İranın son şah sülaləsi-Pəhləvilər, neyçünsə məhz “Reza” adına bərk aludəydilər. Çox takılmışdılar bu ada.
Rzaşah Pəhləvidən sonra bu ad yenə də yerdə qalmır. Oğlu Məhəmməd Reza Şahın simasında yenidən canlanır. “Reza” adını mistikcəsinə, xüsusi ahənglə geri, tərsinə oxusan, bizim adımız, Azərbaycanın qısadılmış “Azər” adı doğacaq.
Pəhləvilərin əsl canlı mistikası bax bu məxfi şifrədə - “Azər-Reza” şifrəqramında idi.
Pəhləvilər farsdırlar. Hakimiyyəti Azərbaycan türklərindən, Qacarlardan oğurlamışdılar. Daxillərində Azərbaycana borclu olduqlarını bilirdilər. Axı, halallıq yox idi qara əməllərində.
Görünür mistik rituallarda kimsə hansısa çoxbilmiş falçı bu sirri, yaxud bu cadunu, bu qordi düyününü açmışdı.
Məncə, həmin bu şəxs sonralar müğənni Ququşun görünməz kölgəsinə çevrilmiş cadugər Fəriştə Tehrani idi. Məhəmmədrza şaha, arvadı Fərəhə demişdi ki, vaxsey, özünüzü “Azəri”lərdən qoruyun. Bəs adınızda “bu şifrə, bu tale var”. Bəs adınız hər an ulduzların hökmü ilə geriyə fırlanıb, hakimiyyəti yenidən azərbaycanlılara qaytara bilər. Şahənşah bu sözləri eşidən kimi dərhal "21 Azər" üsyanını, Təbriz mənzərələrini gözlərində canlandırır. Anında bu cadunun qurbanına çevrilir.
Qayıdıram “Reza-Azər” düyünü açmış, yaxud daha da düyünləmiş Fəriştə Tehraninin cadu-pitilərinə. Bu “pəricadu qadın” Məhəmməd Reza şahın Mərmər sarayına, “Hake-Niavəran”a aparan uzun yolda əvvəlcə müğənni Ququşu öz tələsinə salır.
Ququşun rəsmi ulduz falına aldanmayın. Onu vaxtilə, hələ 50-ci illərin ilk rübündə məşhur səyyar, Tehran falçısı Fəriştə saxtalaşdırıb.
Hadisələr aşağıdakı kimi cərəyan edib - 1952-ci ildə Ququşun valideynləri gözüyaşlı uşaqlarına fikir verməyib birdəfəlik ayrılırlar. İki qardaş qalır anası Nəzrinin böynunda. Ququş isə bir başqa qardaşı ilə birgə atasına verilir. Ququşun atası Sabir, deyilənə görə, çox şanssız, bəxtsiz adam olub. Misal üçün, çox uğurlu, gəlirli konsert proqramı zamanı qəfil ürəyi sanca bilərmiş. Bunun növbəti təkrarı kazinoların birində böyük narazılıqla qarşılanır. Səhnə sahibi məcbur qalır atanı xəstəxanaya göndərsin. Əvəzinə qızını səhnəyə çıxarıb ona bir-iki fars, Azərbaycan nəğməsi oxudur. Həyatında ilk alovlu alqışları Ququş məhz bu zaman qazanır. O vaxt da kimsə bu qızın qısa saçlarına aldanaraq, oğlan uşaqlarına məxsus “Ququş” kəlməsini havada səsləndirir. Sonra kazinonun qaranlıq küncündən bir qocaman falçı qalxır. Astaca deyir: “Qızım, ulduz falını şəxsən özüm dəyişəcəyəm. Bəxtində üç 5 rəqəmi var. Sən 1950-ci ildə doğulmusan guya. Beşinci ayın beşində”.
Əslində isə Ququş 1949-cu ilin 7 may, yaxud 5 fevral tarixində dünyaya göz açıb.
Həmin falçı Fəriştə xanım bir müddət Ququşa analıq edir hətta. Bir ara dönür Ququşun boz kölgəsinə. Müğənni karyerasının ilk pilələrində falçının bir sözünü iki eləmir. Şah sarayına getdimi, yaxud dərziyə - bütün bunları öz Fəriştəsiylə bölüşüb məsləhətləşir. Fəriştənin öldüyü 1979-cu ildən üzü bəri Ququşun qara günləri başlayır.
Ququş əliylə Şah sarayına girən bu pəricadu xanım Pəhləvilərin saqqızını bax “Azər-Reza” şifrəqramıyla birdəfəlik oğurlayır.
Kraliça Fərəhin azərbaycanlı, yəni azəri olması da, bu ssenaridə, təbii səslənir.
Kraliça Fərəhin azərbaycanlı, yəni azəri olması da, bu ssenaridə, təbii səslənir.
Pəhləvilər Fəriştə Tehraninin "tuzağ"ına düşürlər.