İftara, yoxsa ifrata dəvət...
"Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf.31)
Ramazanın başlaması ilə bir çox insanlar savab qazanmaq isrədikləri halda bir sıra xoşa gəlməyən ənənələrə yol verirlər. Bunlardan biri də sanki rəqabətə girən iftar verən şəxslərdir. Restoranlara sifarişlər olunur və iftar məclisləri təşkil olunur. Bəli, ramazanda iftar vermək gözəl ənənə və savabdır. Amma kimlərə?!
Dəfələrlə bunun şahidi oluruq ki, iftara dəvət olunan şəxslərin özləri iftar verə biləcək maddi imkana sahibdirlər. Bunu iftara dəvət olan şəxslərin bahalı maşınlarla gəlməyindən də təxmin etmək olur. Deməli, hər işimizdə olduğu kimi, bu məsələdə də daşlar yerindən oynayıb. Bir haldakı bu şəxslər özlərinə örnək bildikləri İmam Əlidən gələn bu sözləri şox yaxşı bilirlər: "Mən yoxsul acların olmadığı məcıisə getmərəm!". Bəs nə oldu? Bu israfçılıq nəyə xatirdir? Axı Allah israf edənləri sevməz.
Gəlin, bu məclislərdən ən kiçiyinin xərcini hesablayaq. Əgər bir iftar məclisinə 15 nəfər dəvət olunursa və onların hər birinə orta hesabla 20 manat xərclənirsə, bu artıq 300 manat pul deməkdir. Bir haldakı bu yoxsul təbəqənin 1 aylıq azuqə xərcidir.
İndi, gəlin, papağımızı qarşımıza qoyub fikirləşək. Bir yoxsul ailənin 1 aylıq xərcini 1 gecədə xərcləmək hansı məntiqə uyğundur? Hələ o məclislərdə yoxsul təbəqə iştirak etmirsə...
Xəbərdarlıq olaraq Maun surəsinin bu ayəsini xatırlamaq yerinə düşər: "Və heç kimi yoxsulu yedirtməyə təşviq etməz. Vay o namaz qılanların halına ki, onlar namazlarına səhlənkar yanaşırlar".