Unudulmuş yubiley VİDEO
Bu il Mingəçevir şəhərinin 75 yaşı tamam oldu
Həddindən artıq bulanlıq və həyəcanlı bir dəryada yaşayırıq… Müharibələr, qırğınlar, təbii fəlakətlər, hər gün baş verən digər bəd xəbərlər planktonunu "udmağa" davam etsək də, balina ola bilmirik… Böyümürük və müdrikləşmirik. Əksinə, bir müharibədə yüzlərlə qoca, qadın və uşaqların həlak olmasına dair dünya ictimaiyyətinin qınağı, tənqid və tətbiq olunan sanksıyaların sayı bitməmiş digər müharibə başlayır və bu dəfə minlərlə qoca, qadın və uşaq həlak olur.
Bütün bunlar bizi Allah tərəfindən hədiyyə edilən şəxsi həyatımızdan uzaqlaşdırır. Başqalarının uşaqlarına ağlayırıq, lakin arada öz uşağımızı vaxtında həkimə apara bilmirik. Başqa şəhərləri düşünürük və nəticədə öz şəhərlərimiz unudulur – necə ki əziz və dogma Mingəçeviri unutmuşuq…
Mingəçevir şəhəri ölkəmizin əhali sayına və sənaye tutumuna görə dördüncü şəhəridir. Ərazi qədim yaşayış məskəni olsa da, şəhər olaraq əsası 1948-ci ilin 11 noyabrında qoyulub. Beləliklə, bu il Mingəçevir şəhərinin 75 illik yubileyidir. Lakin, görünür, bu tarıx də gündəlik xəbər "miqren"i əhatəsi altında unudulub… Bundan əlavə, AzTV-nin təbirincə desək, “Bayram bayrama qarışıb” və eyni zamanda, biz bu il Mingəçevirin və bütün Azərbaycanın göz bəbəyi sayılan su anbarının yaradılmasının da 70 illiyini yaşayırıq.
Ya yaddaşımız qısadır, ya da fəxr etməyə o qədər hadisələrimiz var ki, dünyada nümunəvi sayılan su anbarı və ümumiyyətlə, əhali sayı və sənaye tutumuna görə ölkəmizin dördüncü şəhəri sayılan Mingəçevirin yubileyini təntənəli şəkildə və ümumrespublika şəraitində qeyd etmirik.
Lakin Azərbaycanda İlk Dəqiq Mexanizmlər İstehsal edən VMF Saat Fabriki bu vacib təqvimi nəinki unutmadı, hətta bütün Azərbaycana işıq saçan qəhrəman şəhərin şərəfinə, füsunkar və dəyərli vaxtları unutmağa imkan verməyən, məhdud sayda, cəmi 75 ədəd saat istehsal edib. Ən müasir kvars mexanizmlə təchiz olunmuş bu 316 L markalı paslanmayan poladdan istehsal olunmuş saatın siferblatında “Mingəçevir 75” və arxa qapağı fiber-lazer oyması ilə “Mingəçevir Su Anbarı 70” sözləri ilə yanaşı, anbarın qrafik həllini əks etdirən xatirə pano ilə naxışlanıb.
Əslində Mingəçevirin 75 və Su anbarının 70 illik yubileyləri yalnız bayram deyil, bu həm də xalqın tarixi yaddaşının qorunmasıdır. Ümumiyyətlə, Mingəçevirin ildönümü, xüsusən də yuvarlaq olan yubileyi, regiona ümumi diqqət və vəsaitlərin cəlb edilməsi, şəhərin imicinin möhkəmlənməsi və təbliğ edilməsi üçün vacib vasitədir. Bu, regional iqtisadiyyatların inkişafı üçün də mühüm vasitədir. Hər bir bölgə tarixə öz maraqları prizmasından baxmalıdır. Digər regionlar bu cür hadisələri, məsələn, "Alma bayramı", "Nar günləri" və ya dadlı-şirinli bal festivallarını barmaqdan sovurub suni şəkildə yaradanda, Mingəçevirin bu təntənəli yubileyi doğrudan da bütün respublika üçün böyük əhəmiyyət daşayan bir tarixdir. Bu cür hadisələr, əsasən il boyu keçirilməsinə imkan yaradan tarixlər dövlət büdcəsindən əlavə vəsaitlər götürərək şəhər biznesini canlandıra bilər, yeni turistlərin ziyarətləri isə mövcud infrastruktura əlavə gəlirlər gətirərərk büdcəyə kifayət qədər vəsait cəlb edə bilər.
Lakin il sona çatır və biz təəssüf ki, Mingəçevirdə 75 illik yubiley ilə əlaqədar heç bir təntənəli mərasim görmədik. Nə 70 yaşı tamam olan Su anbarına kütləvi ekskursiyalar, nə yeni park, muzey və ya yerli vətəndaşların və turistlərin asudə vaxtlarının keçirilməsi üçün digər maraqlı ola biləcək yeniliklər...
Azərbaycanda ilk Dəqiq Mexanizmlər İstehsal edən VMF Saat Fabrikinə bu təşəbbüsünə görə təşəkkür edirəm və bütün mingəçevirliləri ürəkdən təbrik edirəm! Sizin doğrudan da gözəl şəhəriniz var – Allah qorusun!