Son dövrlər olduqca geniş yayılan xroniki yorğunluq sindromu ilk dəfə 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. Amerikalı alimlərinin tədqiqatları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan yaradıb. Sindrom özünü daim yorğun hiss etmək, yaddaş və diqqətin zəifləməsi, yuxusuzluq, uzunmüddətli baş və əzələ ağrıları kimi büruzə verir. Xəstəliyin klinik gedişində həm əzələ, həm də sinir sistemi komponentləri yer alır. Bəzi alimlər bunu virus infeksiyaları ilə əlaqələndirsə də, müasir elmi tədqiqatlar xəstəliyin virus mənşəli olduğunu inkar edir.
Tibbi saytlar bildirir ki, xroniki yorğunluq sindromunda psixoloji stres, hipertoniya, zəifləmiş immun sistemi, hormonal disbalans və xəstəliyə genetik meyllilik həlledici rol oynaya bilər. Bəzi hallarda xəstəlik keçirilmiş virus infeksiyasından sonra başlayır, bu da immun sisteminin zəifləməsi ilə əlaqədardır. Diaqnozu dəqiqləşdirmək üçün simptomların ən az 6 ay müddətdə davam etməsi labüddür. Lakin nəzərə alsaq ki, sadalanan simptomlar başqa xəstəliklər də ola bilər, diaqnozu dəqiqləşdirməzdən əvvəl bir çox infeksion xəstəliklər və depressiya inkar edilməlidir.
Qeyd edək ki, xroniki yorğunluq sindromunun ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən dəqiq təsvir edilib. Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində 10 saatdan çox özünü yorğun hiss edirsə, bu artıq sözügedən sindromdur. ABŞ-da aparılan tədqiqat orqanizmdə immun sisteminin zəifləməsi və stressin eyni vaxtda qeydə alındığı bir dövrdə xroniki yorğunluq sindromunun yarandığını aşkar edib. Xəstəliyin əsas əlamətləri kimi tez yorulmanı, diqqətin və yaddaşın pozulması, tez özündənçıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren, gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar.
Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi müşahidə olunur. Bəzi xəstələr müalicə ilə bağlı yanlış metodlar sınayır. Bu isə xəstəliyin gedişatını daha da ağırlaşdıra bilər. Sindromla bağlı bir qrup insanda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən şəxslərdə isə əksinə piylənmə yaranır. Oynaqlarda uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzən isə təlaş da xəstəlik üçün səciyyəvidir.
Xəstəliyin spesifik müalicə üsulu yoxdur. Lakin əsas prinsip narahatlıq törədən simptomları aradan qaldırmaqdır. İlk növbədə, siqaret və alkoqol qəbulunu azaltmaq, yuxu rejimini bərpa etmək lazımdır. Emosional vəziyyətlərdən və gərgin fiziki işlərdən yayınmaq məsləhətdir. Bəzi hallarda immun sistemini qaldıran vitaminlərdən və antidepressant dərmanladan istifadə oluna bilər. Xəstələrin psixoterapiya seanslarına qatılmağı və ən az 1 aylıq tətil etməsi də müsbət nəticə verir.