BLOQ

Söyüdlüdə nə baş verir?

"Turan" İnformasiya Agentliyinin şərhi

Söyüdlüdə nə baş verir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Görünür, hakimiyyət Söyüdlü kəndilə bağlı sınaqdan keçirilmiş "qamçı və kökə" üsulu ilə hərəkət etmək qərarına gəlib.

    Bir tərəfdən, kənddə giriş-çıxışın məhdudlaşdırılması, etirazçıların saxlanmasının davam etməsilə müşayiət olunan polis əməliyyatı aparılır.

    Digər tərəfdən, ekoloqlar hansısa araşdırma aparır, həkimlər sakinləri müayinə edir və kommunal xidmət işçiləri abadlıqla məşğul olurlar.

    Mənbənin sözlərinə görə, kənddə polis "Söyüdlü" Whatsapp qrupunu yaradan şəxsləri müəyyən edərək saxlayır, onları iyunun 20-də kütləvi etiraz aksiyasının təşkilində ittiham edir.

    "Şöhrət Əsgərovu da həbs etdilər, o, sürücüdür və aksiya üçün kəndə plakatlar gətirmişdi. Həmçinin plakatların hazırlandığı obyektin sahibini həbs etdilər", - kənddəki mənbə deyib.

    "Eyni zamanda, Bakıdan gələn mütəxəssislər hazırda qızıl yatağından tullantıların atıldığı gölün ətrafında işləyirlər, analiz üçün ağaclardan, bitkilərdən nümunələr götürürlər. Deyirlər ki, göl ləğv ediləcək, yenisi tikilməyəcək. Eyni zamanda, kəndin özündə abadlıq işləri aparılır. Qəbiristanlıq artıq abadlaşdırılıb, hazırda yolları yeni asfaltla örtürlər, küçələri işıqlandırırlar", - mənbə sözlərinə davam edib.

    Onun dediklərinə görə, bəzi sakinlər polisin hərəkətlərindən narazılığını bildirməkdə davam edir. Vaxtaşırı kiçik qruplarla toplaşaraq saxlanmalara və məhdudiyyətlərə son qoyulmasına çağırırlar.

    İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı sərt şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.