BLOQ

Moskva səfərimin Novruz səhifəsi

Bu ilin Novruz günlərini bəzi şəxsi və ictimai məzmunlu səbəblərdən Vətəndən uzaqlarda keçirməli oldum

Moskva səfərimin Novruz səhifəsi
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 18-26 mart tarixləri Moskvada yaşayan həmvətənlər, dostlar və yeni tanışlarla görüşlər, xoş ünsiyyət, maraqlı mərasimlər, rəngarəng tədbirlər və faydalı nəticələrlə yadda qaldı. Bu sıradan ən maraqlı tədbir-görüşlərdən biri martın 22-də Moskvada hələ Sovetlər dövründən məşhur VDNX (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) adlanan nəhəng park-məkanda “Azərbaycan” pavilyonunda “Novruz” bayramının rəsmi qeyd edilməsi tarixinə həsr edilmiş məruzəm oldu.

    Bu mövzuda vaxtilə İranda keçirilən “Novruz” – Xəzəryanı dövlətlərin ümumi İrsi kimi” adlı bir çox cəhətləri ilə yadda qalan bir beynəlxalq tədbirdə çıxış etmişdim. Bu elmi konfrans-festivala Novruzu qeyd edən bütün Şərq xalqlarının nümayəndələri ilə bərabər nə Xəzərə, nə də Novruza aidiyyəti olmayan ermənilər də dəvət edilmişdilər. Yadımdadır ki, mənim məruzəm bu bayramın məhz Azərbaycanla bağlılığı vurğulanan məqamları (Novruzun bir bayram olaraq məhz Azərbaycan ərazisində elan edildiyi) və müxtəlif tarixi mərhələlərdə mövcud hakimiyyətlərin qadağalarına baxmayaraq öz humanist mahiyyətini saxlayaraq xalq tərəfindən daim qeyd olunması ilə xüsusi maraq doğurmuşdu.

    Rusiyada yaşayan soydaşlarımızın Novruz bayramının məhz tarixi baxımdan az məlumatlı olduqlarını düşünərək bu mövzuda Şərq və İran miniatür sənətindən nümunələr və foto-materiallar əsasında bir təqdimat da hazırlamışdım. Beləliklə, məclis iştirakçıları ilə bərabər Novruzun qədim dövrlərdən bu günümüzə qədər rəsmi qeyd edilməsi tarixinə bir ekskurs etdik. “Avesta”dan başlayaraq mifoloji ədəbiyyatda Novruzun bayram olaraq yaranmasının Kəyumərz, Cəmşid, II Kir (Kuruş) və d. qədim əfsanəvi hakimlərin adları ilə bağlılığı, mifologiyadan tarixi reallığa keçərək Əhəmənilər və Sasanilər sülalələri dövründə İranın milli dövlət bayramı statusu alması, Ərəb xilafəti zamanında qadağalara məruz qalması və İranın şiə ruhaniliyinin bu bayramı “xilas” etmək məqsədilə ona islami xarakter vermək cəhdləri, bayramın 4-cü xəlif Əlinin adı ilə bağlanması, orta əsrlər əsasən türk hakimlərinin sülalə dövlətlərində (Səfəvilərdən Qacarlara qədər) rəsmi qeyd edilməsi haqda rəngarəng şəkillərlə müşayiət olunan məlumatlar dinləyicilərdə böyük maraq doğurdu. Novruzla bağlı görkəmli Şərq, o cümlədən Azərbaycan filosof və şairlərinin – Ömər Xəyyam, Əl-Bərxi, Biruni, Nizami, Xaqani, Nəvai, Qətran və Said Təbrizilərin fikirləri, eləcə də müasir azərbaycanlı alimlərin – Y.V.Çəmənzəminli, M.H.Təhmasib, M.A.Dadaşzadə, S.Onullahi, M.Hatəmi və d. Novruzşünaslığa verdikləri töhfələr də, zənnimcə, dinləyicilərimin çoxu üçün tamamilə yeni məlumatlar idi. Nəhayət, Şimali Azərbaycanın çar Rusiyası tərkibinə daxil edildikdən sonra xristian təqviminin hakim olduğu 100 illik bir tarixi dövrdə Novruzun bayram edilməsi təfərrüatlarına, Cümhuriyyət dövrü, Sovet hakimiyyətinin iki mərhələsində - 1920-1940 və 1950-1980-ci illər ərzində bu bayramın keçdiyi yola nəzər salındı. Məruzəmi Novruzun müstəqil Azərbaycanda dövlət səviyyəsində əsl el bayramı kimi qeyd olunduğu şəkil və sənədlər, eləcə də sözümə qüvvət kimi İran əsilli alman rejissoru Əli Əttarın 2003-cü ildə bizlərin dəstəyi ilə Bakıda çəkdiyi “Azərbaycanda Novruz” sənədli filminin nümayişi ilə başa vurdum. Qeyd edim ki, bu film dəfələrlə Almaniyanın Köln və İngiltərənin BBC televiziya kanallarında nümayiş etdirilib. Mən özüm də onun 2007-ci ildə İranda keçirilən həmin beynəlxalq konfrans-festival çərçivəsində çətinliklə də olsa nümayişinə nail olmuşdum.

