BLOQ

Heydər Əliyev -100 dəfə ölç, bir dəfə biç!

Heydər Əliyev, neoklasisizm və incəsənətimizin "lülə, tikə, balıq" konsepsiyası

Heydər Əliyev -100 dəfə ölç, bir dəfə biç!
  • Oxuma müddəti:

    7 dəqiqə

  • İnsana hörmət - əsla qorxu və ya ondan asılılıq deyil!

    Avropa və Amerikaya "hörmət" sözü latın dilindən gəlib. Latınca "respicere" - "baxmaq" deməkdir! İnsana hörmət ediriksə, onu olduğu kimi görmək, onun yaradıcılığı, Vətəni, xalqı sevərliyi, fədakarlığı, özünəməxsus fərdiliyi tanımaq bacarığı deməkdir. Hörmət - digər insanınn vacib əməllərinə görə yaşamasını istəməkdir. Və bu istək dirilərin də, rəhmətə gedənlərin də yaşamasına aiddir!

    Bizim "hörmət" sözümüz bizə ərəb dilindən gəlib. Bəşir Əhmədovun "Etimologiya lüğəti"nə əsasən, türklərdə "hörmət" sözündən əvvəl "san", "say" sözü işlədilib. Ondan da "saymaq", "sayın" sözləri əmələ gəlib. Maraqlıdır, deyilmi?!

    Düşünürəm, bu gün də bizim "hörmət" etdiyimiz adamlara qarşı olan münasibətdə daha çox riyazi - "say" kimi yanaşma yaşamaqda davam edir. Yəqin ki, "Bu adam sanballı, sayılan adamdır, ona hörmətim var" ifadəsini dəfələrlə eşitmisiniz. Burada da "sayılan" ifadəsi daha çox riyazı məna daşıyır desəm, səhv etmərəm. Təəssüf ki, bir çox hallarda insana olan hörmət onun sanbalı, imkanı ilə "say"ılır...

    Qayıdaq yazımın səbəbinə. Heç kimə sirr deyil ki, bu il Heydər Əliyevin 100 illiyinə həsr edilib və bu səbəbdən şəhərimizin və ümumiyyətlə, Azərbaycanın müxtəlif güşələrində onun təsviri ilə böyük löhvələr quraşdırılıb. Bu addımla biz xalqımızın bu görkəmli Dövlət xadiminə, böyük şəxsiyyətə olan hörmətimizi nümayiş etmək istəyirdik, məncə...
     
    İnanmaq istəyirəm ki, Heydər Əliyevin Azərbaycana 50 il ərzində etdiklərini bilməyən və görməyən az deyil. Onun rəhbərliyi altında Azərbaycan aqrar bostandan sənaye və texnoloji nöqteyi-nəzərdən qabaqcıl ölkəyə çevrilməklə yanaşı, mədəni-maarif, demoqrafik, ordu quruculuğu, bir sözlə, ölkənin iqtisadi-siyasi-ictimai formasiyasının dəyişdirilməsini inkar etmək mümkün deyil. Sumqayıt sənaye mərkəzi, Mingəçevir HES, Şərqdə ilk məişət kondisionerlər zavodu və s. inşası, "Nəsimi", "Nizami", "Babək" və s. milli filmlərin çəkilməsi, Bakı şəhəri və Qarabağ əhalisinin ciddi şəkildə azərbaycanlılaşdırılması, SSRİ-nin ən qabaqcıl universitetlərinə azərbaycanlıların oxumağa göndərilməsi, paytaxtda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, ölkənin federativ bölünmədən xilası - "Ləzgistan", "Talış-Muğan", "Artsax" respublikaları deyil, bütöv bir Azərbaycanın qorunub saxlanılması, "Əsrin neft müqaviləsi"nin imzalanması müasir dövlət quruculuğu və sırada duran yüzlərlə digər vacib nailiyyətlərdən yalnız vacibləridir. 

    1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə Bakıda cəmi 40 faiz azərbaycanlı əhali yaşayırdı. 1969-1982-ci illərdəki 13 iilik hakimiyyəti zamanı ata Əliyev Bakı və onun ətraf regionlarının azərbaycanlı əhalisini 29%, Qarabağda isə 17% çoxaltmışdı. 

