BLOQ

Sükutla dialoq

Və ya Milli Qəhrəmanla qəhrəman millətin görüşündən gecikmiş reportaj

Sükutla dialoq
  • Oxuma müddəti:

    8 dəqiqə

  • “Az öncə nə yaşadım?!” Elə hey bu sualı özün özünə verirsən. Yaşadıqlarının tam olaraq adını qoymaqda çətinlik çəkirsən.

    Binadan çıxıb Dənizkənarı Milli Parkın içərisinə doğru gedirsən. Elə bil ağ, yupyumşaq buludların üzərində addımlayırsan. Ayaqlarını yerə basa bilmirsən elə bil. Həzz və hüzn, qürur və kədər... Adını qoymadığın, bir-biri ilə gah qucaqlaşan, gah da çarpışan duyğuların selinə düşmüsən...

    Az əvvəl dinlədiyin o ecazkar simfonik pyeslər səni özündən alıb sən olmayan yerlərə apardı. Yəqin ki hələ uzun müddət buaxşamkı bənzərsiz musiqi ziyafətinin dadı – səsi qulaqlarından, yaddaşından, ən başlıcası, ürəyindən silinməyəcək. Bəlkə də heç vaxt silinməyəcək.

    Bu musiqi ziyafətinə bir yay axşamı – avqustun 29-da gəlmişdin. Yüngül meh vardı. Narın yağış da yağdı. Əsl simfonik musiqinin   havasıydı. Sən də bu havaya kökləndin. Həm bayırdakı havaya, həm içindəki havaya. Və Muğam Mərkəzinin salonundakı konsertin havasına.

    Gün boyu bir fincan kofe və bir dilim alma piroqu... Daha heç nə. Buraya gəlib çatana qədər və o iki saatdan çox zaman içində fizioloji aclıq, susuzluq hiss etməliydin axı. Nə oldu?! Necə oldu?! Niyə aclıq, susuzluq duymadın ki?! Bu iki saatdan çox zamanı bütün salondakılar kimi sən də hiss etmədin. Hamı kimi yerindən tərpənmədən, susaraq məşhur pianoçu Nikolay Kuznetsovu dinlədin. Əslində onu da yox! Dünyaca məşhur Pyotr Çaykovskini, Modest Musorqskini... Sonda “desert” də gəldi: öz bəstəkarlarımızın melodiyaları. Hərçənd həm Çaykovskinin “İlin fəsilləri”ndə, həm də Musorqskinin “Sərgidən şəkillər”ində Şərqin melodik xalları vardı.

    Bir zaman İosif Brodski haqda “Dünya ətrafında rəqs” adlı esse yazmışdım. Essenin adı Karl Berheylin Brodskidən bəhs edən kitabından gəlirdi. Orda belə bir fikir demişdim: Sənət özünü qorumaq üçün, yaşamaq üçün bir-birinə sığınan komponentlərin cəmidir. Eləcə də, fərqli mədəniyyət cərəyanlarını bir-birində yaşadan. Musorqskinin “Sərgidən şəkillər”i 10 fərqli miniatürdür; təbii ki, “Yumurtadan çıxan cücələrin baleti” “Roma məzarlığı”ndakı “Ölülərin söhbəti” ilə eyni emosional enerji daşımayacaqdı. Bu kompozisiyanın hekayəsi də maraqlıdır; Musorqski rəssam dostu Viktor Qartmanın rəsmlərindən ilhamlanaraq bu balaca, şirin, bəzən hüznlü, bəzən coşqun melodik mozaikanı yaradıb. Sənət içində sənət yaradıb. Əgər Çaykovski bizi (təbii ki, o axşam Nikolay Kuznetsovun barmaqlarının ucunda) soyuq qışdan ilıq bahara, oradan qaynar yaya aparıb, sərin payızdan keçirib sonda yenə ilin ən şaxtalı fəslinə çatdırdısa, Musorqski “əlimizdən yapışıb” ürəyimizi Viktor Qartmanın sərgi salonunda “gəzdirdi”.

    Simfonik miniatürlərin adındakı “gəzinti” sözü əbəs deyilmiş. İndi bildinizmi, niyə kinonu bizə musiqi “sosusunda” “servis edirlər”; duyğu aparatımızı vizual lövhələrin, səhnələrin bədii mesajlarına, estetik cövhərinə kökləmək üçün. Hərçənd Tarkovski fon musiqisinə qarşıydı: “Filmdə insan ölərkən orda musiqi olmur”. Ancaq bütövlükdə dünya kinosu musiqisiz ötüşmədi. Elə teatr da. Hətta idman da. Çünki heç bir sənət ruhumuzu musiqi qədər cilalaya, itiləyə bilməz. Heç bir sənət kinoda musiqi qədər illüstrativ rol oynamır, fon musiqisi qədər bədii fabulaya və süjetin daxili dramatizminə, ya da tragizminə (lap elə komizminə də) fokuslamır...