    Soydaşlarımızla Novruz görüşünün respublikamızın hazırda Moskvadakı ən nüfuzlu və yaraşıqlı təqdimatlar məkanı olan bayramsayağı bəzədilmiş “Azərbaycan” pavilyonunda keçirilməsi bu ölkədəki səfirliyimizin və media orqanları nümayəndələrinin də qatıldığı tədbirə xüsusi ovqat qatdı. Bu gözəl bayram əhval-ruhiyyəsi, yüksək təşkilatçılıq üçün pavilyonun direktoru Səadət xanım Qədirovaya və əməkdaşı Elmar Babayevə ayrıca təşəkkürümü bildirirəm.

    Belə görüşlərdə daima yeni insanlarla tanış oluram. Bu sırada tanınmış sənədli filmlər rejissoru Arzu xanım Urşanla ünsiyyətimizu xüsusi qeyd etmək istərdim. Bu xanımın adını məşhur həmyerlimiz, vaxtilə SSRİ-də ən populyar nəğməkar-şairlərdən olan Onegin Hacıqasımov haqqında çəkdiyi və faciəvi çalarları ilə olduqca təsirli bir filmlə bağlı çoxdan eşitmişdim. Təbii ki, onunla şəxsi tanışlıqdan çox məmnun qaldım. Arzu xanım da mənimlə ünsiyyətdə həm də bir peşəkar kimi maraqlı olduğunu, çəkmək istədiyi yeni filmi üçün bir tarixçinin məsləhətinə ehtiyac duyduğunu vurğuladı. Sənətkarın nəzərdə tutduğu filmin M.Ə.Rəsulzadənin başçısı olduğu Müsavat partiyasının üzvləri – repressiya illərində Ağ dənizin Solovetski adalarında ucqar və əlçatmaz Solovki həbs-əsir düşərgəsinə sürgün edilmiş və siyasi mübarizələri ilə bu düşərgənin tarixində ad qoymuş müsavatçılar haqqında olacağını eşidəndə yəqin ki, mənim reaksiyamı təsəvvür etmək çətin deyil. Arzu xanımla bu söhbət zamanı tədbirdəki soydaşlarımız da tədricən bizim ətrafımıza toplaşdı. Söhbət böyüdü. Belə bir filmin çəkilişi zamanı meydana çıxacaq bəzi çətinlikləri – maddi və fiziki - həll etmək yolları müzakirə edildi, dərhal Arxangelsk vilayətində Azərbaycan diasporunun başçısı Tərlan müəllimə telefon açıldı və s., və s.

    Beləliklə, Novruz tədbirimiz həm də başqa bir layihənin başlanmasına bir vasitə oldu.

    Ümumiyyətlə, Rəsulzadə mövzusu Moskva səfərimin ayrıca səhifəsini təşkil edir ki, bu barədə gələn yazıda...