Pezeşkianın silahı və ya pazllardan ibarət şəbih zənciri

VİDEO

  • Oxuma müddəti:

    14 dəqiqə

  • 2011-ci ildə ailəmlə Təbrizdə Aşura günlərinə düşmüşdüm. Təbriz matəmdə idi. Məlahətli səsə malik bir gənc natiq yarı farsca, yarı ərəbcə, yarı azərbaycanca mərsiyələr oxuyurdu. Yadımda qalan və başa düşdüyüm bu idi: “Kaş bu gün bu dəmdə olaydım Kərbəlada, kəsəydim qurbanları, verəydim ehsanları…”. Xiyabanın ortasında bir sıra adamlar başlarına qılınc vurur, digərləri bellərini zəncir topası ilə “belləyirdilər”. Yalnız bir adam sakit durub bu izdihama baxırdı. Soruşdum ondan: “Sən niyə zəncir vurmursan?”. Dedi: “Mən zəncirləri düzəldənəm. Yerə düşən hissələri yığıram ki, gələn il istifadə edim…”. Soruşdum: “Əminsən ki, gələn il bu mərasim təkrarlanacaq?”. Dedi: “Bilmirəm. Amma onu dəqiq bilirəm ki, nə qədər ki, insan var, ona hər zaman zəncir lazım olacaq!”.

    GİRİŞ: TƏBRİZDƏ DARVAZASININ ZƏNCİR SƏSİ

    Bu il Aşura Təbrizdə bir az başqa cür keçdi. Daha doğrusu, "başqa" olan onun səsi idi. O səs ki, min illik günahsızların zülm çəkməsi haqda mərsiyələrin arxasından yeni bir avaz gəldi: “Azərbaycan”.

    Əvvəllər bu “şaxsey-vaxsey” ritminin arasında "Hüseyn" adı təkcə bir dini simvol idi. Amma indi “Hüseyn”in yanına “Azərbaycan” sözü qoşulmuşdu. Sanki Kərbəla faciəsi ilə milli kimlik arasında gizli bir zəncir, vəsilə var - qılıncla yox, qanla yox, göz yaşı ilə yox. Söz ilə! Zəncirin özünün dəmir səsi ilə.

    1. PEZEŞKİAN VƏ QILINC: DOKTORU KƏRBƏLAYA BAĞLAYAN ZƏNCİR

    Dünyada az adam tapılar ki, həm tibb doktoru olsun, həm də dövlət başçısı və eyni zamanda mərsiyə zamanı qılınc çəksin. Amma Pezeşkian bu az adamların başındadır. Deyirlər, bu jest səmimidir. Deyirlər, xalqla birlikdir. Deyirlər... çox şey deyirlər.

    Amma mən deyirəm: əgər bir prezident qılınc çəkirsə, bu dini zəncirlənmə yox, siyasətin təhlükəsizliyi üçündür. Yəni "Məni seçdiniz, sizinləyəm" mesajıdır. Şairlər bunu "xalqla bir olmaq" deyə qafiyələndirirlər, amma mən belə deyirəm: "Zəncirin hansı ucu əlinizdədir, ona baxın. Siz zənciri tutursunuz, yoxsa sizi tuturlar?".

    Pezeşkianın qılınc çəkməsi, sadəcə, ritmik hərəkət deyil. Bu, bir növ siyasi dildə "Mən sizin qəzəbinizi anlayıram, amma hələ ki, hərəkətləri aramla edək" deməkdir. Çünki Təbrizdə zəncir bəzən "Hüseyn"in, bəzən də "Azadlığın" taleyinə vurulur. Arada fərq var.

    1. MƏRSİYƏLƏRİ MİLLİ ŞÜARLARA BAĞLAYAN ZƏNCİR – KƏRBƏLA NƏZƏRİYYƏSİNİN NEOTƏBRİZ REDAKSİYASI

    Ənənəvi Aşura günlərində mərsiyələr ya göz yaşlarına səbəb olur, ya da keçmişdəki günahların bağışlanması üçün oxunur. Amma bu il Təbrizdə bir şey fərqli idi: mərsiyələr təkcə İmam Hüseyn üçün deyildi, onlar, eyni zamanda, türkün ruhuna yazılmışdı. Və diqqətlə asılan qulaq üçün çox şey deyirdi.

    Ənənəvi "Ya Hüseyn" çağırışının arxasından "Azərbaycan, Azərbaycan!" səsləri yüksəlirdi. Mərsiyəxanlar sanki Qumdan deyil, Bakıdan ilham almışdılar. Bu, dini ayin yox, milli manifest idi. Əgər Kərbəla bizim qara tariximizdirsə, Təbriz onun müasir gələcəyə istiqamətləndirilmiş ədəbi tərcüməsidir.

    Bəzilərinə bu “dinin siyasiləşməsi” kimi görünə bilər. Amma yox. Bu, daha çox millətin dinlə öz azadlıq dilini yaratmasıdır. Tehran Kərbəlaya nə qədər yas yükləyirsə, Təbriz o qədər dirçəliş tapır orada. Din xadimləri bu faciədən itaət çıxarırsa, siyasətçilər — kəramət və dirəniş.

    Burada məsələ odur ki, Təbriz Kərbəla fəlsəfəsini "göz yaşından" çıxarıb "hürriyyət yağışı" müstəvisinə gətirir. Bu artıq Füzulinin yox, Məhəmməd Əmin Rəsulzadənin baxışlarına bənzəyir: "Millət ağlamalıdır? — Bəli, amma keçmiş deyil, gələcək üçün gün ağlamalıdır".

    Bütün bu milli ruhun fonunda din yalnız vəhdət vasitəsidir. Qumda "ağla və unut", Təbrizdə "ağla və unutma" deyirlər.

    1. XAMENEİ TEHRANDA, PEZEŞKİYAN TƏBRİZDƏ GÖRÜNÜR – AŞURA ZƏNCİRİNDƏ ÇATIŞMAYAN VƏSİLƏ

    İran siyasəti həmişə teatra bənzəyib. Amma bu dəfə səhnə arxasında ciddi bir uyğunsuzluq baş verdi. Xamenei — 22 gündür görünməyən, haqqında şayiələr yayılan, səssizliyin şahı — qəfil öz Tehrandakı evində ortaya çıxdı. Yanında Məclis sədri, ədliyyə başqanı və Prezident Pezeşkianın birinci müavini vardı. Yəni, Tehran mesaj verdi: “Prezident vacib deyil. Biz buradayıq”.

    Bəs Pezeşkian harada idi? Təbrizdə. Pezeşkian Bakıdan birbaşa Təbrizə, Aşura məclisinə qoşulmuşdu. Lakin bu barədə bir az sonra… İran siyasi-bürokratik sistemi üçün bu təhlükəli siqnaldır? Aşura — yalnız yas günü deyil, siyasi loyallığın testidir. Orada kim harada durursa, əslində kimə bağlı olduğunu göstərir. Lap Peyğəmbərimizin son namazındakı sıralama kimi…

    Bir ölkədə iki tamaşa varsa, biri mütləq saxtadır. Amma hansı olduğunu anlamaq üçün aktyorlar seçiminə diqqət yetirmək, onların performansına, gözlərinə baxmaq kifayətdir. Pezeşkian xalqın içində imdad axtarırdı, Xamenei isə protokolun içində düşmən. Bu, bir qarşıdurmanın səsi deyildi. Bu, ciddi təzyiq altında qırılan zəncir səsi idi… Yəni, parterdə oturanlar anlamalıdır ki, ssenari belə yazılıb. Necə deyərlər: “Ağa deyir, sür Təbrizə, sür Təbrizə”.

