"Rəsulzadə - 140" mükafatları təqdim edildi
VMF Saat Fabriki Məhəmməd Əmin bəyin şəklini və “M.Ə.Rəsulzadə - 140” imzasını əks etdirən eksklüziv yubiley saatları hazırlayıb

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunan və bu il 29 yanvar-1 fevral tarixlərdə keçirilmiş “II Beynəlxalq Rəsulzadə qiraətləri” mövzusunda beynəlxalq elmi konfransı və onun materiallarından ibarət eyni adlı kitabın həmin günlər təqdimat mərasimlərini yəqin ki, xatırlayırsınız. “II Beynəlxalq Rəsulzadə qiraətləri. M.Ə.Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” adlanan 864 səhifəlik bu məqalələr və sənədlər toplusu 17 ölkədən 61 alim və müəlliflərin əsərlərini əhatə edir. Kitabın “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan gəncliyi” bölümündə isə 8 xarici ölkədən Azərbaycan diasporunun yeni nəsil nümayəndələri – 13 gəncin “Rəsulzadə mənim üçün kimdir” mövzusunda esseləri toplanmışdır.
Beynəlxalq konfransın təşkilatçılarından "ANS" Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev M.Ə.Rəsulzadə irsinin araşdırılmasında və təbliğində xüsusi xidmətləri olan şəxsləri mükafatlandırmaq təşəbbüsü irəli sürərək sahibi olduğu VMF Saat Fabriki tərəfindən üzərində Məhəmməd Əmin bəyin şəklini və “M.Ə.Rəsulzadə - 140” imzasını əks etdirən eksklüziv yubiley saatları hazırlatmışdı. Bu mükafatlar əsasən xarici müəlliflərə və konfransın xarici təşkilatçıları olan universitetlərin rəhbərliyinə, eləcə də Rəsulzadə haqqında son illər orijinal monoqrafiyalar yazmış iki nəfər azərbaycanlı alimə təqdim olundu.
P.S. Bu iki gəncin Rəsulzadə haqda yazdığı esselərdən ayrıca fikirləri adı gedən kitabın arxa qabığında yer almışdır:
Eyyub İsrafilov: “Məhəmməd Əmin Rəsulzadə öz dünyasını dəyişməzdən öncə bu dünyanı dəyişmiş bir insan idi”.
Cavanşir Amanov: “Rəsulzadə feodal dövrün müsəlman\ərəb kimliyi ilə yaşayan və inancları ucbatından hər keçən gün bir az daha məhv olmağa davam edən bir xalqa türk olduğunu xatırladan və məhz azərbaycanlı kimliyi ilə xalqı çağdaş dünyaya dəvət edən şəxsiyyətdir”.