Təsəvvür edin, stres, əsəb və unutqanlıqdan əziyyət çəkirsiniz və yaxın bildiyiniz biri yaxşı tanıdığı psixoloqun yanına aparır. Psixoloq da dostunuzun yanında sizin qarşınıza bu təsviri qoyub deyir:
- Burada nə görürsünüz? Düşünmədən deyin.
Siz də dərhal sola boylanan sarı durnayabənzər quş gördüyünüzü deyirsiniz.
Dostunuz özünü saxlaya bilməyib gülür. Hər ikisinə baxıb başınlzı yelləyib soruşmaq istəyirsiniz: "Axı nə olub? Bəyəm elə deyil? Siz nəsə başqa bir şey görürsünüz?".
Amma həkim sizə imkan vermədən deyir: "Hər şey aydındır. Sizə müalicə lazımdır". Nə yaşınızı soruşur, nə ailə vəziyyətinizi və s.
Altı ay həftədə üç dəfə seansa gəlməyinizi israrla tapşırır. Və bu da sizin 2 illik məvacibiniz.
Sonra sizə deyir: "Apardığımız elmi araşdırmalardan sonra belə məlum oldu ki, beyninin sağ yarımkürəsi fəal olanlar təsvirdə zürafə, sol yarımkürəsi fəal olanlar isə zanbaq görüblər. Siz isə nədənsə sarı durna gördünüz". Həkim sizi elə inandırır ki, doğrudan da özünüzü xəstə hesab erməyə başlayırsınız.
Çarəsiz qalıb, borc-xərc edib altı ay dayanmadan psixoloqun seansına gedib 6 ay əvvəl gördüyünüz sarı durnanı siz də zürafə kimi görməyə başlayırsınız və sizdə belə əminlik yaranır ki, sizin də beyninizin sağ yarımkürəsi fəaldır. Amma bu belə qalmır.
Üstündən neçə il keçir, siz başqa bir akademik toplumla ünsiyyətdə olmağa başlayırsınız. Təsadüfən ofislərinin divarında həmin şəkili görüb sevincək halda hamıdan nə gördüklərini soruşursunuz. Hamı bir nəfər kimi deyir: "Axı burada nə var!? Sarı durnadır". Bu dəfə siz başlayırsınız onlara gülməyə. "Ay balam, nə durna!? Bu zürafədir! Zürafə..!". Bu dəfə onlar dostunuzdan fərqli olaraq sizə gülmür, təmkinlə başa salmağa çalışırlar ki, bu zürafə yox, sarı durnadır. Siz də onlara deyirsiniz: "Altı ay əvvəl mən də sizin kimi sadə idim, onu sarı durna görürdüm...". Axırda dərnəyin baş müəllimi gəlib deyir: "Əzizim! Bilmirəm sizə nə başa salıblar. Amma bu sarı durnadır və onu da mən çəkmişəm...".
Həəəə... İndi sözün əsl mənasında özümüzə gələk...
Hər şeyi olduğu kimi görüb-başa düşdüyümüz vaxtlarda kimlərsə özünü "elm əhlİ bilib" meydana gəldi. Allahın kitabını qarşımıza qoyub gördüklərimizi, qondarma hədislərlə başa düşdüklərimizi tam fərqli tərzdə izah etməyə başladı və bizi məzhəblərə böldülər. Sonra necə oldusa, yolumuz Quran tələbələrinin ocağından düşdü. Onlar Quranı açıb qarşımıza qoyub Allahın dediklərini Allahın məqsədi və Allahın dili və mənası ilə çatdırdılar. Amma yenə qane olmadıq və olmuruq.
Bizə nəsə fərqli din lazımdır. Əqidə, əməl də "sarı durna"ya yox, ya zürafəyə, ya da zanbağa bənzəməlidir...