    O axşam dünya Nikolay Kuznetsovun barmaqlarının ucundaydı və biz həmin yarımvirtual dünyanın içində xoşbəxt idik. Hamımız susaraq dinləyirdik. Bu mənzərə mənə dahi fizik Lev Landaunun bir frazasını xatırlatdı: “Sənət – həmsöhbətin susduğu dialoqdur”. Çaykovski ilə, Musorqski ilə ...susqun dialoq yaşadıq. Cavan, virtouz rus pianoçusunun mahir  “moderatorluğu” sayəsində... İllah da Qartmanın “sərgisində” dolaşarkən xəyalım uşaqlıq çağlarıma uçdu. Az əvvəl sahibini itirmiş balaca, hüznlü evdə portativ radionu qulağıma sıxıb səsini də qısmışam; ancaq özüm eşidə biləcəyim qədər eşidirəm.

    Beləcə, o çəlimsiz, ümidsiz kənd yeniyetməsi Edvard Qriqin “Norveç rəqsləri”ni dinlədi. Sonra da orkestr bu balaca oğlanının ruhunu simfonik melodiyaların qanadına alıb apardı və “Buz mağaralarında” “isitdi”. Və bu gecə...

    Dejavümü bu, nostaljimi, ya nə?!

    Hər pyesdən sonra uzun müddət alqışlar susmadı. Lap sonda isə Kuznetsovu səhnədən buraxmırdı tamaşaçılar. Gur saçlarını Lermantovsayağı daramış cavan virtouz dəfələrlə səhnəyə qayıtmalı oldu. Gül-çiçək “yağışına”, alqış “atəşinə” tutuldu. Çox yorğun olduğu aydın görünürdü. Bu qədər müddətdə bu qədər simfonik, üstəlik də incə melodik xırdalıqları olan şedevrləri ifa etmək... Həm də qarşısında nə partitura qoyulmuşdu, nə not dəftəri vardı. Barmaqlarının yaddaşından qopub gəlirdi möcüzə-əsərlər.

    Axırıncı dəfə səhnədən gedəndə əlini iki dəfə fortepianonun üzərində gəzdirdi. Bu jesti də, təbii, eksta alqış almalı idi, aldı da. O jest: “Bu şedevrləri dilləndirərkən mən tək deyildim” demək – musiqi alətinə də öz haqqını vermək ədalətinin incəliyi idi...

    Nikolay Nikolayeviç Kuznetsov. Moskvada böyük musiqiçi ailəsində böyüyüb. Öncə Qnessin adına Xüsusi İstedadlı Uşaqlar üçün Musiqi Məktəbində oxuyub. Sonra Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor Sergey Dorenskinin sinfində davam edib. Daha sonra aspirantura bitirib. Beynəlxalq müsabiqələr laureatıdır. “Monte Karlo Piano Masters” kimi çox nüfuzlu müsabiqənin qran-prisini alıb. Sonra da gəlib Bakıda – milli qəhrəman, şəhid-jurnalist Çingiz Mustafayevin ad günündə - anım günündə Muğam Mərkəzində təkbaşına səhnə aldı, sonda da bu möhtəşəm musiqi ziyafətinin sponsorlarından birindən - VMF-dən saat hədiyyə aldı. Bu saata hər baxdığında bizi xatırlayacağına söz verdi...

    O möhtəşəm gecədə bu müəzzəm musiqi ziyafətində milli qəhrəman öz qəhrəman milləti ilə ruhən görüşürdü. Bu cümləmə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin sözləri ilə düzəliş verim: o gecə Çingizin simasında bütün şəhidlərin gecəsiydi. Əvvəldə bir dəqiqəlik sükutla yad etdiyimiz doğmalarımızın ruhları da bizimləydi. O zaldakı bir dəqiqəlik sükut əslində bir başqa formada əbədi susqunluqdur; bizim üçün ən qiymətli nemət olan canından keçənlərin fədakarlığı qarşısnda söz də aciz qalır. Bəlkə hər ana öz oğluna: “Sənə qurban olum” deyirdi. Ancaq o oğullar getdi, bütün analara - hamıya qurban oldu. Sözdə yox, gerçəkdən.

    Bəli, bax elə bu gerçək qarşısında Sözün özü belə söz tapa bilmir. O səbəbdən milli qəhrəmanlarla qəhrəmanlar millətini (qəhrəman milləti) Sənət görüşdürməliymiş! Yüksək Sənət. Həmsöhbətin susduğu dialoq...

    Gördüyünüz bu şəklin də maraqlı və təsirli hekayəsi var: onu süni intellekt “çəkib”; Vahid Mustafayevin qızı: “Əmimi Cənnətdə göstər” deyə tapşırıq verib, süni intellekt də milli qəhrəman, telejurnalist Çingiz Mustafayevi bax, belə - güllər içində “görüb”...

    Bahəddin Həzi

    "Bizim yol" internet portalı