BLOQ

Piylənmə ölüm riskini artırır

Bunu mütəxəssislər deyir

Piylənmə ölüm riskini artırır
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Piylənmə və normadan artıq çəki bütün dünyada, eyni zamanda ölkəmizdə tezliyi epidemiya şəklində artan, müalicəsi çətin olan, orqanizmin bütün sistemlərinə təsir edən xroniki, metabolik xəstəlikdir. Bədən kütləsi indeksi (BKİ) bir insanın çəkisinin onun boyunun kvadratına bölməklə əldə edilən ölçüdür, əgər indeks 25 kiloqram/m2 ilə 30 kiloqram/m2 arası və daha yuxarı olarsa, bu, piylənmə sayılır.

    Bunu Kliniki Tibbi Mərkəzin Nefrologiya və hemodializ şöbəsinin müdiri, həkim-nefroloq Xəyalə Quluzadə deyib. O, qeyd edib ki, piylənmə qida ilə alınan enerjinin xərclənən enerjidən artıq olması nəticəsində bədənin yağlı kütləsinin artması prosesidir.

    Yəni bu zaman çəki artımı piy toxumasının artması hesabına olur. Piylənmə genetik, hormonal səbəblər, yanlış qidalanma vərdişləri və oturaq həyat tərzi nəticəsində yarana bilər. Ancaq bu amillər arasında ən çox piylənməyə səbəb olanlar həddindən artıq qidalanma, qeyri-sağlam və oturaq həyat tərzidir: “Piylənmə ciddi bir sağlıq problemidir, istər dolayı yolla, istərsə də, birbaşa olaraq insan həyatını risk altına alır. Başda qan-damar sistemi olmaqla bütün orqanizmi, eyni zamanda böyrəkləri zədələyir. Araşdırmalar göstərir ki, piylənmə olan insanlarda xroniki böyrək xəstəlikləri digər əhali qrupuna görə 83 faiz daha artıqdır. Piylənmə ürək xəstəlikləri, şəkərli diabet, hipertoniya, yüksək xolesterol, obstruksiya, yuxu apnesi, hipoventilyasiya (Pickwcik sindromu), tromboemboliya, dərin vena trombozları, qaraciyər yağlanması, öd kisəsi xəstəlikləri, podaqra xəstəliyi, kalsifikasiya, müxtəlif xərçəng növləri, miqren, depressiya, psixi problemlər və digər xəstəliklərə səbəb olmaqla ümumi əhali arasında ölüm riskini artırır və həyat keyfiyyətini aşağı salır”.

    Həkimin sözlərinə görə, yüksək arterial təzyiq, şəkərli diabet, yuxuda apnoe kimi xəstəliklər də birbaşa böyrəklərin zədələnməsinə gətirib çıxarır: “Piylənmə ilə bağlı böyrək xəstəliklərinin başlanğıcı asemptomatikdir. Bütün bunlarla bərabər piylənmədən əziyyət çəkən insanlarda böyrəklər artıq çəkili orqanizmdə mübadilənin son məhsullarını süzərkən daha çox işləməli olur, bu da böyrək daxilində təzyiq artımı və zülal itkisi yaradır”.

    Mütəxəssis vurğulayıb ki, xəstələrdə böyrək daşlarının, böyrəklərin bədxassəli şişlərinin yaranması riski də digər insanlara nisbətən daha çoxdur: “Piylənmədən əziyyət çəkən insanlarda təhlükəsiz və sağlam şəkildə arıqlamaq, həftədə ən az 300 dəqiqə fiziki fəaliyyət, iki dəfə əzələ gücləndirici hərəkətlər, sağlam qidalanma və qida porsiyasına nəzarət, hətta bəzi hallarda piylənmənin qarşısını almaq üçün əməliyyat da tövsiyə olunur. Tövsiyələrə yağ və şəkərdən enerji qəbulunun məhdudlaşdırılması, təzə meyvə və tərəvəzlərin istehlakının artırılması və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq (uşaqlar üçün gündə 60 dəqiqə, böyüklər üçün isə həftədə 150 dəqiqə) daxildir”.