BLOQ

Ukraynada buraxılan "quşlar" ölkəni hara aparır?

Səkkiz il işğaldan əziyyət çəkən ölkə hələ də separatçılığın ümümbəşəri vəba olduğunu anlamır

Ukraynada buraxılan "quşlar" ölkəni hara aparır?
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Bu ilin aprelində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda milliyətçə ukraynalı olan Böyük Britaniyanın "Henri Cekson Cəmiyyəti"nin strateji münasibətlər üzrə meneceri Alyona Hlivko İlham Əliyevə Azərbaycanın uzunmüddətli işğala məruz qalmaq təcrübəsi olub və ərazilərinizi artıq azad etmisiniz. Bu gün Sizin Ukrayna üçün şəxsi məsləhətiniz nə ola bilər?” sualını vermişdi.

     

    Prezident xanıma cavabında bildirdi ki, ən birinci şərt separatçılıqla heç bir vaxt razılaşmamaqdır: “İlk növbədə, öz təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmayın”.

    Bu dialoq son günlər Ukrayna mediasında Azərbaycana xoş olmayan və qalmaqal səviyyəsinə çatan fikirlərin səslənməsinə görə aktuallaşdı.

    Belə ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov yerli televiziyaya müsahibəsində Rusiyanın xəyanətkarlığından bəhs edərək belə bir cümlə işlədir: “Ruslar Qarabağda ermənilərə xəyanət etdilər. Azərbaycan isə özünün hesab etdiyi əraziyə girdi”.

     Yəni yüksək rütbəli ukraynalı məmur, rəsmi şəxs, separatçılıqdan 30 il əziyyət çəkən Azərbaycanın ərazi bütövlüyünə istər-istəməz müəmma qatır. Aydındır ki, Danilovun əsas məqsədi Rusiyanı aşağılamaqdır. Lakin ərazisinin 22 %-ni itirən ölkənin rəsmisi ifadələrində daha diqqətli olmalııdır. Bu çıxış Azərbaycanda gözlənilən mənfi reaksiya doğurdu.

    Bir neçə gün sonra dövlət nəzarətində olan Ukraynanın "Freeдом" telekanalının aparıcısı canlı yayımda qonağa belə sual verir: "Laçını və bu kəndləri tutmalı olan rus qoşunları niyə birdən geri çəkildilər? Təbii ki, Azərbaycan qoşunları sakitcə bu mövqeləri tutdular və 92-ci ildən bəri onlara məxsus olmayan mövqeləri işğal etdilər". 

    Bu gəncin axmaq sualını ekspertlər onun savadsızlığı və qeyri-peşəkarlığı ilə izah edirlər. Qanmazı qandırmaq və Azərbaycanın Laçın rayonunun 30 il işğalda olmasını və ermənilər yaşayan Qarabağa ümumiyyətlə aidiyyyəti olmamasını izah etmək müşkül məsələdir.

    Lakin yenə də - ərazisi işğalda olan bir ölkədə, özünü vətənpərvər kanal kimi birüzə verən KİV-də belə sualın səslənməsi göstərir ki, Ukrayna cəmiyyəti işğalçılıq və separatçılığın ümumbəşəri vəba olduğunu hələ də dərk etməyib. Cəmiyyət hələ də anlamayıb ki, bütün ölkələrin ərazi bütövlüyü müqəddəs prinsipdir və fərqi yoxdur o, Ukraynada, ya Moldovada, ya Gürcüstanda, ya da Azərbaycanda pozulur. Ərazi bütövlüyü pozulan ölkə başqa məmləkətdə işğal və separatçılığı dəstəkləyə bilməz. Və buna qarşı ümumi cəbhədə amansız savaş aparmağa borcludur.

    Azərbaycanın Ukraynaya verdiyi maddi və mənəvi dəstəyi, yardımları və əhalinin dəstəyini qoyaq bir kənara. Ukrayna ictimaiyyəti anlamalıdır ki, işğalçılıq təkçə onların vətənində yox, bütün dünyada pislənilməli və heç bir ölkənin ərazi bütövlüyü şübhə altına alınmamalıdır. Və ancaq bu prinsipə sadiqlik ölkəni qələbəyə apara bilər.

    Xanım Alyona Hlivkoya cavabında İlham Əliyev işğalla heç vaxt, heç bir halda razılaşmamağı tövsiyə edir. Və bu ancaq öz ölkənə aid deyil. İşğalçılıq və separatizm bütün dünyada pislənməlidir. Budur qələbəyə aparan amil! Separatçılıqdan əziyyət çəkən Azərbaycan tək özünün yox, həm də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. 

    Azərbaycan, qardaş münasibətlərə baxmayaraq, Şimali Kipr Türk Cümhuriyətini rəsmi  tanımayıb, ancaq  humanitar əlaqələr qurub. 

    Türkiyə Serbiyadan ayrılan Kosovo Respublikasını tanıyanların ilk sırasında olsa da, Azərbaycan hələ də Priştinanı tanımır.

    Keçmiş Sovet məkanında olan separatçı Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi qurumları da rəsmi Bakı heç vaxt tanımayıb və tanımayacaq.

    Ukraynanın Krım məsələsində də Azərbaycan öz prinsiplərinə sadiq qalaraq, yarımadanın Rusiyanın işğal etdiyinin həmişə əleyhinə çıxış edib. Ona görə yox ki, Ukrayna ilə yaxın münasibətdədir (yeri gəlmişkən, Azərbaycanın Rusiya ilə də yaxşı münasibətləri var), ona görə ki, bu dövlətin prinsiplərinə uyğun deyil - ərazi bütövlüyü müqəddəs anlayışdır və sülhün, əmin-amanlığın rəhnidir, zəmanətidir.

    Kimsə irad tuta bilər ki, Azərbaycan Hindistan ərazisi olan və 15 mln müsəlman yaşayan Cammu və Kəşmir uğrunda Pakistanın mübarizəsini dəstəkləyir. Lakin unutmayaq ki, rəsmi Bakı uzun illər bu məsələyə Hindistanın ərazi bütövlüyü  prinsipindən yanaşıb. Lakin Hindistan hakimiyyətinin Ermənistanla birtərəfli və sıx əlaqələr qurması Azərbaycanı bu məsələdə siyəsətinə korrektələr etməyə məcbur edib. 

    Ukrayna cəmiyyəti ərazi bütövlüyü prinsipini mütləq qəbul edib, harda olmağından asılı olmayaraq separatizmi və işğalı pisləməlidir. Həm hakimiyyət, həm də hər bir vətəndaş, Azərbaycanda olduğu kimi! Ancaq onda Ukrayna öz ərazi bütövlüyünü müdafiə edib qələbə çala bilər.