı da sanksiyalar tətbiq edilmişdi. Qırğızıstanda qeydiyyatda olan “Tro.Ya” da elektron komponentlərin və naviqasiya avadanlılqlarının Rusiyaya satılması səbəbi ilə sanksiyalara məruz qalmışdır.

    Qırğızıstan şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə yanaşı eyni zamanda ABŞ mətbuatı tərəfindən məlumat yayılmışdır ki, Ağ Ev Qırğızıstanın Rusiyaya sanksiyalara məruz qalmış məhsulların ixracının qarşısnı almaq üçün xüsusi iqtisadi tədbirlər hazırlayır. Bu tədbirlərin detalları haqqında məlumat verilməsə də qeyd edilmişdir ki, xüsusi tədbirlər planının hazırlanmasının əsas səbəbi ABŞ və Avropa İttifaqı (Aİ) nümayəndələrinin bu məsələ ilə bağlı Qırğızıstana səfələrinin uğursuz olmasıdır. Ona görə də ehtimal etmək olar ki, yaxın dövrdə Qırğızıstan Rusiyaya yenidən ixracı dayandırmasa və bu məsələ ilə bağlı Qərblə razılığa gəlməsə ona qarşı dövlət səviyyəsində sanksiyalar tətbiq edilə bilər.

    Sanksiyalarla bağlı Qırğızıstanın Baş naziri qeyd etmişdir ki, Qırğızıstan sanksiyaya məruz qalmış məhsulların Rusiyaya ixracının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir və sanksiya siyahısında olan məhsulların ixracı özəl şirkətlər tərəfindən həyata keçirildiyi üçün nəzarətdən kənarda qalmışdır. O, əlavə etmişdir ki, ABŞ və Aİ-dən olan nümayəndələr ilə görüşürək bu məsələni müzakirə edib və gələcəkdə sanksiyaya məruz qalmış məhsulların ixracının dayandırılması üçün zəruri tədbirlər görüləcəkdir. Qırğızıstanın Xarici İşlər Nazirliyi isə müəyən qədər fərqli mövqe nümayiş etdirmişdir. Qırğızıstanın ABŞ-dakı səfiri qeyd etmişdir ki, sanksiyalar tətbiq edilən zaman ABŞ onu nəzərə almamışdır ki, Rusiya Qırğızıstanın əsas ticarət tərəfdaşlarından biridir və hər iki ölkə AİB-nin üzvüdür. 2023-cü ilin may ayında isə Qırğızıstanın Xarici İşlər Naziri (XİN) müsahibəsində qeyd etmişdir ki, sanksiyalarla bağlı Qərbin təzyiqlərinə baxmayaraq Qırğızıstan Rusiya ilə əməkdaşlığı davam etdirəcəkdir və Qırğızıstan bütün qaydalara əməl edir.

    Qırğızıstanın rəsmi nümayəndələrinin, xüsusilə də XİN nümayəndələrinin bu məsələyə münasibəti onu deməyə əsas verir ki, Qırğızıstan gəlir əldə etmək üçün yaranmış yaranmış imkanı əldən vermək istəmir. Digər tərəfdən Rusiya Qırğızıstanın əsas iqtisadi tərəfdaşlarından biridir və AİB üzvü kimi Rusiyanın orada təzyiq imkanları çoxdur. Onu da nəzərə almaq lazımdır ki, Qırğızıstan Qərb blokuna aid olan ölkələr ilə sıx iqtisadi əlaqələrə malik deyildir və onun əsas ticarət tərəfdaşları Çin, Rusiya və Qazaxıstandır. Buna görə də sanksiyalardan bir o qədər çəkinmir və Rusiya ilə sıx iqtisadi əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

    Qırğızıstanın yenidən ixracda iştirakı

    Qırğızıstanın yenidən ixracda iştirak etməsi ilə bağlı iddiaların nə dərəcədə doğru olduğunu anlamaq üçün ümumi idxalın və Rusiya ilə ticarət əlaqələrinin dinamikasına və ticarətin məhsullar baxımından strukturuna nəzər salmaq lazımdır.

    Qırğızıstanın 2023-cü ilin ilk dörd ayında xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25.4% artaraq 2.72 milyard ABŞ dollarına çatmışdır (bundan sonra dollar). Bu dövrdə idxal 27.4%, ixrac isə 15.6% artmışdır. Maraqlıdır ki, cari ilin ilk dörd ayında Qırğızıstanın AİB ölkələri ilə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.6% azalsa da Rusiya ilə ticarət həcmləri ilk rübdə 26% artmışdır. Bu artımda Qırğızıstandan Rusiyaya ixrac əsas rol oynamışdır. Ona görə ki, ilk rübdə Qırğızıstanın Rusiyadan idxalı 22% azalmışdır. 2022-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 40.3% artaraq rekord həddə, 3.2 milyard dollara çatmışdır. Qırğızıstan gömrüyünün məlumatlarına əsasən 2022-ci ildə Qırğızıstandan Rusiyaya ixrac 145% artmışdır. Bunun nəticəsində Qırğızıstanın AİB ölkələri ilə ticarətində Rusiyanın payı 61.6%-ə, ümumi ticarət dövriyyəsində isə 28.2%-ə çatmışdır.

    Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış regional geosiyasi mühit Mərkəzi Asiya ölkələri ilə, xüsusilə də AİB-ə üzv olan Mərkəzi Asiya ölkələri ilə Rusiya arasında ticarət həcmlərinin artmasına gətirib çıxarmışdır. AİB ölkələri Rusiya ilə rüsumsuz ticarət edə bildiyindən bu ölkələr Avropadan gələn məhsulların Rusiyaya yenidən ixracında böyük rol oynayırlar və bununla böyük həcmdə gəlirlər əldə edirlər. Bu mənada Qırğızıstan xüsusi olaraq nəzərə çarpır. Belə ki, 2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Mərkəzi Asiya ölkələrinə ixrac 80%, Qırğızıstana ixrac isə 84% artmışdır. 2022-ci ildə Qırğızıstan Rusiyaya yenidən ixracda iştirak etməklə öz Ümumi Daxili Məhsulun 4%-i səviyyəsində, yəni 410 milyon dollar gəlir əldə etmişdir. 

    Diqqət çəkən məqamlardan biri də odur ki, Qırğızıstanın Cənubi Koreyadan ixracı da kəskin şəkildə artmaqdadır. Belə ki, 2023-cü ilin ilk yarısında Cənubi Koreyadan idxal ötən ilin eyni dövrü ilə müqayisədə 6.4 dəfə artaraq 519 milyon dollara çatmışdır. 2022-ci ildə isə Cənubi Koreyadan idxal 3.3 dəfə artmışdır. Koreyanın texnoloji avadanlıqlar, xüsusilə də çip istehsalı ilə ixtisaslaşdığını nəzərə alsaq bu artımda Koreyadan alınan elektronika məhsullarının Rusiyaya yendiən ixracının əsas rola malik olduğunu demək olar. Ona görə ki, Qırğızıstan kimi kiçik dövlətin qısa müddətdə Koreya məhsullarına olan tələbinin bu qədər artmasının sırf daxili bazarla əlaqəli olması inandırıcı görünmür.

    Qırğızıstanın ixracının strukturunda baş verən dəyişikliklər də onun yenidən ixracda iştirakı ilə bağlı şübhələr yaradır. Belə ki, Qırğzıstanın Statsitika Komitəsinin Məlumatlarına əsasən 2022-ci ildən başlayaraq Qırğızıstan Rusiyaya yeni məhsul növlərinin ixracına başlamışdır. Bu məhsullara eyni məhsul qrupuna aid elektrik detonatorları, alışdırıcı və partlayıcı şnurlar, zərb kapsulları aiddir. Bu məhsulların hərbi sənayedə istifadə imkanları genişdir. Məsələn, zərb kapsulları piyada əleyhinə minaların və silahlar üçün patronların hazırlanmasında istifadə edilir. Qeyd edilən məhsul qrupu üzrə 2022-ci ildə Qırğızıstandan Rusiyaya 882 min dollar dəyərində, 115 mindən çox məhsul ixrac edilmişdir. Qırğızıstanın 2022-ci ildə Rusiyaya ixracına başladığı digər məhsul qrupu isə “təyyarələrin, helikopterlərin və ya pilotsuz uçuş aparatlarının hissələri" qrupudur. Bu qrupa müxtəlif təyinatlı yüngül uçuş aparatları, sərbəst uçan və ya bağlanmış hava şarları, motorlu dirijabllar, helikopterlər, təyyarələr, kosmik aparatlar, peyklər, suborbital və kosmik raketlər aiddir. Bu məhsul qrupu üzrə Qırğızıstan Rusiyaya 1.5 milyon dollar dəyərində 4 min məhsul ixrac etmişdir. Onu nəzərə alsaq ki, Rusiyanın aviasiya sektoru da sanksiyalara məruz qalmışdır, o zaman aydın olur ki, bu məhsulların ixracı Rusiyaya bu sektorda olan çatışmazlıqları aradan qaldırmağa imkan verir və Qırğızıstan bu prosedə birbaşa iştirak etmiş olur. Bundan başqa, mediyada yayılan məlumatlara görə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qırğızıstan Rusiyaya silahların üzərinə quraşdırılan teleskopik nişangahlar ixrac etməyə başlamışdır. 2022-ci ildə Qırğızıstandan Rusiyaya 115 min dollar dəyərində 471 belə nişangah ixrac edilmişdir. Qırğızıstanın 2022-ci ildə Rusiyaya ixrac etdiyi və sanksiyalar tətbiq edilmiş digər məhsullarına qulaqcıqlar (5.5 milyon dollar), modem və marşurtizatorlar (2.4 milyon dollar), kompyuterlər üçün ehtiyat hissələri (700 min dollar), elektrik sobalar (443 min dollar) və digərləri aiddir. Bu məhsulların çoxu hərbi sənayedə birbaşa istifadə olunmasa da onların hissələrindən istifadə imkanları çoxdur.

