BLOQ

31 il susdum... İndi etiraf edirəm...

"Hamısı həlak oldu. Bircə İnqiladban xəbərim yoxdur"

31 il susdum... İndi etiraf edirəm...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Əsgərin, zabitin, ümumiyyətlə, hər kəsin №1-li vəzifəsi düşməndən daha yaxşı döyüşməkdir.

    Şəkildəkilər Şuşa rayonunun Malıbəyli kənd ŞƏHİDLƏRİDİR. Məzarları olmayan, təsəlli ücün 2-3 metrlik qəbirləri, baş və sinə daşları olmayan ŞƏHİDLƏRDİR! 31 ildir nə ölüsündən, nə dirisindən xəbər olan ŞƏHİDLƏRDİR.

    Bu 31 ildə mən susdum... Ümid başqa şeydir, istəmədim ki, kiminsə qəlbini sındırım, ümidini sındırım.

    Amma bu gün deyirəm, hamısı həlak oldu. Bircə İnqilabdan xəbərim yoxdur...

    Mən Kiyev Hərbi Ali Akademiyasında təhsil alarkən belə səhnələri yalnız Böyük Vətən müharibəsi muzeylərində ancaq maketlər üstündə görmüşdüm və ağlıma da gətirməzdim ki, bir vaxt gələcək, həmin səhnələrin canlı şahidi olacağam, hər şey gözümün qabağında olacaq, silahımı yerə tullayıb, dizlərimi yerə qoyub kiminsə cansız bədəninin, açıq qalmış gözlərini bağlayacağam, bint, iynə çıxaracağam ki, tez kömək edim (kimi isə qucaqlayıb bağrıma basaraq, əlacsızlıqdan eşşək kimi anqırıb düşmənə söyüş söyəcəyəm)... Amma gecdir. Bunların hamısı oldu. Malibəylidə oldu! Hamısı səngərdə qaldı. Dəfn olunmadılar. Dəfn üçün vaxt olmadı.

    Üç gün-üç gecə döyüşdülər. Döyüşdülər ki, Xocalı kimi bir soyqırım olmasın, döyuşdülər ki, nə bir qadın, nə bir gəlin, nə də bir qız uşağı ləkələnsin...

    31 il keçib! Bu 31 ildə heç vaxt görmədim və eşitmədim ki, Malıbəylidən və ya Quşçulardan olan hansısa bir şəhid ailəsi kiminsə, o cümlədən dövlətin qapısını döysün. Eşitmədim və görmədim ki, qəfil paraşütlə göydən düşən hansısa bir məmurun və ya təyinat almış deputatın, komitə sədrlərinin qəbulunda olsunlar, ev, maşın tələb etsinlər. Prezident Aparatı, Milli Məclisin qabağına yığışsınlar, dövlət əleyhinə hər hansı bir mitinqdə, piketdə iştirak etsinlər, hansısa bir müxalifət partiyasının üzvü olsunlar. Görmədim və eşitmədim.

    Görmədim ki, kimsə şəhidini ucuzlaşdırsın! Kimsə yaşadığı binanın iylənmiş girişinə şəkil yapışdırsın. Kimsə, ya övladı, ya həyat yoldaşı, ya bacıları, ya qardaşları şəhid statusundan istifadə etsinlər. Görmədim və eşitmədim!

    Bu kənddə kifayət qədər qazi və əlil var! Heç biri nə maşın, nə ev alıb. Özlərinə sığışdırmırlar!
    Bu camaat özünə hörmət edən camaatdır!

    P.S. Malıbəyli Qaxın İlisu kəndindən sonra Azərbaycanda ən çox alim, professor, ziyalı yetişdirən ikinci kənddir! İndi də belədir!