BLOQ

Muhəmmədin tək möcüzəsi

Bu gün onun adına sadalanan və haqqında kitablar yazılan möcüzələr müsəlmanların uydurmalarıdır?

Muhəmmədin tək möcüzəsi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • İsa Məsihin ölümündən sonra onun davamçıları xüsusi ibadətgahlar tikməyə başlayırlar. Bunun adı da kilsə qoyulur. İnsanlar İsa Məsihin ölüləri diriltdiyini və çarəsiz xəstələrə şəfa verdiyini görür, ya da bunu eşidib iman gətirirdilər. Öldükdən sonra isə insanlar elə blirdilər ki, onun davamçıları da onun kimi ölüləri dirildəcək və xəstələrə şəfa verəcəklər. Bu inamla kilsələrə üz tuturdular. Müxtəlif millətlərdən olan rahib və rahibələr isə başa düşmədikləri dildə dua oxumaqdan başqa heç nə bilmirdilər. Belə bir vəziyyətdə onlar insanlarda İsa Məsihə inam itməsin deyə tibb və təbabətlə məşğul olmağa başlayırlar və bu çox da yaxşı nəticələr verir. Bir çox kilsələrdə böyük alimlər yetişir. 

    Amma İslam dünyasında insanlar həzrət Muhəmmədə iman gətirib onu görənlərdən, yəni səhabələrdən möcüzə göstərmələrini tələb etmədilər. Çünki həzrət Muhəmməd 23 illik peyğəmbərlik dövründə bir dənə də olsun möcüzə göstərmədi. Bu gün onun adına sadalanan və haqqında kitablar yazılan möcüzələr isə sadəcə müsəlmanların uydurmalarıdır. Və bu uydurmalara da səbəb olan onların sonraki dövrlərdə xristian və yəhudi din alimləri ilə dini mübahisələrə çıxmalarıdır. Axı bir yəhudi hahanı Musanın hətta Quranda qeyd olan doqquz möcüzəsindən xəbər verdikdə bizim müsəlman da ortaya nəsə qoymalı idi. Amma nə qoysun? Axı Həzrət Muhəmməd Quran ayələrinə əsasən möcüsə göstərmədi. Məsələn:
    { وَمَا مَنَعَنَآ أَن نُّرۡسِلَ بِٱلۡأٓيَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلۡأَوَّلُونَۚ وَءَاتَيۡنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبۡصِرَةٗ فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرۡسِلُ بِٱلۡأٓيَٰتِ إِلَّا تَخۡوِيفٗا }
    (İsra. 59)

    Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

    Deməli, möcüzə gəlsəydi də, iman gətirmək istəməyən gətirməyəcəkdi...

    Həzrət Muhəmmədin tək möcüzəsi 23 il təbliğ etdiyi Quran oldu. O Quran ki, 23 il möcüzələrdən bəhs etsə də, bir yerdə də "möcüzə" kəlməsindən istifadə etmədi. Bunun özü bir möcüzə deyilmi?

    Bir fizika aliminə çıxış üçün yarım saat vaxt verib cazibə barədə danışmaq imkanı verilsə, amma deyilsə ki, cazibə kəlməsindən istifadə etmə, bunu bacararmı? Amma Allah 23 il bacardı...

    Düşünənlər üçün ibrət var...

    Müsəlmanların göstərə biləcəkləri, amma göstərmədikləri ən ən böyük möcüzə Quranı yaşamaq ola bilərdi...