    İndi aydın olur ki, o vaxtlar paytaxt və onun ətrafında yeni zavod-fabriklər ona görə tikilirdi ki, ölkə sənayəsinin inkişafı ilə yanaşı rayonlardan daha çox azərbaycanlı axınını, iş qüvvəsinin təşkil olunması və Əhmədli, mikrorayonlar və s. yeni məhəllələr məhz Bakıya gələn azərbaycanlıları ev və rəsmi qeydiyyatla təmin emək üçün inşa edilirdi. Bununla Heydər Əliyev Bakını əbədi olaraq azərbaycanlıların şəhəri kimi tarixə yerləşdirmişdi. Məhz bunun nəticəsi olaraq 1990-cı ilin 20 yanvar hadisələri zamanı azərbaycanlılar imperiya uğrunda qələbə çalmağa müvəffəq oldular.

    Lakin istənilən adama onun sağlığında, gücü, imkanları və iqtidarı olan zaman numayişkarcasına hörmət etmək asandır və bu böyük hiylə deyil; ancaq həmin adam rəhmətə gedəndən sonra ona hörmət etmək və onu yaşatmaq belə asan deyil. Ümumiyyətlə, "hörmət" - sevgi olmayan boşluğu gizlətmək üçün icad edilmiş bir anlayışdır desək, məncə, yanılmarıq! Və bu nöqteyi-nəzərdən yanaşsaq, biz itirdiyimiz adamlara sevgi ilə yanaşmasaq, hörmət də etməyəcəyik...

    Heydər Əliyevin postuma əlavə etdiyim şəkillərini bu il ərzində Azərbaycanın müxtəlif güşələrində və əsasən Bakı şəhərində çoxlarınız görmüsünüz. Və yəqin ki, siz də mənim kimi daim maraqlanmısınız ki, bu şəkil niyə belə solğun və rəngsizdir. Heydər Əliyev kimi rəngarəng həyat yaşayan adamın 100 illiyinə həsr olunmuş şəkli niyə solqun, sepia çalarında olmalıdır axı? Rəngkarlıq qanunlarına görə bu cür zəif, tutqun və sönük rəng sxemi artıq unudulmuş, qədim tarixin yollarında qurumuş mürəkkəb kimi solmuş təsvirlər üçün istifadə edirlər. Və mən bir rejissor kimi müasir Azərbaycanın qurucusu Heydər Əliyevə münasibətdə bu rəng sxemini qəbul edə bilmirəm. Mənim fikrimcə, Heydər Əliyev və onun dövrünün rəngkarlığı kompozisiya quruluşunun dinamik rasionallığı, rəngarəngliyi və neoklasisizm sənətindən gələn təsvirin modelləşdirilməsində qeyri-adi müasir plastika ilə yanaşı, əzəmət, monumentallıq və aydınlığı ilə xarakterizə olunmalıdır. 

    Mən biləndə ki, mövcud "solğunluq və melanxoliya əsərini" xatırladan Heydər Əliyevin banerlərini yaradan "ustanın" yeganə məqsədi il ərzində günəşin təsirindən onsuz da solğunlaşacaq bu löhvə reklamlarının yenidən təravətləndirilməsi üçün əlavə xərc çəkməməkdir, ciddi şəkildə məyus oldum. Məyus oldum ki, dəmir-beton sütünlarının üzərində ağ parlaq mərmərlə qurulan Azərbaycan mədəniyyəti və incəsənəti podiumunun üzərində heç kimə lazım olmayan qəzet cırıqları üstündə kimsə "lülə, tikə, balıq" qalıqları ilə qidalanaraq milli yaradıcılığımıza gözətçilik edir və hələ də tam qırılmayan və həyat əlamətləri göstərən milli ziyalılarımız tərəfindən daim söyülür. Özünə hörmət etməyən, özünü söydürən adam heç bir zaman başqasına hörmət edə bilməz - onun gözləri paxıllıq toru ilə örtülüdür.

    Nə qədər pul lazımdır ki, bu plakatları ildə dörd dəfə dəyişdirərək təravətləndirək ki, Azərbaycanın tarixi Şəxsiyyətini daim ona layiq rəng çalarlarında və yaraşıqlı təqdimatda görək? Ümidvaram ki, bu müraciəti minnətdar Azərbaycan xalqına ünvanlandırsaydılar, həmin məbləğ asanlıqla yığılardı.

    Bir şeyi dəqiq bilirəm ki, bu cür simic incəsənətə, belə solğun mədəniyyətə nə görkəmli Dövlət xadimi Heydər Əliyev, nə də şanlı Azərbaycan Dövləti və Xalqı layiqdir.