Talış kəndinə köç FOTO
Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb
Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) 30 ildən sonra doğma yurdlarına doğru yola çıxıblar.
Onları Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti ilk mərhələdə Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər.