Azərbaycan və Ermənistanın yüksək səviyyəli diplomatları sabah, iyunun 27-də fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi bağlamaq üçün sülh danışıqlarının yeni raunduna başlamağa hazırlaşırlar. Bu barədə TURANın Vaşinqton müxbiri iki diplomatik mənbələrə istinadən bildirir.
Mənbələrin qeyd etdiyinə görə, əvvəlcə iki həftə əvvəl başlaması nəzərdə tutulan danışıqlar “planlaşdırmada problemlər” səbəbindən təxirə salınıb. "Başqa səbəb yox idi - planlaşdırma məsələlərindən başqa", - diplomatlardan biri deyib.
Bu, iki aydan az müddətdə dövlət katibi Antoni Blinkenin dəvəti ilə sülh danışıqlarının ikinci mərhələsi olacaq.
Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın son dəfə olduğu kimi Dövlət Departamentinin Arlinqtondakı Corc Şultz adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində, “diqqət mərkəzindən uzaq” bağlı qapılar arxasında müzakirələri davam etdirəcəkləri gözlənilir. .
Başqa bir mənbə qeyd edib ki, bu həftəki danışıqlar bir neçə gün, yəni 29 iyun cümə axşamına kimi davam edə bilər.
"Turan"ın əldə etdiyi məlumata görə, nazirlərin Vaşinqtonda olduqları müddətdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə də görüşləri gözlənilir.
Aleks Raufoğlu