    Beləliklə, Qırğızıstanın xarici ticarət əlaqələrində müşahidə edilən gözlənilməz dinamika, Rusiyaya idxalın azalması fonunda ixracın kəskin artması, Aİ-dən məhsul ixracının kəskin artması və eyni zamanda Qırğızıstanın indiyədək Rusiyaya hecvaxt ixrac etmədiyi elektronika və aviasiya məhsullarını ixtrac etməyə başlaması və digər elektronika məhsllarının ixracını artırması açıq şəkildə göstərir ki, Qırğızıstan Rusiyaya sanskiyaya məruz qalmış məhslların ixracında birbaşa iştirak edir. Bu iştirak Qırğızıstan üçün böyük gəlirlər gətirdiyindən və Rusiya ilə sıx iqtisadi əlaqələrə malik olduğundan bu prosesi davam etdirməkdə maraqlıdır. Ona görə də Qərbin Qırğızıstan şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi və bu məsələdə Qırğızıstana qarşı xüsusi tədbirlər planı hazırlanması əsaslıdır və başadüşüləndir. Çünki, Qırğızıstanın sanksiyaya məruz qalmış məhsulları ixrac etməsi ilə bağlı konkret faktlar mövcuddur. Lakin, maraqlı məqam odur ki, əsas ticarət tərəfdaşı Rusiya olan və AİB-in üzvü olan Ermənistan da Qırğızıstan kimi Rusiyaya sanksiyaya məruz qalmış məhsulların yenidən ixracında birbaşa və eyni formada iştirak etsə də ona qarşı Qərb ölkələri, o cümlədən ABŞ tərəfindən belə sərt reaksiya verilmir.

    Ermənistanın yenidən ixracda iştirakı

    Ermənistanın da Qırğızıstan kimi Rusiyaya yenidən ixracda iştirak etdiyini ticarət ilə bağlı statistik rəqəmlər sübut edir. Belə ki, 2022-ci ildə Ermənistanın ixracı 78%, idxalı isə 63.5% artmışdır. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara çatmışdır. Buna paralel olaraq 2022-ci ildə Aİ-dən Ermənistana ixrac əvvəlki il ilə müqayisədə 70%-dən çox artmışdır. Bu dövrdə həm də Vietnamdan Ermənistana ixrac 380%, Meksikadan ixrac 324%, Yaponiyadan ixrac 252%, Cənubi Koreyadan ixrac isə 102% artmışdır. Eyni zamanda, Qırğızıstanda olduğu kimi Ermənistanın xarici ticarətinin strukturu da onun Rusiyaya məhsulların yenidən ixracında iştirak etdiyini deməyə əsas verir. Statsitik rəqəmlər göstərir ki, 2022-ci ildə əvvəlki il ilə müqayisədə Ermənistanın elektronika idxalı 2 dəfə, maşın və mexaniki qurğuların idxalı 52%, nəqliyyat vasitətlərinin idxalı 2.7 dəfə, qiymətli metal və daşların idxalı 3 dəfə, dəmir, polad və onlardan hazırlanan məhsulların idxalı 76%, texniki və tibbi avadanlıqların idxalı isə 42% artmışdır. 2022-ci ildə Ermənistana idxalı kəskin artan 7 məhsul növünün 6-sı 2022-ci ildə Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi 10 məhsul sırasına daxil olmuşdur. Həm də 2022-ci ildə bu məhsulların Rusiyaya ixracı kəskin artmışdır. Belə ki, Rusiyaya elektronika məhsullarının ixracı 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, optik, texniki və tibbi avadanlıqların ixracı isə 5 dəfə artmışdır. Qırğızıstanla müqayisədə Ermənistan Rusiyanın müdafiə sənayesində istifadə edilə biləcək məhsulların Rusiyaya ixracını dəfələrlə çox artırmışdır. 