    1. ZƏNCİR ÇEYNƏYƏN QƏRBİN BİR GÖZÜ AŞURA, DİGƏRİ NEFT QİYMƏTİNDƏ

    Qərb mətbuatına baxsanız, Pezeşkian haqqında yazılan başlıqlar çox tanış səslənir: “Təvazökar türk həkim”, “İslahatçı ruhda mühafizəkar”, “Xalqın içindən çıxan lider”. “The Guardian” başlığı yazır, “New York Times” isə onun uşaqlığını tərif edir. Sanki “Truman Show”dan bir kadr: hər şey çox ideal görünür, ta ki kameranın linzası silinənə qədər.

    Ancaq o kamera hələ Təbrizdəki Aşura səhnəsinə fokuslanmayıb. Qərb Pezeşkianın prezidentliyini İran daxilində azadlıq üçün bir ümid, beynəlxalq aləmdə isə nüvə danışıqlarına müsbət təsir kimi görmək istəyir. Bu da onların klassik strategiyasıdır: “Əgər əslini dəyişmək olmursa, heç olmasa piştaxtasını boyayaq”.

    Halbuki Pezeşkianın seçkidən sonra beş dəfə Təbrizə, üç dəfə Urmiyaya, xüsusilə də qeyri-rəsmi səfərlərlə (öz maşını, öz marşrutu, öz adamları ilə) getməsi başqa bir şey nümayiş etdirir: Ay kişi, bu adam Tehrana yox, Təbrizə gedir...

    Amma Qərbin “dəyişiklik” üçün ehtiyacı — köhnə qutuya yeni ambalaj salmaq, sakitləşmək və vaxtında işdən çıxıb dostlarla İran restoranına gedib fisincan yeməkdir. Onlar üçün Pezeşkian Xameneinin yaratdığı bir imicdir: gülümsəyən, amma çevrəsinə baxanda çevrilməyən biri. Ümumiyyətlə, Qərb siyasətçiləri eynilə restoran menyusuna baxan turistlər kimidir: hər şeyin şəkli gözəldir, amma daddan anlayışları yoxdur.

    Yəni Pezeşkian hələ onların ağız dadına görə “yumşaq” tikədir. Amma Təbrizdə həmin yumşaqlığın içindən “Zülfüqar qılıncı” qınından sərt zəncir səsi ilə çıxdı — kiməsə hədə, kiməsə qorxu gəldi. Lakin bu desibelləri Qərbdə yalnız qan içən qarğa və ya ağcaqanaqlar eşidir.

    1. BAKIYA GƏLƏN PEZEŞKİAN VƏ TƏBRİZDƏ QILINC OYNADAN PREZİDENT ZƏNCİRİN HANSI TƏRƏFİNDƏ DURUB?

    Pezeşkian prezident seçildikdən sonra ilk səfərlərindən birini Azərbaycana etdi. İlham Əliyevin təbirincə desək: “öz Vətəninə” — Bakıya gəldi, sonra Xankəndiyə getdi. “Qardaşlıq”, “İslam birliyi”, “xalqların dostluğu” kimi tanış sözlər havada süzülürdü. Azərbaycanın əksər insanı da — təbii olaraq — bir qədər təəccüblü, bir qədər də ümidlə baxdı bu səfərə.

    Amma bütün bunlar sadəcə olaraq diplomatiyadır. Hər bir ölkənin diplomatiyası isə zınqırovlu ilana bənzəyir — onun zınqırovu səninlə oynayır, başını qatır, başı isə sənin həyatına ölümcül zəhər qatır. Bu səfəri də o ikibaşlılıqla oxumaq olar — başqa cür qəbul etmək sadəlöhvlükdür və ölümlə nəticələnəcək.

    Əgər Pezeşkian və onun aparatı doğrudan da “yeni dövrün adamlarıdırsa”, niyə onun səfəri zamanı İran KİV-lərində Azərbaycanın İsrailə yaxınlığı barədə sərt yazılar çıxdı? Niyə paralel olaraq Ermənistanla yeni enerji razılaşmaları gündəmə gətirildi? Niyə Bakıdan birbaşa Təbrizə qılınc çəkməyə getdi?

