BLOQ

Qarabağda alternativ yollara nəzarət etməyin mənası yoxdur!

Sərhəd-keçid məntəqəsi qoymasaq, biz Qarabağ məsələsini həll edə bilməyəcəyik

Qarabağda alternativ yollara nəzarət etməyin mənası yoxdur!
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Təəssüf ki, mən mülki şəxslərlə cox danışa bilmirəm, çünki çox vaxt bir-birimizi başa düşmürük. Nə isə...

    Təvazökarlıqdan uzaq olsun, axır ki, mən deyənə gəlib çıxdınız; baxmayaraq ki, bir müddət bütün mətbuat və telekanallarda qınaq obyekti oldum. Heç kim inanmaq istəmirdi - nə dövlət, nə qeyri-dövlət, nə də müvafiq orqanlar. Yalnız bundan sonra reaksiya verildi və çox təəssüf ki, martın 5-də iki nəfər şəhid verdik. Əsgərlərimizin bir qədər irəliləməsini eşitdim və əsas və alternativ yollara yuxarıdan aşagı baxmalarına cox şad oldum...

    Amma bu heç nəyi dəyişmir.

    Biz rusun mühafizəsi altında Qarabağa gətirilən erməni muzdlularının və ya əsgərlərinin olduğu avtomobil karvanının qarşısına çıxa bilərikmi? Təbii ki, yox! Onlara atəş aça bilərikmi? Təbii ki, yox! Ermənilərə gətirilən silah-sursatı, minaları, döyüş ləvazimatlarını müsadirə edə bilərikmi? Təbii ki, yox! Qarabağa gələn qeyri-Azərbaycan vətəndaşlarını yarıyolda saxlaya bilərikmi? Təbii ki, yox! Onları həbs edə bilərikmi? Təbii ki, yox! Söhbət rusun mühafizə etdiyi maşın karvanlarından gedir.


    Əvvəl ermənilər özlərinin yük maşınlarında gətirirdilər, indi ruslar öz maşınlarında gətirəcək, ermənisiz. Onda həmin alternativ yollara nəzarət etməyin nə mənası? Bizimkilər lap gəlsin otursun yolun üstündə.

    Həmin alternativ yollardan biri Şuşadan əl içi kimi görünür, o biri də Kirs dağından. Yuxarıdan aşagı nə qədər istəyirsən, baxaq, nəzarət edək. Nə edə bilirik? Heç nə. Baxmayaraq ki, kifayət qədər peyk və müşahidə videofaktlarımız var!.. Bir də düşmüşük tək ƏSAS və ALTERNATİV yolların üstünə. Məgər avtomobil yolları olmadan silah-sursat, döyüş ləvazimatları, bir sözlə, ürəyin istədiyini gətirmək olmur?

    Götürək, 1979-88-ci illəri. Əfqanların nə vertolyotu var idi, nə də aerodromu. Yollar isə Sovetlərin nəzarəti altında. Bəs bir belə silah-sursat onlarda haradan idi? Bəs “Stinger” raketləri Pakistandan necə gətirilirdi?

    Qarabağda elə yerlər var ki, ora tək-tük adamın ayağı dəyib. Mən hələ ki, bunları açıqlamaq istəmirəm, düşmənə sirr öturmək kimi olar, amma bilirəm ki, bilirlər. Çünki onların 70 faizi ovçuluqla məşğul olurlar.

    1990-cı ildən başlayaraq Şuşa -Laçın yolu 1992-ci il Laçının işğalına kimi bağlı olub, bir dənə də erməni keçə bilməyib. 1991-ci ilin aprel ayında Şuşa polisi olaraq, Daşaltı kəndinin çay qırağı bostanlığında tam silahli olaraq 17 erməni öldürüldü və digərləri zərərsizləşdirildi. Hamısı təcrübəli hərbi mütəxəssis və Ermənistan vətəndaşları idilər. Məlum oldu ki, sərhədi keçirlər, Şuşanın Qala Dərəsi kəndinə, oradan da piyada olaraq Daşaltıya və Qarabağın muxtəlif döyuş zonalarına gəlirlər.

    Biz hələ 1991-ci ildə bu kəndin məktəbinin zirzəmisindən iki “Kamaz” müxtəlif növ motoatıcı silahlar, minalar, partlayıcı maddələr, qumbaraatanlar, hər növ pulemyotlar müsadirə etdik. İndi yəqin ki, 20-25 “Kamaz” olar, çünki 32 ildir bu kənd, o cümlədən Turşsu, o cümlədən Yextsahoq (Sarıbaba\Salatınkənd), Unvers, Turşsu, Göytəpə nəzarətsiz olub və indi də belədir, heç bir maneəsiz və mühafizəsiz, Laçına girmədən, təzə yolla Ermənistana gedib qayıdırlar və daha çox silahlanırlar.

    Əgər biz sərhədlərimizi bağlamasaq, sərhəd-keçid məntəqəsi qoymasaq, biz Qarabağ məsələsini həll edə bilməyəcəyik.

    P.S. Bütün məsələlər üzrə MÜHARİBƏYƏ HAZIRLAŞMALIYIQ, çünki Ermənistan müharibəyə hazırlaşır!