    2022-ci ildə Ermənistanın xarici ticarətində müşahidə edilən gözlənilməz dinamika 2023-cü ildə də davam etməkdədir. Belə ki, cari ilin ilk 5 ayında Ermənistanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 93.3%, idxalı isə 83.3% artmışdır. 2023-cü ilin İlk beş ayda Ermənistandan Rusiyaya və Belarusiyaya ixrac 3 dəfədən çox artmışdır və nəticədə Rusiyaya ixrac 2.7 milyard dollara çatmışdır. Buna pararlel olaraq Aİ ölkələrindən Ermənistana ümumi idxal 93.5%, Almaniyadan idxal 2.3 dəfə, İtaliyadan idxal 70%, Niderlanddan idxal isə 84.4% artmışdır.

    Ticarət olunan məhsulların strukturu da 2023-cü ildə Ermənistan tərəfindən Rusiyaya yenidən ixracın davam etdiyini deməyə əsas verir. Belə ki, ilk beş ayda Ermənistanın ən çox ixrac etdiyi ikinci məhsul maşınlar, avadanlıqlar, mexaniki qurğular qrupuna aid olan məhsullar olmuşdur və bu qrup məhsulların ixracı 12.3 dəfə artaraq 473 milyon dollara çatmışdır. Ən çox ixrac edilən məhsullardan olan müxtəlif nəqliyyat vasitələrinin ixracı isə baxılan dövrdə 16.7 dəfə artaraq 281 milyon dollara çatmışdır. Buna paralel olaraq, ilk 5 ayda maşınlar, avadanlıqlar, mexaniki qurğular qrupuna aid olan məhsulların idxalı 2.6 dəfə artaraq 992 milyon dollara, müxtəlif nəqliyyat vasitələrinin idxalı isə 5 dəfə artaraq 879 milyon dollara bərabər olmuşdur. Bu statsitika onu deməyə əsas verir ki, Ermənistan bu məhsul qruplarına aid olan məhsulları müxtəlif ölkələrdən, xüsusilə də Aİ ölkələrindən idxal edərək Rusiyaya yenidən ixrac edir. Bu məhsullar sanksiyalara məruz qalmış hərbi sənaye və aviasiya sahələrində müxtəlif məqsədlər üçün geniş istifadə edilə bilər.

    Onu da qeyd etmək lazımdır ki, çox az sayda Ermənistan təşkilatlarına qarşı da sanksiyalar tətbiq edilmişdir. Lakin, təşkilatlar əsasən Rusiyanın Ermənistandakı törəmə şirkətləridir və tam olaraq Erməni şirkəti hesab edilə bilməz. Bu təşkilatlara “Arekzimbank-Qazprombank” və “VTB Bank Ermənistan” bankları aiddir. Erməni şirkətlərindən indiyədək yalnız “Taco LLC” Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olduğu üçün sanksiyalara məruz qalmışdır.

    Nəticə

    Sanksiyalardan yayınmaq məsələsinə görə Qərbin, xüsusilə də ABŞ-ın Ermənistan və Qırğızıstan nümunəsində ikili münasibət göstərdiyini açıq şəkildə görmək mümkündür. Baxmayaraq ki, Qırğızıstan kimi Ermənistanın da sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yenidən ixracında iştirakı ilə bağlı kifayət qədər əsaslı faktlar vardır, Ermənistana qarşı heç bir ciddi adım atılmır, sadəcə çox az sayda şirkətə (əsasən də rus şirkətlərinin törəmə şirkətlərinə) sanksiyalar tətbiq edilib. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan ilə Rusiya arasında yenidən ixrac Qırğızıstanla müqayisədə daha böyük həcmlərə, daha böyük artıma və çoxşahəliliyə malikdir. Bloomberg-in məlumatına əsasən, 2022-ci ildə Ermənistan Rusiya hərbi sənayesi üçün yarımkeçiricilərin (çiplərin) ixracında dördüncü yerə yüksəlmişdir, 2021-ci il ilə müqaisədə 2022-ci ildə bu göstərici 187% artmışdır. Ona görə də aydındır ki, bu əməliyyatları icra etmək üçün çoxsayda erməni şirkəti iştirak edir. Lakin, indiyədək cəmi bir erməni şirkəti sanksiyalara məruz qalmışdır. Digər tərəfdən, Qırğızıstanın Rusiyaya yenidən ixracda iştirakı ilə bağlı ABŞ rəsmiləri açıq şəkildə fikirlər bildirir, ABŞ və Aİ-dən nümayəndə heyətləri bu məsələ ilə bağlı Qırğızıstana səfər edərək müzakirələr aparır və nəticə əldə edə bilmədiyinə görə Qırğızıstana qarşı xüsusi tədbirlər planı hazırlayır. Biz bunların heç birini Ermənistana qarşı münasibətdə müşahidə etmirik. Bununla da Qərb bir daha Ermənistanın qanunsuz əməllərinə göz yumur və özünün kiçik xrisitian dostunun qanunsuz yollarla gəlir əldə etməsinə şərait yaradır.