BLOQ

Azərbaycanda Anım Günüdür

27 sentyabr 2020-ci ildə Azərbaycanda Vətən Müharibəsi başladı və 44 günə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı

Azərbaycanda Anım Günüdür
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

    Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük Qələbəmizin ilk müjdəsi oldu.

    Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də - Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu.

    Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri dağlardan, meşələrdən, cığırlardan keçərək, Şuşanın sıldırım qayalarına dırmaşaraq, bir neçə istiqamətdən şəhərə daxil oldular. Qəhrəman ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini noyabrın 8-də səhər saatlarında Şəhidlər xiyabanından verdi.

    Böyük Qələbə münasibətilə Prezident müraciətində böyük fəxarət və qürur hissi ilə xalqımızı təbrik etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq”.

    Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

    Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi.

    Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2900-dən çox əsgər və zabitimiz şəhid olub.

    Allah Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!