    Hesab edək ki, Pezeşkianın Bakıya səmimi gəlişi onun niyyəti idi. Amma həmin gəlişə icazə verən ali rəhbərlik və viziti şərtləndirən sistemin niyyəti tam başqa ola bilər. Heç bir şübhə doğurmur ki, İranın azərbaycanlı prezidentinin Bakıya gəlişini Tehran öz maraqları üçün balanslaşdırıcı bir alət kimi istifadə etməyə çalışır... və bu planlar dünən deyil, hələ cənab Pezeşkian prezident seçiləndən əvvəl qərarlaşdırılmışdı.

    İran üçün bu normal dövlət siyasətidir. Bunun pis tərəfi: Ayatullanın mübarək təsbehinin “Allahu Əkbər”i Tehrana, “Əlhəmdülillah”ı Təbrizə, “Sübhənallah”ı isə Bakıya hesablanır. Yəni, İran hakimiyyəti zəncirin bir ucunu Təbrizə, o birini isə Bakının səbrinə bağlayıb. Hər dəfə istədiyi istiqamətdə tarım yaradaraq arada təzyiqi yüksəldir və bir gün o zənciri qıra bilər. Hələ ki, bu rol azərbaycanlı, gülərüz, imanlı, doktor Pezeşkiana həvalə edilib.

    Necə deyərlər, əgər bir adam öz evində səliqə-sahman yarada bilmirsə, başqa evdə gülümsəməsinə çox da aldanmayın. Pezeşkianın Bakıya və Xankəndiyə gəlişi, sözsüz ki, simvolik idi. Amma bu simvolun mənası hər tərəf üçün eyni deyil. Azərbaycan üçün bəlkə də milli bir yaxınlıq, Tehran üçün isə taktiki addımdır. Kosmonavt Nil Armstronqun təbirincə desək: “Pezeşkian üçün bu kiçik bir addım, İran üçün isə nəhəng bir sıçrayışdır”.

    EPİLOQ: AĞILLINIZ KİMDİR? QABAQDA GEDƏN ZƏNCİRLİ!

    Əgər Aşura bir şəbihdirsə (məhəllə teatrı – müəllif), elə bil bu dəfə səhnədəki aktyorlar rollarını unudub içdən oynadılar. Ya da elə göstərdilər. Amma qəhrəman, həmişə olduğu kimi, seyirçinin içindən çıxdı: təbrizli sadə adam, urmiyalı orta yaşlı qadın, məscidin kənarında "Azərbaycan!" deyə qışqıran yeniyetmə.

    Pezeşkian isə sanki iki ssenarinin ortasında qalıb: Tehranda təsdiqlənən bu ssenarinin biri Qumda yazılır, digəri Təbrizdə. Və o, hər iki tərəfə gülümsəməyə çalışır – biri üçün prezident, digəri üçün mömin. Amma tarix çox az adama bu cür ip üzərində gəzməyə imkan verir. Çünki bu ip sadəcə nazik yox, həm də sürüşkəndir.

    Bu gün Təbrizdə zəncir səsi eşidilir. Amma o səs artıq tarixin yox, bu günün ritmidir. Qərb bu səsi hələ ki "oriyental folklor" sayır. İran isə bunu "nəzarət altında yeni demokratik yas" kimi qələmə verir. Amma millət... heç kimi dinləmir artıq. O, öz mərsiyəsini oxuyur və açılan bu imkanı artıq bağlamaq asan olmayacaq.

    YEKUN SÖZ:

    Bu hadisəni həm də “Pezeşkianın silahı” adlandırmaq olar. “Pezeşkianın silahı” – şəbihdə hər elementin zəruri olması və əlaqəsiz detalların çıxarılmasının vacibliyini ifadə edən dramatik prinsipdir. Əgər kimsə birinci pərdədə qılınc oynadırsa, demək, artıq dil kəsmir və sonrakı pərdədə bu qılınc baş və ya başlar kəsməlidir. Əks təqdirdə onu heç çıxarmazdılar. Və ya bu şəbihdə ümumiyyətlə iştirak etməzdilər.